Əsas Səhifə > Sosial, Manşet > Penitensiar Xidmətə kimi rəhbər gətirirlər?

Penitensiar Xidmətə kimi rəhbər gətirirlər?


29-03-2016, 11:07
Penitensiar Xidmətə kimi rəhbər gətirirlər?
Təxminən 5 aydır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. İstiqlal.az-a daxil olan məlumata görə, sözügedən qurumun rəisi vəzifəsinə təyinatın yubanması iddialıların çoxluğu ilə bağlıdır.

Məlumatda bildirilir ki, hazırda bu posta 4 namizəd var: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov.

İddialara görə, İsmayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. Və onun bu vəzifəyə təyinatı da demək olar ki, gün məsələsi imiş. Daha doğrusu Nizami Qocayev polis rəisi vəzifəsindən azad edilən gün bu vəzifəyə təyin olunmalı imiş. Lakin bu barədə mediaya məlumat sızdırılması Nizami Qocayev barədə qərarın dəyişməsinə səbəb olub və o, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat alıb.

Məlumatda bildirilir ki, hazırda iddialılar arasında ciddi rəqabət var. Bu rəqabətin nəticəsidir ki, iddialıların hər biri barədə mediada neqativ faktlar dərc olunur. Bu isə onların hər birinin şansını minimuma endirir.

Mədət Quliyevin Penitensiar Xidmətdən getməsindən sonra həbsxanalarda ölüm hallarının artması, korrupsiya və rüşvətin tüğyan etməsi iddialılardan xüsusilə ikisinin - Hüseynağa Əlixanovla Nizaməddin Cəlilovun rəis olmaq şanslarını heçə endirib. Malik Ələkbərovun isə fəaliyyətilə bağlı araşdırma aparıldığı barədə iddialar var. Bildirilir ki, həbsxanalardakı ərzaq dükanları onun nəzarətindədir. Araşdırmalar da məhz bu dükanlarla bağlı aparılır.

Mirsaleh Seyidova gəlincə, onun həbsxana rəisi olduğu vaxtlarda qanunsuz əməlləri barədə mediada çoxsaylı faktlar dərc edilib. Məlumatda bildirilir ki, bu 4 şəxslə bağlı ciddi tərəddüdlər olsa da hələlik başqa namizəd yoxdur.

Geri qayıt