Əsas Səhifə > Sosial, Manşet, foto > "Ermənilər kəndimizi işğal ediblər, haqqım olanı istəyirəm"

"Ermənilər kəndimizi işğal ediblər, haqqım olanı istəyirəm"


7-04-2016, 08:58
"Ermənilər kəndimizi işğal ediblər, haqqım olanı istəyirəm"
«Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün 300 ailəlik, 10 bina tikilib. Lakin həmin mənzillərin heç biri haqqı olan şəxslərə verilməyib». Bunu JAM.AZ-a rayonun Xeyrimli kənd sakini, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Məmməd Yusibov deyib.

O bildirib ki, dünəndən etibarən Qaçqınkomun nümayəndəsi Elman müəllim Qazaxa gəlib. Gəlişinin məqsədi isə evlərin təqdim edilməsidir. «Amma məcburi köçkünlər üçün inşa edilmiş həmin evlərin hamısı satılıb. Hətta ev alanlar arasında elələri var ki, onun iki evi, ferması belə var. Bu satışı təşkil edən isə Qazax rayon icra başçısının birinci müavini, habelə Qaçqınkomun rayon üzrə nümayəndəsi Fərman Nağdəliyevdir».

Məmməd Yusibov qeyd edir ki, tikilmiş evlər üçün kim qabaqcadan pul veribsə, onlara mənzillərin açarları təqdim olunub. «Mən canımı qoymuşam, əliləm. Evim də yoxdur. Uçuq-sökük damda qalıram. Lakin pul vermədiyim üçün mənə mənzil vermədilər. Şikayət edəcəyimi bildirdim, cavabları bu oldu ki, kimə istəyirəmsə, şikayət edə bilərəm. Çünki kimsədən qorxuları yoxdur».

Qazax sakini düşdüyü durumdan dolayı dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib. O JAM.AZ vasitəsi ilə bildirib ki, ailəsi ilə birlikdə çətin şəraitdə yaşayır. «Evsiz-eşiksiz biriyəm. Məcburi köçkünəm. Ermənilər kəndimizi işğal ediblər. Haqqım olanı istəyirəm. Pulum olmadığı üçün vermirlər. Cənab Prezident, Sizdən xahiş edirəm ki, bizə yardım edin».

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt