Əsas Səhifə > Sosial, Manşet > Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir

Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir


6-05-2016, 08:56
Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir
Son günlər gənclər və idman naziri Azad Rəhimovun adı mətbuatın gündəminə tez-tez gəlməyə başlayıb. Xatırladaq ki, bir neçə gün öncə nazirin oğlu Arif Rəhimova məxsus olan “DDLAR Grop” şirkəti haqda sensasion faktlar yayımlanıb. Bildirilib ki, nazir oğlu “DDLAR GROUP” adlı özəl şirkətini 2011-ci ildə qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Bu məsələdə də ona “etimad göstərilməsinin” səbəbi ilk növbədə atasının gənclər və idman naziri postunu tutmasıdır. Məlumata görə, nazir oğlunun “DDLAR Group”u əslində 1999-cu ildən fəaliyyətə başlayan “İNŞAATÇI” tikinti firmasının varisidir.

Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir

Hazırda Bakının rayonlarında tikilən “Premium” və “De Lüks” sinifli komplekslər bu qrupun məhsuludur. Amma bir sual açıq qalır: həmin şirkəti yaratmamışdan əvvəl sadəcə iki il – 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyən Arif Rəhimov belə geniş biznes layihələri həyata keçirmək üçün ilkin maliyyəni haradan əldə edib?! “DDLAR Group” Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayını inşa edib. Amma bununla bağlı da kifayət qədər mübhəm suallar var. Qeyd edək ki, ölkə başçısı 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrası Gənclər və İdman Nazirliyinə həvalə edilib. Nazir Azad Rəhimov isə öz növbəsində bu işi oğlunun şirkətinin ixtiyarına buraxıb. Ancaq məlum deyil ki, bu zaman satınalmalar barədə qanunvericiliyin tələbləri nə qədər gözlənilib. Kifayət qədər ciddi rəqəmlərə başa gələn həmin obyektin inşası ilə bağlı tender elan edilibmi, tenderə hansı şirkətlər qoşulub? Bu suallar da öz cavabını gözləyir və yəqin ki, həmin cavablarla tanış olmaq bundan sonra da mümkün olmayacaq. Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Bu komplekslərlə bağlı müəmmalar isə lap dərindir. Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur. Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib. O da maraqlıdır ki, adətən özü və nazirliyi barədə tənqidlərə bir qayda olaraq, susqunluq nümayiş etdirən Azad Rəhimov 3 il öncə bu mövzuda KİV-in yazdıqlarına nəyə görəsə dərhal və kəskin reaksiya vermiş, hətta ANS telekanalını məhkəməyə vermək istəmişdi. Həmçinin “Crystal Hall”un ötən ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunları üçün hazırlığı və Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işləri də Gənclər və İdman Nazirliyi tərəfindən məhz Arif Rəhimovun “DDLAR Group”una sifariş edilib. Ümumiyyətlə, onun şirkətinin atasının rəhbərlik etdiyi nazirliyin tender müsabiqələrinin əsas qalibinə çevrilməsi birmənalıdır. Bu isə həmin tenderlərin ədalətliliyi və şəffaflığı ilə bağlı şübhələri kifayət qədər dərinləşdirir.

Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir

Qeyd edək ki, Azad Rəhimovla yanaşı, müavini, nazirliyin əsas fiqurlarından sayılan İsmayıl İsmayılovun da fəaliyyəti tənqid atəşinə tutulur. Mötəbər mənbələrdən gundelik-baku.com-a verilən məlumatlara görə, yuxarılar Gənclər və İdman Nazirliyində bəzi kadr islahatları həyata keçirməyi planlaşdırırlar. Deyilənə görə, yaxın vaxtlarda nazir müavini İsmayıl İsmayılov tutduğu görəvdən alına bilər. Onun yerinə təyin edilmə ehtimalı yüksək olan şəxsin kimliyi də bəllidir. Bu, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun kürəkəni, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadədir. Məlumata əsasən, 1979-cu il təvəllüdlü Cuma Əhmədzadənin nazir müavini postuna namizədliyi artıq yuxaprılara təklif olunub və müsbət cavab alınıb. Məlumat üçün deyək ki, hazırda Qax rayonunda olan "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” " Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponsionatı və "Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadənindir. O, Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə ailədir. Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub. Daha sonra o, Cuma Əhmədzadə ilə evlənib. 2007-ci ilin aprelindən adı çəkilən şirkətin direktoru vəzifəsni Cuma Əhmədzadə həyata keçirir, Günel xanım isə hazırda ərinin rəhbərlik etdiyi “Gyunel Limited” şirkətinin katibidir. Aldığımız məlumata görə, yaxın günlərdə Cuma Əhmədzadənin nazir müavini təyin olunması barədə sərəncam verilə bilər.

Geri qayıt