Əsas Səhifə > Sosial, Manşet > Yevlaxda xəstələnmək təhlükəlidir...

Yevlaxda xəstələnmək təhlükəlidir...


13-05-2016, 08:48
Yevlaxda xəstələnmək təhlükəlidir...
Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İlham Quliyevin törətdiyi qanunsuz işlər barədə gundelik-baku.com-un redaksiyasına maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, adıçəkilən baş həkimin rəhbərlik etdiyi rayonun səhiyyə sistemi hazırda özünün ən ağır günlərini yaşamaqdadır: «Yevlax rayonunda səhiyyənin hansı vəziyyətdə olduğunu camaat yaxşı bilir. Ölkənin bir zamanlar ən çox pul ayrılan rayonunda səhiyyənin bu vəziyyətə düşməsinin səbəbi baş həkim İlhami Quliyevin daha çox pul qazanmaq həvəsindən irəli gəlib. Baş həkim dərman və sarğı ləvazimatlarının alınması adı altında büdcədən ayrılmış 500 min manata yaxın pulu ayrı-ayrı şəxslərlə bölüşdürüb. Belə ki, onun həmin pula dərman almadığı elə özü tərəfindən etiraf olunub. Xəstəxana rəhbərinin iddiasına görə, xəstəxanaya ayrılmış pulun bir qismi Yevlaxın icra başçısı Qoca Səmədova çatıb. Bir qismi isə Səhiyyə Nazirliyindən gəlmiş komissiyanın üzvlərinə verilib. Yerdə qalan məbləği isə baş həkim özünə götürüb. Buna görə də Yevlax Mərkəzi Xəstəxanasında nə sarğı tapmaq olar, nə də həkimlər pulsuz dərman verilməsi işini təmin edir. Hər şeyi xəstənin yaxınlarına aldırırlar. Maraqlı bir məqam xəstəxanada «görülən» təmir işləri ilə bağlıdır. Belə ki, bir neçə ay öncə «Osmanoğlu» MMC tərəfindən cari təmir işlərinin satın alınması prosesinə 19800 manat ayrılıb. Ardından əsaslı təmir işlərinin satın alınmasına da 73 min manat ayrılıb ki, onu da eyni şirkət reallaşdırıb. Halbuki, bu xəstəxana 2013-cü ildə əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Əlavə təmirə nə ehtiyac var idi?». Araşdırmalar nəticəsində məlum olur ki, baş həkim inventarların alınması zamanı da maliyyə pozuntularına yol verib: «Belə ki, o yumuşaq inventarların satın alınması üçün nəzərdə tutulan 42 min manatı başqa səmtə yönləndirib. Ardından avadanlıqların satın alınmasına 72100 manat ayrılıb ki, bunun da nədən ibarət olduğunu bilən yoxdur. Eyni vaxtda inventarların satın alınması isə 74600 manata başa gəlib. İlhami Quliyevin əsas qazanc yerlərindən biri də dəftərxana ləvazimatları və ərzaq məhsullarının alınması ilə bağlıdır. «Planet 2013» MMC tərəfindən dəftərxana ləvazimatları və təsərrüfat materiallarının satın alınmasına 39850 manat sərf olunub ki, bunun da yalan olduğu şübhəsizdir. Ərzaq mallarının alınması üçün isə «Avalon-12» MMC-yə 94205 manat ayrılıb. Hərçənd Yevlax Mərkəzi Xəstəxanasında yatan xəstəyə yemək verildiyini nə bilən var, nə də görən. Yeyinti hallarından biri də digər maşın və avadanlıqların satın alınması üçün sərf olunmuş 46400 manatdan ibarətdir. Avtomobil ehtiyat hissələrinin satın alınması üçün isə 10240 manat sərf olunub. Eyni zamanda da, xəstəxanada “ölü canlar” təcrübəsi kütləvi şəkildə tətbiq olunur. Yəni burada saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılır». Növbəti yazımızda baş həkimin TSEK sədri ilə birlikdə həyata keçirdiyi saxtakarlıqlar, icra başçısına çatan aylıq və səhiyyə naziri Oqtay Şirəliyevin adından istifadə etməklə həyata keçirilən özbaşınalıqlar haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin.

Geri qayıt