Əsas Səhifə > Sosial, Manşet > Buranın məhsulları sağlamlığımızı təhdid edir

Buranın məhsulları sağlamlığımızı təhdid edir


4-06-2016, 09:02
Buranın məhsulları sağlamlığımızı təhdid edir
2010-cu ildə fəaliyyətə başlayan «Astaraçay» MMC kənd təsərrüfatının müxtəlif sahələri, ən əsası isə çayçılıqla məşğul olur. Tələt Məmmədovun direktoru olduğu MMC-nin ümumi əkin sahəsinin 640 hektar olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada bildirilir ki, hazırda təsərrüfatda 400 hektara yaxın çay plantasiyası mövcuddur. Beləliklə, «Astaraçay» tərəfindən ötən il 177 ton yaşıl çay yarpağı yığılıb emal edildiyini deyən mənbə qeyd edir ki, MMC əsasən çayçılıq üzrə ixtisaslaşsa da, çəltikçiliklə də məşğul olur: «Lakin deyilənlərə görə, müəssisənin istehsal etdiyi məhsulların keyfiyyəti arzuolunan səviyyədə deyil. Bildiyiniz kimi, orqanizmin tələb etdiyi vitamin və maddələrin bir qismi çəltikdən – düyüdən alınır. Ancaq keyfiyyətsiz və tərkibi zərərli maddələrlə «zəngin» düyülər orqanizmdə çox ciddi problemlərin yaranmasına, səhhətimizin pisləşməsinə səbəb olur. Mütəxəssislər də qeyd edirlər ki, ölkənin əmtəə bazarının düyü seqmentində ciddi problemlər var və «pəhriz düyüsü» adı ilə əhaliyə satılan düyülərin əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir». Məlumatlı şəxs bütün bunlara misal olaraq Bakı şəhəri Ş.Abdullayev, ev 9 ünvanında yaşayan Səltənət Zülfüqarovanın bu günlərdə üzləşdiyi olayı qeyd edib. Belə ki, Səltənət Zülfüqarova Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən marketlərdən birindən aldığı 7 manat 79 qəpiklik Astara pəhriz düyüsündən (900 qramlıq pəhriz düyüsü) istifadə zamanı düyünün suya qara rəng verməsinin şahidi olub: «Düyünü içində su olan qazana atanda suyun rəngi dəyişdi. Buna görə də onu bişirmədim. Çünki suyun qara rəngə boyanmasından ehtiyat etdim». Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, zəng edib müəssisənin rəhbərliyi ilə bu barədə söhbət edib: «Onların dediklərinə görə, bu düyü arteriyaları gücləndirir və xərçəngə tutulma riskini azaldır. Qara düyünün tərkibində olan fosfor, maqnezium, marqanes, sink, zülal, amin turşuları B vitamini insan orqanizmində enerji balansını qoruyur, saçların tökülməsini, qan azlığının qarşısını alır. İstehsalçı Astaraçay Məhdud Məsuliyyətli Cəmiyyətidir. Astara rayonu, Kakalos kəndi. Saxlama müddəti istehsal tarixindən etibarən 18 aydır. Rəhbərliyə dedim, indiki məhsulunuz bu qədər xəstəlikləri «müalicə edir», niyə Nobel mükafatı almırsınız?». Mənbənin sözlərinə görə, məhsulun üzərində onun Astara və Lənkəran rayonlarında yetişdirildiyi, 100 faiz təbii qara düyü olduğu qeyd edilsə də, qara düyüyə tünd rəng verən antioksidantlar zərərli maddələri udur: «Deyilənlərə görə, Tələt Məmmədovun direktoru olduğu MMC-də istehsal olunan çay və düyülər tərkibinə görə beynəlxalq standartlara cavab vermir. Belə ki, həmin məhsulların tərkibi orqanizm üçün təhlükəlidir. Məhz buna görə də vətəndaşların əksəriyyəti adıçəkilən şirkətin istehsal etdiyi çay və düyünün keyfiyyətsiz, dadsız olmasından şikayətlənirlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt