Əsas Səhifə > Sosial, Manşet > Muxtar Babayevin zavodunda işçilərin haqqı yeyilir
Muxtar Babayevin zavodunda işçilərin haqqı yeyilir9-06-2016, 08:39 |
«Azərkimya İstehsalat Birliyinin strukturuna daxil olan zavod və müəssisələrdə işçilərin əmək hüququ kobud surətdə pozulur. Bu barədə gundelik-baku.com-a burda çalışan işçilər məlumat verib. İlk növbədə texniki təhlükəsizlik qaydalarına məhəl qoyulmur. İşçilərin müvafiq kaska və xüsusi forma ilə təminatında boşluqlar var. İş başında olan fəhlələrin movcud qaydalara müvafiq şəkildə məlumatlandırılması, təlim kurslarına cəlb edilməsi isə demək olar ki, tam formal xarakter daşıyır. Qurumun strukturuna daxil olan bəzi zavodların fəhlə və qulluqçularını əmək müqavilələrində əksini tapmış istirahət günlərində də iş başında görmək mümkündür. Baxmayaraq ki, İstehsalat Birliyinin rəhbərliyi tərəfindən buna görə əslində işçiyə əlavə ödəniş hesablanmalıdır, bu məsələnin birmənalı şəkildə unudulduğunu güman etmək olar. Yeri gəlmişkən, bizə çatan məlumatda zavodda çalışan işçilərin heç də hamısı ilə əmək müqaviləsinin bağlanmadığı bildirilir. Əmək müqavilələrinin vahid elektron bazasına adları düşməyən işçilərin hansı əsaslarla bu müəssisələrdə fəaliyyət göstərdiyi də qaranlıqdır. Birliyin zavodlarında əməkhaqqı sistematik şəkildə gecikdirilir. Bununla bağlı edilən şikayətlər isə əksər hallarda ixtisarlarla nəticələnə bilər. 13-cü əməkhaqqını isə fəhlə və mühəndislər yalnız arzu edə bilərlər. Bəzi məlumatlara görə, bir çox fəhlələr yerinə yetirdikləri işin xüsusiyyətindən irəli gələn əmək öhdəliklərini yerinə yetirmək üçün yayın cırcıramasında uzun müddət açıq havada işləməli olurlar. Bu zaman ortaya çıxan günvurma, ilan və əqrəb sancmaları kimi təhlükələrlə üz-üzə qalararq həyatını risq altında qoymaq məcburiyyətindədirlər. Təəssüf ki, işçilərin mümkün təhlükələrdən qorunması üçün müasir tibbi vasitələrdən istifadə mümükünsüz görünür. Göründüyü kimi, sadaladığımız problemlərin həlli çətinlik baxımından heç də böyük əziyyət tələb etmir. Bunun üçün sadəcə rəhbərin qətiyyəti və gecə-gündüz iş başında olan adi zəhmət adamına qarşı qayğı göstərmək əsas şərtdir. Lakin həllini gözləyən əyər-əskikliklərin illərlə acı bağırsaq kimi uzanması "Azərkimya" İstehsalat Birliyinin fəaliyyətinin normal məcraya salınması kimi ciddi tədbirlərin görülməsində deputat-rəhbər Muxtar Babayevin o qədər də maraqlı olmadığı qənaətini ortaya qoyur. SOCAR-ın tərkibində fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin bəzi müəssələrində qurumun işgüzar imicinə zərbə vuran ciddi problemlər yetərincədir. Qeyd edək ki, Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla ARDNŞ-nin tərkibində "Azərkimya" İstehsalat Birliyi təsis olunub. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. "Azərikimiya" İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. Həmin məhsullar isə 30-dan artıq ölkəyə ixrac olunur. Altı minə yaxın işçinin çalışdığı "Azərkimya" İstehsalat Birliyinə bu qurumun Müşahidə Şurasının sədri Muxtar Babayev rəhbərlik edir. Qarşı tərəfi də dinləyə bilərik. Geri qayıt |