Əsas Səhifə > Sosial, Manşet > Heydər Babayev ortalarda niyə görünmür?

Heydər Babayev ortalarda niyə görünmür?


23-06-2016, 09:19
Heydər Babayev ortalarda niyə görünmür?
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin sorağı gəlmir. Uzun illər mediadan uzaq gəzən, demək olar ki, qapalı həyat sürən sabiq nazirin siyasi arenaya qayıdış şanslarının nə qədər real göründüyünü söyləmək əlbəttə, çətin olsa da, son zamanlar oliqarxın öz biznes strukturlarının fəaliyyəti arasında müəyyən məsafə saxlaması, bu şirkətlərin idarəçiliyinə yaxın çevrəsindən olan yeni simaların cəlb edilməsi, özünün isə kölgədə qalması onu göstərir ki, bütün bunlar gələcək üçün hazırlanmış planların tərkib hissəsi olaraq Heydər Babayevin hakimiyyətin gözündə belə deyək, reablitasiyasının təmin edilməsinə hesablanıb. Təşəbbüskar, bəlkə də onun özüdür. Bununla belə, sabiq nazirə məxsus şirkətlərin fəaliyyətində yaranmış bir sıra problemlərin də görüntü xarakteri daşıya biləcəyi ehtimalı da az deyil. Mövzu ilə bağlı Gundelik-Baku.com-un əldə etdiyi bilgilərdə deyilir ki, söhbət Heydər Babayevə məxsus olduğu iddia edilən «Standard Lizinq» MMC, Bakı Biskvit fabriki, «Crown Plaza» oteli, «ABU petrol» şəbəkələri kimi tanınmış biznes strukturlarında yaranmış maliyyə problemlərindən gedir. Bəzi hallarda öz əməkdaşlarına əməkhaqqı verməkdə belə, çətinlik çəkən bu qurumların üzləşdiyi problemlər Heydər Babayevin sevimli «flaqmanı» «Bank Standard»da hökm sürən mövcud situasiya ilə əlaqələndirilir. Əlbəttə, manatın ardıcıl devalvasiyalarından bəri hələ də özünə gələ bilməyən bankın Mərkəzi Bankın prezidenti Elman Rüstəmovun dəstəyinə böyük ehtiyacı vardı. Bu dəstək kifayət qədər olmasa da, bankın normal fəaliyyətinin bərpasında heç də az rol oynamayıb. Məlumata görə, Heydər Babayev yüksək qiymətləndirdiyi bu dəstəyin müqabilində Elman Rüstəmov qarşısında bəzi öhdəliklər də götürüb. Bu öhdəliklərin nədən ibarət olduğunu söyləmək çətindir. Lakin son bir-iki ayda medianın gündəmində yer alan Heydər Babayevin aktivləşməsi ehtimalı var. Bu isə onu deməyə əsas verir ki, sözügedən öhdəliklərin maliyyə tərəfindən əlavə, həm də siyasi tərəfi olmamış deyil. Müəyyən təhlillər aparılsa, Heydər Babayevin siyasi həyata qayıdışına işarə verən bəzi elementlər nəzərə çarpır. Əslində, bu «qayıdışın» məğzində bizcə heç bir xislət də yatmır. Lakin sabiq nazirin vəzifədən kənarlaşdırıldıqdan sonra yaşadığı ciddi stresslər və dost itkiləri onun revanşa meylinin artmasına işləyib. Necə olmasa, oliqarxın bu dəfə Azərbaycan siyasi mühitində başqa bir performansda imic toplamaq şansları vaxtilə üzvü olduğu komandanın yanaşmasınadan çox asılı olacaq. Heydər Babayevin reablitasiya şanslarını çətinləşdirən məqamlar isə heç də az deyil. Yadınızdadırsa, bir müddət öncə bəzi müxalifət nümayəndələrinin hakimiyyət komandasının sabiq üzvləri olmuş oliqarxlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Onların arasında Heydər Babayevin də adı hallanırdı. Bu məsələyə münasibət bildirməkdən imtina edən Heydər Babayev, söhbəti özünə sərfəli notlarla bağlamışdı. Göründüyü kimi, belə yanaşmanın da özündə müəyyən anlaşılmazlıqlar yatır. Maraqlıdır ki, eks-nazir uzun müddət Qərbin ölkəmizdə işləyən gizli şəbəkəsinin dayaqlarından biri kimi qəbul edilib. Vəzifədən uzaqlaşdırılmasına baxmayaraq, kifayət qədər geniş və böyük biznes imperiyasının əsas rıçaqlarını qoruyub saxlamağa müvəffəq olmuş Heydər Babayevin ölkəmizdəki Qərb müşahidəçiləri və elə müxalifətin özü üçün də cəlbedici görünməsində qeyri-adi heç nə ola bilməz. Buna baxmayaraq, sözügedən məsələnin araşdırılmasına ehtiyac var. Kim bilir, bəlkə Heydər Babayev bu gün öz maliyyə ehtiyaclarını hər vasitə ilə kompensasiya etmək üçün qeybə çəkilib?.. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt