Əsas Səhifə > Sosial, Manşet > Rektorun oğlu baş idarəyə necə yol tapa bildi?

Rektorun oğlu baş idarəyə necə yol tapa bildi?


24-06-2016, 11:26
Rektorun oğlu baş idarəyə necə yol tapa bildi?
Azərbaycan Texniki Universitetində (AzTU) baş verənlər artıq əndazə tanımır. Vəziyyət o həddə çatıb ki, tələbələr nə edəcəklərini belə bilmirlər. Onlar hal hazırda dekanların təlimatına uyğun olaraq pul yığaraq, verməklə məşğuldurlar. Rektor Havar Məmmədovu isə semestrin axırı ona veriləcək hesabat maraqlandırır. Çünki həmin hesabatdan sonra hər bir dekanın ayrıca «hədiyyə»ləri də olacaq.
JAM.AZ xəbər verir ki, AzTU-nun rektorunun MTN-lə sıx əlaqəli olması hələ xeyli əvvəldən məlum idi. Onun Akif Çovdarovla yollarının kəsişdiyi və bunun Havar Məmmədova 3 milyon dollara başa gəldiyi də bəlli məsələlərdəndir. Amma Çovdarovla Məmmədov arasındakı münasibətlər sonradan tərəflərin bir birlərinə yardımçı olmalarına da yol açıb.
Belə ki, Havar Məmmədovun oğlu hazırda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində məsul vəzifələrdən birini tutur. Onun belə bir yerdə işləməsinin təmin olunmasına isə birbaşa Akif Çovdarovun yardımçı olduğu deyilir. JAM.AZ-a çatan məlumatlara görə, oğul Məmmədov bir müddət əvvəl keçmiş MTN generalının kimlərəsə xahişiylə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində işə düzəlir. Ardından isə onun yüksəldilməsi üçün bütün addımlar atılır. Amma MTN olaylarının partlaması nəticəsində plan yarımçıq qalır. Və Havar Məmmədovun oğlu hazırkı rəis Rəfael İbrahimovun yerinə keçə bilmir.
Qeyd edək ki, rektorun oğlu hospitalda uzunmüddətdir işləməməsinə baxmayaraq, onun adı artıq bir dəfə qalmaqala qarışıb. Həmin qalmaqalın dərman pereparatları ilə bağlı olduğuna dair ilkin məlumatlar var və hazırda məsələni araşdırmaqla məşğuluq. Yaxın günlərdə bununla bağlı geniş məlumat verəcəyik.
JAM.AZ xəbər verir ki, bu ərəfədə Havar Məmmədovun daha bir «çörək zavodu» öz işlərini «uğurla» həyata keçirir. Belə ki, AzTU-nun rektoru Bakı Texniki Kollecinə də nəzarəti əlinə alıb. Məlumatlarda vurğulanır ki, Fərrux adlı şəxsi ora direktor təyin etdirən rektor, görüdüyü hər işə görə nəzarəti üzərinə götürüb. Hətta iş o yerə çatıb ki, AzTU-da əyləşib, Kollecdəki işlərə müdaxilə edir, qiymət müəyyənləşdirir, təlimat verir.
Əldə etdiyimiz məlumata görə, hal hazırda Bakı Texniki Kollecində (bunu tələbələr Havar Məmmədovun çörək zavodu kimi təqdim edirlər-red.) tələbələrdən imtahanlar üçün 300-400 manat tələb olunur. Onlar həmin pulu verməyəcəkləri təqdirdə kursdan kursa keçə bilməyəcəkləri barədə xəbərdar olunublar. JAM.AZ-a danışan mənbələrin bildirdiyinə görə, kollecin direktoru Fərrux müəllim açıq şəkildə tələbələrin qarşısında etiraf edib ki, bu yığımın səbəbkarı və ideya müəllifi o deyil, AzTU-nun rektorudur. Belə ki, Havar Məmmədovun qəti göstərişinə əsasən hər bir tələbə dekanın ondan tələb etdiyi məbləği gətirməlidir. Əks təqdirdə, imtahandan keçə bilməməklə bərabər, kollecdən qovula da bilər.
Bu əsnada, AzTU-nun rektoru Havar Məmmədov dekanlarına da bəzi təlimatlar verib. Həmin təlimatlara əsasən tələbələrdən pulu müəllimlər və ya dekanlar deyil, elə qruplar üzrə seçilmiş tələbələr yığmalıdırlar. Bunu etməkdə məqsəd isə alınan pullar üzrə hər hansı bir ittiham irəli sürülərsə, dekan və müəllimlər məsuliyyəti üzərlərindən ata bilsinlər.
Həmçinin belə bir təlimat da verilib ki, yığılan pullar dekanlar tərəfindən universitetin daxilində götürülməməlidir. Bunun üçün pul yığan tələbəylə kənarda görüşmək tələbi qoyulub. Burada da başlıca məqsəd AzTU rektorunun özünü qorumasıdır. Yəni, həmin dekan hətta yaxalansa belə, rektor bunun özünə aidiyyatı olmadığını deyə biləcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.

P.S. Yaxın günlərdə AzTU-nun rektorunun hansı şəkildə bu yerlərə gəlib çıxdığı, kimin dəstəyinə arxalandığı, habelə oğlunun Ədliyyə Nazirliyini Hospitalında hansı skandala qarışdığı barədə geniş məlumat verəcəyik.

Geri qayıt