Əsas Səhifə > Sosial, Manşet > Naxçıvan MR-in tikinti nazirinin fermasında qulaq kəsdilər
Naxçıvan MR-in tikinti nazirinin fermasında qulaq kəsdilər6-07-2016, 09:23 |
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının (MR) nazirlərindən birinə məxsus olan müəssisədə cinayət faktı qeydə alınıb. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, müəssisənin işçiləri arasında baş verən mübahisə qanlı faciə ilə nəticələnib. Qeyd edək ki, bu hadisədən xəbərdar olan sözügedən nazir tərəfindən dərhal cinayət faktının gizlədilməsi haqda göstəriş verilib. Odur ki, hazırda müəssisənin rəhbərliyi zərərçəkəni və yaxınlarını pul gücünə susdurmağa cəhd edirlər. Mənbə deyir ki, bu fakt zərərçəkənin bəzi yaxınları və iş yoldaşları arasında ciddi narazılıq yaratsa da, kimsə nazirə məxsus müəssisədə baş verən cinayət işinin ört-basdır edilməsinə qarşı çıxa bilmir. Ötən həftə məlumat verdiyimiz kimi, Hurriyyet.org saytının əməkdaşı Naxçıvanda baş verən bu cinayət faktının araşdırılması məqsədilə Muxtar Respublikaya ezam olunub. Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olub ki, bu hadisə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədovun fermasında baş verib. Bildirilir ki, nazirin Ermənistanla sərhəddə yerləşən fermasında çalışan ferma müdiri ilə çobanlar arasında dava düşüb. Bu zaman ferma müdiri çobanlardan birinin qulağını kəsib. Həmin fakt qısa müddət ərzində nazir Asəf Məmmədova çatdırılıb və o, dərhal bu olayın gizlədilməsi üçün müvafiq göstərişlər verib. Bu haqda Hurriyyet.org-un əməkdaşına açıqlama verən etibarlı mənbənin sözlərinə görə, Asəf Məmmədovun fermasında baş verən bu cinayət faktını gizlətməyə çalışması heç də təsadüfi deyil. Birincisi, nazir onun adı ilə bağlı olan bu biabırçılığı ört-basdır etməklə ölkədə rüsvay olmamağa çalışır. İkincisi isə, o, bu xəbərin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova çatacağından ehtiyat edir. Çünki bu halda öz postunu itirəcəyini çox yaxşı bilir. Mənbənin sözlərinə görə, onsuz da son vaxtlar Naxçıvanda tikinti naziri haqda bir çox xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, rəsmi dairələrdə nazir Asəf Məmmədovun Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərovla yaxın dost olduğu bildirilir. Mənbənin sözlərinə görə, bu dostluq hər iki məmurun Azərbaycan MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun komandasının üzvü olması ilə bağlı olub. Hansı ki, E.Mahmudov vəzifədə olduğu müddətdə istər Vəli Ələsgərov, istər də Asəf Məmmədov hər yerdə MTN “şefi”nin adamı olmaları ilə fəxr ediblər və zaman-zaman bu informasiyanı məqsədli şəkildə gündəmə ötürməklə, öz rəqiblərini basqı altında saxlamağa çalışıblar. Mənbə deyir ki, Eldar Mahmudov vəzifədən azad ediləndən, Vəli Ələsgərov isə çoxsaylı cinayət əməllərinə görə həbsə atıldıqdan sonra Asəf Məmmədov “tikan üstündə” gəzir. Deyilənə görə, o, öz yaxın adamlarına da etiraf edib ki, həbs olunmamasının qarşılığında öz vəzifəsindən dərhal istefa verməyə hazırdır. Çünki A.Məmmədov hazırda həbsdə olan V.Ələsgərovla qaranlıq əlaqələrinin MR rəhbərliyində çoxlarına bəlli olduğunu yaxşı bilir. Bütün bunlardan sonra nazirin qulaqkəsən müdirinin cinayət əməlini gizlətməsi tam anlaşılandır. Çünki bu fakt yayılarsa, onun tükdən asılı olan vəzifəsindən aşırılacağı şübhəsizdir. Bu baxımdan, Asəf Məmmədov son günlər öz “səxavət kisəsi”nin ağzını açaraq, bu məlumatdan agah olan hər kəsi pul gücünə susdurmağa çalışır. Ən dəhşətlisi isə odur ki, boğazadək bataqlığın “içində” olan nazir A.Məmmədov özünü sudan quru çıxarmaq üçün dövlətimizin maraqlarını belə, təhlükəyə atmaqdan çəkinməyib. Belə ki, mənbənin dediyinə görə, Asəf Məmmədov fermasında dalaşanlardan birinin digərinin qulağını kəsdiyi haqda xəbəri eşidər-eşitməz bu hadisəyə siyasi don geyindirməyə çalışıb. O, fermada çalışan və hadisədən xəbərdar olan bütün şəxslərə tapşırıb ki, soruşan olarsa, hər kəs çobanın qulağının ermənilər tərəfindən kəsildiyini desin. O cümlədən qulağı kəsilən çobana da rəsmi şəxslərə qulağının sərhədə yaxın ərazidə erməni hərbçiləri tərəfindən kəsildiyi haqda məlumat verməsini tapşırıb. Bundan sonra isə nazir öz adamlarına göstəriş verib ki, Naxçıvan MR Müdafiə Nazirliyinə zəng açaraq, “ermənilərin nazirin fermasında çalışan çobanın qulağını kəsdiyi” haqda məlumat versinlər. Hansı ki, A.Məmmədov bununla, səbəbsiz yerə sərhəddə atışma yaratmaqla, bütün diqqətləri öz üzərindən yayındırmağa cəhd edib. Lakin görünür, Müdafiə Nazirlyinin rəhbərliyi üçün bu “operativ informasiya” inandırıcı olmadığından, sözügedən məlumata o qədər də ciddi əhəmiyyət verilməyib... Yeri gəlmişkən, hazırda Naxçıvan tikinti nazirinin MR-də hörmətdən düşməsinin başqa bir səbəbi də var. Belə ki, Eldar Mahmudovun adamı olan Asəf Məmmədovun keçmiş MTN “şefi” vəzifədən alındıqdan sonra, onun atası Əhməd Mahmudovun Naxçıvandakı heykəlinin sökülməsinə başçılıq etməsi çoxları tərəfindən kinayə ilə qarşılanıb. Ən azı ona görə ki, vaxtilə E.Mahmudovun qarşısında ikiqat əyilən A.Məmmədovun, vəzifədən getdikdən sonra nümayişkəranə şəkildə keçmiş MTN rəhbərinin atasının heykəlini sökməsi və bu zaman mətbuata “poz” verməsi heç də etik olmayıb. Ancaq görünür, A.Məmmədov “siyasətdə dostluqlar əbədi olmur” prinsipi ilə hərəkət edərək, bu söküntü ilə öz vəzifəsini qorumağa çalışıb. Təbii ki, Muxtar Respublika rəhbərliyində də çoxları onun bu niyyətini yaxşı anlayır. Odur ki, son vaxtlar MR-də hər kəsin A.Məmmədova güvənilməz bir məmur kimi baxması heç də təsadüfi deyil... Geri qayıt |