Əsas Səhifə > Sosial, Manşet > Qulam Ələkbərov nazirlə münasibətlərini niyə soyudub?
Qulam Ələkbərov nazirlə münasibətlərini niyə soyudub?15-07-2016, 09:49 |
Nəqliyyat naziri Ziya Məmmədovun «vurulması» an məsələsidir. Səlahiyyətlərinin demək olar ki, böyük hissəsini itirən nazir barəsində bu tip xəbərlər yayıldıqca narahat olmağa başlayır. Onunla yanaşı, ətrafındakı bəzi iş adamları üçün də gərgin dönəm başlayıb. Mətbuatdan məlum olduğu kimi, nazirin ən yaxın adamlarından biri də Qulam Ələkbərovdur. Gundelik-baku.com-un araşdırmaları zamanı bəlli olub ki, nəqliyyat nazirinin «sağ əli» sayılan şəxs özünə şəbəkə quraraq bir sıra qeyri-qanuni işlərə qol qoyub. Onun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta adam oğurluğu, şantajda belə hallanıb: «Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderləri bölüşdürmək səlahiyyətlərinə malikdir. Onun erməni əsilli iş adamı ilə ortaq olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır. Deyilənə görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Qulam Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Onun biznes-partnyoru “Omeqa İnvestkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir». Qeyd edək ki, sözügedən iş adamı Azərbaycanda “AQ İnşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib. Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib. Araşdırmalar göstərir ki, Nəqliyyat Nazirliyinin indiyədək elan etdiyi tenderlərdə qalib olan şirkətlərdən biri də “Sanur Holding”dir. Məlumata görə, «Sanur Holding”in sahiblərindən biri də Qulam Ələkbərovdur. Yəni iş adamı əlindəki bütün imkanlardan istifadə etməklə dövlət büdcəsinin vəsaitlərini göyə sovurmağa müvəffəq olub. Təbii ki, bu işdə ona nazirin böyük köməkliyi keçib. Əldə etdiyimiz məlumatlarda həmçinin vurğulanır ki, Qulam Ələkbərov Azərbaycan vətəndaşı olması ilə yanaşı həmçinin gizli şəkildə Ukrayna vətəndaşlığını da qəbul edib. Qeyd edək ki, Azərbaycan qanunvericiliynə görə ikili vətəndaşlıq qadağan olunub. İş adamı isə 2012-ci ildə Ukrayna vətəndaşlığı almasını Azərbaycanın hakimiyyət dairələrindən gizlədib. Bundan başqa onun adı Ukraynada tanınmış azərbaycanlı iş adamı İqbal Məmmədovun qətlində hallandırılıb. O da vurğulanır ki, biznesmen Ziya Məmmədovun adamı olması ilə yanaşı MTN-dəki cinayətkar ünsürlərlə də yaxın münasibəti olub. Xüsusilə, onun həbs olunan MTN generalı Akif Çovdarovla və “Akula” ləqəbli iş adamı, “MTN işi”ndən sonra Azərbaycandan qaçmağa müvəffəq olan Akif Mustafayevlə dostluq əlaqələrinin olduğu bildirilir. Digər iddialara görə Goranboy rayonundan olan Qulam Ələkbərovun keçmiş briqada komandiri Rasim Əkbərovla isti münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə qarşı çıxandan sonra həbs olunarkən Qulam Ələkbərov da bu iş üzrə istintaqa cəlb olunub. Lakin o, məsuliyyətə cəlb edilməyib. Özəl mənbələr vurğulayır ki, adıçəkilən iş adamı Ziya Məmmədovun «vurulmasından» ehtiyatlandığı üçün son vaxtlar onunla münasibətlərini soyudub. Amma iş adamı bilməlidir ki, əgər nazir törətdiyi qanunsuzluqlara görə məsuliyyətə cəlb ediləcəksə, o zaman onun da həbs məsələsi gündəmə gələ bilər. Növbəti yazıda Qulam Ələkbərovun qardaşı Misir Ələkbərovun adının hansı olaylara qarışması və iş adamının qolundan nəyə görə güllə ilə vurulması məsələsinə aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin. Geri qayıt |