Əsas Səhifə > Sosial, Manşet > Referendumdan sonra kimlərin "papka"sı qoltuğuna veriləcək?

Referendumdan sonra kimlərin "papka"sı qoltuğuna veriləcək?


3-08-2016, 09:06
Referendumdan sonra kimlərin "papka"sı qoltuğuna veriləcək?
Sentyabrın 26-na təyin olunmuş Referendumdan dərhal sonra ölkədə çox ciddi kadr islahatlarına start veriləcəyi gözlənilir. Xüsusən də regionlarda dövlət qulluğu məsələlərinin ciddi nəzarətə götürüləcəyi bildirilir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə yerli icra strukturlarında çalışan qulluqçuların dosyesinə yenidən baxılacağı barədə məlumatlar az deyil. Dövlət başçısını bu addımı atmağa sövq edən cəhətlər isə yetərincədir. Belə ki, dövlət qulluğunda çalışan bır sıra diplomlu şəxslərin vəzifəsi ilə bağlı demək olar ki, heç bir təsəvvürə malik olmaması narahatlıq doğurur. Digər tərəfdən, bir sıra hallarda yerli icra nümayəndəliklərinin rəhbərlərinin savadsız olduğu heç kəsə sirr deyil. Bütün bu çatışmazlıqların qarşısının alınması məqsədilə bölgələrdə aşağı ranqlı məmurlar üçün xüsusi tələblər siyahısının işlənib hazırlanacağı bildirilir. Bu tələblər sırasında ali təhsil barədə diplomdan əlavə, məmurun ünsiyyət bacarığı, danışıq mədəniyyəti, yazı savadı və kompüter bilikləri testdən keçiriləcək. Yüksək nəticə əldə edə bilməyənlər vəzifədən kənarlaşdırılacaq. İcra strukturlarındakı vakant yerlərə isə gənc və perspektivli kadrlar test yolu ilə qəbul ediləcək. Qeyd edək ki, indiyədək yerli icra strukturlarında çalışanların vəzifə uyğunluğunun yoxlanılması sırf formal xarakter daşıyıb. Bu məsələdə həlledici rolu icra aparatı rəhbərinin rəyi oynayıb. Sirr deyil ki, bir sıra rayonlarda hələ də ən adi bilikləri olmayan diplomlu, lakin savadsız yerli icra nümayəndələrinə rast gəlmək olar. Bu vəziyyət yerlərdə dövlət siyasətinin həyata keçirilməsində ciddi problemlər yaradır. Bəzi hallar isə ölkə rəhbərliyinin apardığı genişmiqyaslı islahatların təfərrüatlarının sadə vətəndaşlara izah edilməsini çətinəşdirir. Bu cür hallara əsasən rayon mərkəzlərindən uzaqda yerləşən ucqar dağ kəndlərində rast gəlmək olar. Hətta dövlət dilində normal nitqi və yazı savadı olmayan icra nümayəndələri var ki, bu gün daha perspektivli potensial kadrların yerini bir növ "zəbt" edib. Bu cür anormal halların ortadan qaldırılması ilə bağlı dövlət rəhbərliyinin bir müddət öncə verdiyi ciddi tapşırıqlara icra strukturlarının rəhbərləri tərəfindən heç də hər yerdə məsuliyyətlə yanaşılmır. Nəticədə yerli əhali arasında narazılıqlar baş qaldırır, problemlər yaşanır. Bu baxımdan birmənalı şəkildə söyləmək olar ki, ölkənin getdikcə vüsət alan inkişaf perspektivləri bölgələrdə dövlət qulluğu məsələlərinin tənzimlənməsini tələb edir. Yerli icra strukturlarının yarıtmaz kadrlardan tamamilə təmizlənməsi gündəmdə duran məsələlərdəndir. Düşünürük ki, bu məqsədlə orta statistik məmur korpusu qarşısına qoyulacağı gözlənilən xüsusi tələblər problemin qısa zaman içərisində həllinə təkan verəcək, regionlarda vətəndaşların dövlət orqanlarına etimadını xeyli möhkəmləndirəcək.

Geri qayıt