Əsas Səhifə > Sosial, Manşet > Tovuzda idarə rəisi sakinlərlə “vorzakon” dilində danışır
Tovuzda idarə rəisi sakinlərlə “vorzakon” dilində danışır11-08-2016, 10:26 |
“Gündəm Xəbər” qəzetinin 15-21 iyul 2016-cı il tarixli sayının 5-ci səhifəsində, Tovuz rayonu Qovlar qəsəbəsi A.Kazımov küçəsi ev-15 ünvanında yaşayan İsmayılov Yusif İsmayıl oğlunun üz-üzə qaldığı problemlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, qəsəbənin Şəhriyar küçəsində inşaasını başa çatdırdığı təkər təmiri sexini, dövlət reyestrində qeydiyyata salınmasına və həmin obyektə dair çıxarış əldə etməsinə çalışsa da, hələ ki, istəyi elə istək olaraq qalmaqdadır. Baxmayaraq ki, Yusif İsmayılovun inşa etdirdiyi obyektə dair Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti idarəsi səlahiyyətlisinin 14 aprel 2016-cı il tarixdə imzaladığı aktda qeyd olunur ki, “obyektdə elektrik qurğuları lazımi tələblər əsasında quraşdırılmışdır”. Bundan əlavə, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi cənab Hüsaməddin Mirzəyevin 06 aprel 2016-cı il tarixdə imzaladığı cavab məktubunda isə qeyd olunur ki, “Qovlar şəhəri Şəhriyar küçəsində yerləşən və Yusif İsmayılova məxsus təkər təmiri sexinin sağ hissəsindən keçən və 2 metrliyində olan 10 kv-luq yüksək gərginlikli elektrik verlişi xətti kabelləşdirilmişdir”. Belə bir dövlət qurumları tərəfindən rəsmi sənədlər verilsə də, təəssüflər olsun ki, bu gün də DƏDRXİ-i 15 saylı ərazi idarəsinin vəzifə sahibləri Yusif İsmayılov getgələ salmaqdadırlar. Diqqəti maraqlı bir olay da cəlb edir ki, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi Hüsaməddin Mirzəyev 06 aprel 2016-cı il tarixdə imzaladığı və Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki cənab Rəşad Əbilova təqdim olunan cavab məktubunda yazılıb ki, “Yusif İsmayılova məxsus obyektdə elektrik qurğuları lazımi tələblər əsasında quraşdırılmışdır”. Belə bir məzmunda yazılan və məktubun sonunda Hüsaməddin Mirzəyevin öz imzası olmasına baxmayaraq, bu gün həmin cavab məktubu elə idarə rəisinin özü tərəfindən də inkar olunur. Yəni, bu haqda “Gündəm Xəbər”ə təkrar şikayət ərizəsi ünvanlayan İsmayılov Yusif İsmayıl oğlu bildirir ki, “təqribən 15-20 gün bundan əvvəl həyat yoldaşımla birlikdə Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi Hüsaməddin Mirzəyevin qəbulunda olmaq istədik. Məqsədimiz Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisinə verilən cavab mətubundakı məzmunda, əlavə bir məktub əldə etmək idi. Həmin vaxt idarə rəisi bizə bildirdi ki, “tez kabineti tərk edin və sizə bildirirəm ki, həmin məktub bizlik deyil, məktuba da imzanı mən atmamışam” dedikdə, sanki şoka düşdük. Çünki, onun söylədiklərində həqiqət yox idi. Məhz ona görə ki, Hüsaməddin Mirzəyevin göstərişi əsasında mənə məxsus təkər təmiri sexinin sağ hissəsindən keçən və 2 metrliyində olan 10 kv-luq yüksək gərginlikli elektrik verlişi xətti kabelləşdirilən zaman, onlar bu işin müqabilində məndən 400 manat “şirinlik” aldılar. Amma, indi idarə rəisi imzasından imtina edir və həyat yoldaşımla birlikdə məni təhqir etməkdən də çəkinmir. Bu da o anlama gətirir ki, Hüsaməddin Mirzəyev Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsini sanki dədə malı hesab edir”. Bu zaman bizi düşündürən hal o olur ki, ölkə rəhbəri cənab İlham Əliyev keçirilən müşavirələrdə, digər tədbirlərdə daim hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir ki, “xalqla işləməyi bacarın, hər bir sakini dinləyin, onların problemlərinin həllinə çalışın” desə də, Hüsaməddin Mirzəyevin addımları isə, tamam başqa mətləblərdən xəbər verir. Çünki, Tovuz Elektrik Şəbəkənin də rəisi yerli vəzifə sahiblərindən biridir və verilən tapşırıqların ona da aidiyyəti var. Yusif İsmayılovun üz-üzə qaldığı problemi ictimailəşdirərək düşünürük ki, ölkə rəhbərinin vermiş olduğu tapşırığa sanki məhəl qoymayan, halal zəhməti ilə dolanışığını təmin edən Qovlar qəsəbə sakinini və onun həyat yoldaşını təhqir etməkdən çəkinməyən, bir növ onlarla “vorzakon” dilində danışan Hüsaməddin Mirzəyevin atdığı addımlarla bağlı, yəqin ki, onun tabe olduğu qurum rəhbərliyi tərəfindən lazımi ölçü götürüləcək. Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Geri qayıt |