Əsas Səhifə > Sosial, Manşet > Adı "QARA SİYAHI"da olan məmurlar kimlərdir?

Adı "QARA SİYAHI"da olan məmurlar kimlərdir?


17-08-2016, 09:01
Adı "QARA SİYAHI"da olan məmurlar kimlərdir?
Azərbaycanda Gülən tərəfdarı olan yüksək ranqlı məmurların siyahısı hazırdı. Bu siyahı prezident İlham Əliyevə artıq təqdim edilib. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, siyahıya mədəniyyət və turizm naziri Əbüfəs Qarayevlə idman və gənclər naziri Azad Rəhimov başçılıq edir: "Gülən tərəfdarları hələ 1994-cü ildə - Gənclər və İdman Nazirliyi yaranandan bu qurumu tam nəzarətə götürə biliblər. O vaxt nazirliyə rəhbərlik edən Ə.Qarayev Gülən tərəfdarlarını qısa zaman kəsiyində rəhbər strukturlara yerləşdirib. Bu sırada hətta nazir müavinləri də var. Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib, bu qurumların bazasında Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ancaq Gülən tərəfdarları hər iki nazirliyi nəzarətdə saxlaya bilib. Gülən qrupunun liderlərindən və Ə.Qarayevin ən çox etimad etdiyi müavinlərindən biri olan İntiqam Babayev Gənclər və İdman Nazirliyində statusunu qoruya bildi. Hazırda o nazir müavini postunu tutur".

Mənbə iddiasına görə, bu iki nazirlikdə Gülən qrupu o qədər şaxələnib ki, onları başqa nazirliklərə rahatlıqla transfer edə bilirlər: "Hazırda başqa nazirliklərdə də Gülən tərəfdarları kifayət qədərdir. Hətta keçmiş Gənclər, İdman və Turizm Nazirliyinin kadrları arasında deputat qrupu da var. Gülən camaatının Bakıdakı himayədarları kimi tanınan Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov (Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiridir) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov (hazırda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədridir) da bu qrupun dəstəyi ilə yüksək postlara təyin ediliblər. Onlar işdən çıxarıldıqdan sonra Gülən qrupunun mövqeyi zəifləsə də, seti dağıtmaq mümkün olmadı. Həyat tərzi Gülən camaatı ilə ziddiyyət təşkil edən A.Rəhimov isə qrupun biznes imkanlarından faydalanmağa üstünlük verdi".

Mənbə bildirir ki, böyük ehtimalla Konstitusiya dəyişikliyi ilə bağlı referendium bitdikdən sonra (26 sentyabr) prezident İlham Əliyev hər iki nazirliyin yenidən təşkili qərarlar verəcək: "Güman ki, hər iki nazirin kayerasına son qoyulacaq. Türkiyədəki məlum hadisələrdən sonra rəsmi Bakı Gülən camaatının Bakıdakı dayaqlarını təhlükə mənbəyi hesab edir. Türkiyə prezidenti Ərdoğan da Gülən camaatının Bakıda çevrilişə cəhd edəcəyi ilə bağlı bəyanat vermişdi. Əməliyyat məlumatları da vəziyyətin ürəkaçan olmadığını deyir".

Geri qayıt