Əsas Səhifə > Sosial, Manşet > Eldar Mahmudovun “sag əli” Mövlan Şıxəliyev dəbdəbəli həyat sürür

Eldar Mahmudovun “sag əli” Mövlan Şıxəliyev dəbdəbəli həyat sürür


18-08-2016, 09:39
Eldar Mahmudovun “sag əli” Mövlan Şıxəliyev dəbdəbəli həyat sürür
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir qrup əməkdaşı baş prokuror Zakir Qaralova və “Azadlıq” qəzetinə müraciət edib. Onların adlarını açıqlamayıblar. Onların müraciəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla MTN-in Baş Istintaq Idarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə bağlıdır.
DTX əməkdaşları yazır: “Eldar Mahmudovun özünün və dəstəsinin əsas simalarından olan MTN-nin Istintaq Baş Idarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin azadlıqda qalması cəmiyyətdə narazılıqla qarşılanıb. Bu barədə mətbuatda yazılanlarla DTX-nin bəzi əməkdaşları tanış olaraq bildiririk ki, biz də həmin şəxsin cəzasız qalmasına təəccüblənirik. Həmin şəxs uzun illər ərzində daxili işlər orqanlarında keçmiş ”OBXSS”, yəni iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində əməliyyat müvəkkili işləyib və işə laqeyd münasibəti nəticəsində, korrupsiya faktlarına görə bir neçə dəfə vəzifədən azad edilib. Lakin onu Eldar Mahmudov kimi himayədarları yenidən vəzifəyə bərpa ediblər. Eldar Mahmudov nazir gələndə istintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Bir müddətdən sonra isə baş idarə rəisi olur. Onu yalnız pul maraqlandırır və özünə dəstə yaradıb pulu olan vətəndaşları şantac edərək pulunu alırdı. Sonra həmin puldan özünə 45 faiz, nazirə isə 50 faiz götürürdü, qalanını da dəstəsinə verirdi. Mövlan Şıxəliyev Istintaq Baş Idarəsinin rəisi olduğu dövrdə MTN-nin şərləyib tutdurduğu və həbsə atdırdığı adamlara hüquqi don geyindirilməsi, leqallaşdırılması da məhz bu idarədə baş tutub. Heç bir əsas olmadan müxtəlif imkanlı adamların barəsində cinayət işi qaldırılıb və onlar həbsə alınandan sonra istintaq təcridxanasında işgəncələrə məruz qalıblar. Bir müddət sonra isə onların qohum-əqrəbası hər şeylərini sataraq tələb olunan pul vəsaitini Mövlan Şıxəliyevə və onun dəstəsinə çatdırıb. Misal üçün, Vüsal Ələkbərov apardığı iş üzrə sabiq iqtisadi inkişaf naziri vəzifəsində işləyən Heydər Babayevin qohumu və yaxın adamı olan inhisarçılıq şöbəsinin əməkdaşlarını tutaraq bir müddət təcridxanada saxlayıb sonradan 1.000.000 dollar alaraq sərbəst buraxmışdı. Yasin Məmmədov adlı şöbə rəisi Mövlan Şıxəliyevlə əlbir olaraq Ibrahim adlı şəxsi şərləyərək 8 ay istintaq təcridxanasında saxlayıb, sonra 8.000.000 dollar götürərək onu sərbəst buraxıblar. “Texnikabank” ASC-nin sədri Etibar, işçiləri Hüseyn Səfərov, Nizami Kazımov, Xəqani Əzimov, Hamil Rzayev, Vüqar Behbudov, Füzuli Əzimov incəsənət əşyalarının kontrabanda yoluyla ölkədən çıxarılmasında iştirak edən şəxslərin, Rauf Kərimov və yüzlərlə digərlərin pulunu məhz Mövlan Şıxəliyevin başçılığıyla alınıb. Hədə-qorxu, şantac, dələduzluq yoluyla aldığı puldan nazirə külli miqdarda pul gətirdiyi üçün ona yüksək rütbə və “Sahil” metrostansiyasının üstündə tikilən binada 4 otaqlı mənzil verilib. Sonradan həmin binada 1.300.000 manata oğlu və qızı üçün iki mənzil alır. Eldar Mahmudov ona və digər dostları Nizaməddin, Təhsin Ağayev, Əli Şəfiyev, Fərhad Vahabov və digər əməkdaşlara şəhərin mərkəzində 4-5 otaqlı mənzillər verib. Halbuki, biz, MTN-nin sabiq əməkdaşları illərlə yataqxana və birotaqlı mənzillərdə məskunlaşmışıq. Bizə mənzil nədir, heç mükafat da verilmirdi.
MTN işçilərinə xaricə səfərə getməyə qadağa qoyulsa da, Mövlan Şıxəliyev ildə 8-10 dəfə müxtəlif ölkələrə səyahət edib beşulduzlu otellərdə qalırdı. Çexiya və Türkiyədə o, villalar, mənzil və oyektlər əldə edib. Onun ölkəmizdə də obyektləri, mülk və mənzilləri var. Hər il oğlu üçün bir neçə bahalı maşınlar alır. Mövlan Şıxəliyev idarəyə rəhbərlik etdiyi dönəmlərdə yüzlərlə günahsız vətəndaşın həyatını məhv etsə də, azadlıqda gəzir. Biz DTX əməkdaşları öz adımızı qeyd edə bilmərik, Mövlan Şıxəliyevin əlləri uzundur. Lakin haqq-ədalətin bərqərar olmasına inanırıq”.

Geri qayıt