Əsas Səhifə > Sosial, Manşet > Masallıda təhsil quyunun dibindədir...
Masallıda təhsil quyunun dibindədir...28-09-2016, 08:45 |
Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında bir çox təhsil müəssisələrinin vəziyyəti heç də ürəkaçan səviyyədə deyil. Çünki bəzi rayon təhsil şöbələrinin müdirləri, eləcə də digər məsul işçilər tutduqları vəzifələrdən sui-istifadə edir, kobud nöqsanlara, neqativ hallara yol verirlər. Misal kimi, Masallı Rayon Təhsil Şöbəsində yaşanan xoşagəlməz olayları qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, adıçəkilən şöbənin müdiri Tariyel Əkbərov rayonun təhsil sisteminin bərbad hala düşməsinə səbəb olub. Belə ki, hazırda Masallı rayonunda 98 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayan mənbənin sözlərinə görə, Tariyel Əkbərovun bu ilin iyun ayında adıçəkilən rayonun təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmasından sonra Masallı təhsili ciddi şəkildə geriləməyə başlayıb: «Deyilənlərə görə, Masallı Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrində tədris prosesinin keyfiyyətini demək olar ki, yox dərəcəsinə gəlib çıxıb. Bunun məsuliyyəti isə birbaşa Tariyel Əkbərovun üzərinə düşür. Çünki məhz onun şöbə müdiri vəzifəsinə təyinatından sonra Masallıdakı əksər təhsil ocaqlarında, əsasən də kənd məktəblərində dərslərin keyfiyyəti, dərsə davamiyyət ciddi şəkildə zəifləyib. Bildirilir ki, bir çox şagirdlərin adları jurnalda getdikləri halda, məktəbə getmir, dərslərdə iştirak etmirlər. Ümumiyyətlə, son zamanlar rayondan ali məktəbə qəbul olanların sayında xeyli azalma müşahidə olunur. Hələ bu, harasıdır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Masallı Rayon Təhsil Şöbəsinə ayrılan maliyyə vəsaitlərinin hara xərcləndiyi isə məlum deyil. Çünki Tariyel Əkbərov kimi şəxsin şöbə müdiri vəzifəsində çalışması, bu və digər xoşagəlməz halların yaşanması deməkdir. Məsələnin maraqlı tərəfi isə ondadır ki, bu qədər neqativ halların, nöqsanların mövcud olmasına baxmayaraq, Təhsil Nazirliyi, o cümlədən digər müvafiq qurumlar Masallı Rayon Təhsil Şöbəsində yaşananları, Tariyel Əkbərovun yol verdiyi nöqsanları görməzdən gəlirlər». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə, həmçinin o da qeyd olunur ki, Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əməkhaqqlarına əl qoyulur, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilir: «Deyilənlərə görə, məhz bu cür hallar Masallının təhsil sisteminin inkişafına ciddi əngəl törədir. Bir sözlə, qeyd olunur ki, tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyinin tətbiq etməyə çalışdığı üsullar isə nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Deyilənlərə görə, şöbə müdiri Tariyel Əkbərov Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli ultimatumlar irəli sürür. Belə ki, onun əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq 1000-2000 arası «təşəkkür» etmələrinin tələb etdiyini bildirirlər. Qeyd olunur ki, Tariyel Əkbərov öz planını həyata keçirmək üçün ilkin olaraq direktorlara müəllimlərlə bağlanmış müqavilələrin qanunvericiliyə uyğun olmadığını bəyan edib. Məsələn, əvvəl müəllimlərdən tələb edirlər ki, işdən çıxmaları ilə bağlı ərizə yazsınlar. Müəllimlər bunu etmədilər, bundan sonra isə təhsil şöbəsi müəllimlərin işdən azad edilmələrinə nail olmaq üçün direktorlara təzyiqlərə başladı. Əsasən də 2011-2012-ci illərdə məktəblərə qəbul edilmiş müəllimlərlə müqaviləni pozmaq istəyirlər. Halbuki onlar müəllim kimi fəaliyyət göstərməkdən ötrü müasir təhsilin tələb etdiyi testlərdən və yoxlamalardan keçiblər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Masallı Rayon Təhsil Şöbəsində ciddi nöqsanlar mövcuddur və elə bu səbəbdən də Tariyel Əkbərovun rəhbərlik etdiyi qurumun fəaliyyətinin tez bir zamanda köklü şəkildə yoxlanılmasına ehtiyac var». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |