Əsas Səhifə > Sosial, Manşet > AMEA-nın Memarlıq institutunda hakim partiyaya sayğısızlıq

AMEA-nın Memarlıq institutunda hakim partiyaya sayğısızlıq


29-09-2016, 09:33
AMEA-nın Memarlıq institutunda hakim partiyaya sayğısızlıq
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ə.Salamzadənin doktorluq işi niyə Ali Attestasiya Komissiyasının sədri, mərhum akademik Azad Mirzəcanzadə tərəfindən müdafiəyə qəbul edilməmiş və üzərində ciddi işləmələr edilməsi zərurəti ilə geri qaytarılmışdır?
“20 Yanvar” hadisələri ərəfəsində, 30 dekabr 1989-cu il tarixində çalışdığım “SREDAZQİPROAQROPROMSTROYİNDUSTRİYA” İnstitutundan köçürülmə ilə buradakı daha bir neçə illik iş stajımla birlikdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna (AMEA Mİİ) baş laborant vəzifəsinə keçid aldım. Sov.İKP üzvülüyündə olduğum Bakı şəhər Şaumyan (indiki Xətai) rayon Partiya Komitəsindən sənədlərimi alıb, qeydiyyata düşmək məqsədi ilə AMEA Mİİ-dəki İlk Partiya Təşkilatının sədri, partkomumuz – gözəl insan Sürəyya xanıma təqdim etdim. Bu yeni iş yerimdə qeydiyyata düşdümsə də, məlum hadisələrlə əlaqədar bircə dəfə də olsa AMEA Mİİ-nin İlk Partiya Təşkilatının bircə iclasında da iştirak edə bilmədim. 22 yanvar – şəhidlərin dəfn günü isə, Hökumət Evinin qarşısndakı izdihamda partbiletimi şəhidin tabutunun altına qoydum və hər hansı siyasi mənsubiyyət və bağlılıqla vidalaşdım.
Az bir zamanda AMEA Mİİ-də Sov.İKP durumu AXC ilə əvəz edildi. Dünən cibində kommunist bileti gəzdirənlərin hamısı Fərman Rzayevin və Telman İbrahimovun təsirləri altına düşdülər. Hamının parketin üzəri ilə öz stullarını sürütləyə-sürütləyə sonuncuların hər gün baş tutan iclaslarına gəlməsinin çox şahidi olmuşam. Akademik Şamil Fətullayev, professor Kərim Kərimov, akademik Rasim Əfəndiyev kimi AMEA Mİİ direktorları və onların ardınca da digər “yerə stul sürtənlər” partbiletlərini atanlardan odlu-kösövlü çıxışlarında demişdilər ki, “şəhidlərin ruhu bir də canlarına qayıtdıqda bir də biz partbiletləri geri götürərik!” Lakin heç 15-20 gün keçməmiş və hətta şəhidlərin qəbri soyumamış onların hamısı bir nəfər kimi ara-bir tək-bir Sürəyyadan öz biletlərini geri götürdülər. Mən isə, partiya yönlülərdən yeganə olaraq təkcəsi oldum ki, nə bir və nə də qeyri-leqal iki biletim oldu. Çox da çəkmədi ki, Heydər ƏLİYEV dühası Azərbaycan SSR Ali Sovetinin 1991-ci il, 5 fevral tarixi sessiyasında Azərbaycan SSR-i Azərbaycan Respublikası adlandırılmaqla, Azərbaycan Demokratik Cumhuriyyətinin bayrağını Dövlət bayrağı kimi təsdiq etdi və 21 noyabr 1992-ci il tarixində Dövlətçiliyimizin qurtuluş və dirçəlişinin keçməkeçli yollardan adlayaraq tarixə dəfələrlə imtahan vermiş Yeni Azərbaycan Partiyasını bərqərar etdi, tanıdığım Mİİ siyasi riyakarları malik olduqları həmin iki biletdən döş ciblərini birtəhər qurtarıb yavaş-yavaş YAP-a keçid almağa başladılar.
Vətənimizin və bütün Azərbaycan Xalqının çətin zamanında ilk-əvvəl Bakı ətrafının “Qardaşlıq” cəmiyyətinin, bunun davamı kimi “8 km” qəsəbəsi olaylarının, “Generalların” Duvannıy qazamatındakı və bundan öncəki olaylarının, daha sonra Balakənin “Meşa Qardaşlığı”, Ləzgilərin “Sadval” hərəkatının bədnam qonşuluqdan idarə edilməsi və eləcə də “Talış-Muğan Respublikası” fitnəkarlığının eyni vaxtda hərəkətə keçirilərək vahid əllərdən idarə edilməsiylə Azərbaycanın sonda qalmış bu ərazi varidatına da qənim kəsildiyi müdhiş siyasi periodda özümə söz verdim: “əgər taleyimizdə bu baş verənlərdən bir qurtuluş varsa və bu Xalqı bu bəladan kim qurtararsa – arxasında olmalıyam! Və bu gün biz bir Millət olaraq Heydər ƏLİYEV xilasının və nicatının arxasında, həmin sıx sıralarda olmalıyıq!»
***
Yenidən bu biabırçı mövzulu məqaləmin haşiyələrinə qayıdırkən deyərdim ki, Tarix, Fəlsəfə və Hüquq, Dil və Ədəbiyyat və s. institutların bir araya gətirildiyi AMEA-nın Humanitar Elmlər Sektorunun alim kontinqenti Azərbaycan ziyalısının ən müxalifətyönlü siyasi-həssas təbəqəsidir və bunu deyərkən yanılmıram. Bu kimi institutlarda YAP-ın təmərküzləşməsi ən taleyüklü vəzifələrdəndir! Həmin Humanitar Elmlər Bölməsinə mənsub çalışdığım Mİİ-də də YAP uzun illərdir ki, təşəkkülünü tapa bilmir.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ə.Salamzadənin doktorluq işi niyə Ali Attestasiya Komissiyasının sədri tərəfindən müdafiəyə qəbul edilməmiş və geri qaytarılmışdır?


Özünün, hələ direktor müavini olduğu dövrdən, 20 ildən də, çox olan müddət ərzində instituta faktiki rəhbərlik edən və indi də ikinci seçkili 5 illik dövrə başlamış Mİİ direktoru Ə.Ə.Salamzadə bu siyasi-konstruktiv məsələnin ümdə həllini illərlə boyun ardına vurmuşdur. Deyildiyinə görə özü hələ də YAP-ın üzvü olmayan Mİİ direktoru institutda YAP üzvlərinin uzun illik stajlara malik olan əməkdaşlarının mövcudiyyəti və elmi işçilərin YAP-ın Yasamal rayon və s. təşkilatlarda partiya sıralarına daxil olmaları faktları qarşısında başı birbaşa mənada şəxsi səfalanmağa və əliuzunluqla Mİİ resurslarını mənimsəməyə qarışmış bir zamanda bu kimi faktorlar onun diqqətini heç cür çəkməmişdir. 20 il, 15 il və s. partiya stajlı olanlar işlədikləri bu elmi müəssisədə partiya xətti ilə heç bu məsələnin qoyuluşuna və ya YAP-ın özək təşkilatının təsis edilməsinə dair təşəbbüslər belə qaldıra bilməmişlər; deyiləndə də cavab verilib ki, “əşi bu sənə lazımdı?” YAP üzvləri faktiki olaraq bu elmi müəssisədə YAP İlk partiya təşkilatının təsis edilməsi və partiya iclaslarının keçirilməsi imkanlarından illərlə məhrum edilmişlər.
Az bir vaxt ərzində xidməti nərdivanlarda ucalmaqda Dövlətin bütün hamiçilik və mövcud dəstək imkanların hamısından yetərincə və zamanında yararlana bildiyi və məhz YAP-a da minnətdar olmalı olduğu bir şəraitdə bu Mİİ rəhbərinin partiya mənsubiyyəti və siyasi kimliyi hələ də yox ikən, elə yox kimi qiymətləndirilən ikili şəxsi və eləcə də elmi kimliyi də xüsusi diqqət çəkməkdədir. Namizədlik dissertasiyası aldadıcı illüziyadan – Bakı metropoliteni stansiyalarının bədii-estetik tərtibatından bəhs edən son dərəcə səmərəsiz, heç bir elmi yeniliyi və aktuallığı əks etdirməyən memarlıq sahəsinə aid etdiyi mövzudan sonra sənətşünaslıqdan yazdığı doktorluq dissertasiyası da (“Azərbaycanın cənət tarixi. XX əsr” - dissertasiya), heç bir elmi əhəmiyyət kəsb etmədiyindən Ali Attestasiya Komissiyasının (AAK) sədri – mərhum akademik Azad Mirzəcanzadə tərəfindən müdafiəyə qəbul edilməmiş və üzərində ciddi işləmələr edilməsi zərurəti ilə geri qaytarılmışdır. Adı gedən iddiaçı sonda AAK-dan işini götürüb və proseduru AAK-la razılaşdırmadan tez Moskvadakı “Aron dayı”sının qanadı altına sığınaraq mövzusunu “astaca və sakitcə” müdafiə etmişdir…
Bu dəfə də Rusiya Federasiyası AAK-na rəsmi göndəriş almadan iş müdafiə etdiyi və dissertasiyasında da tövsiyə olunmuş heç bir dəyişiklik edilmədiyi üçün işi bir daha geri qaytarılmışdır... Bu – AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor, memarlıq sahəsində Dövlət mükafatına iddialı və iddiasında imtina edilmiş Ə.Ə.Salamzadənin “elmi kimliyi”! Hələ onun AMEA Mİİ-də bundan da müəmmalı, “Təzadlar”ın 23 avqust 2016-cı il nömrəsində səthi toxunduğum bir “maliyyə kimliyi” də vardır!

YAP niyə AMEA-da indi yada düşmüşdür???

Cari ilin ilk aylarından ağıllar boş başlara cəmləşməyə başlamış, AMEA Mİİ-də də Yap-ın təsis yığıncağı keçirilmiş, vəzifələr müəyyənləşmiş və qanadlı frazalar söylənmişdir. Lakin həmin təsis iclasındakı çıxışlar arxada buraxılaraq, hələ də Azərbaycan müxalifətinin nə vaxtsa at oynatdığı “eksklavı” olan (bax: “anklav”) AMEA Mİİ-də YAP durumunun deyərdim ki, zəif düşmüş bir körpə kimi inkişafdan qalması halı baş verməkdədir və yaxud Mİİ-də elmi əməkdaşların YAP-a üzv qəbulu prosesi məqsədli şəkildə əngəlləndirilməkdədir.
AMEA Mİİ-də çox önəmli proseslərin müzakirəsinin bir qayda olaraq kollektivdən gizlədilərək “öz aralarında – komandadaxili həlli yolunun pıs-pısa siyasəti”nin Mİİ direktoru ssenarisi elə YAP-ın barəsində də işə salınması siyasi avantüradan sair bir şey deyildir. AMEA Mİİ-də ən ümdə məsələlər- mükafatlandırma, təltiflər, müxtəlif məqsədli qərarların qəbulu, çap işi, nəşrlər, yabançı məruzələr, pərdəli hesabatlar və s. bu kimi tədbirlərin biri barəsində elmi personalın xəbəri olmur. Məsələlər elə öz aralarında, AMEA Mİİ Elmi şurasında həll edilir – “astaca və sakitcə!” Bu gün Elmi şuranın üzvlərindən olan həmin o 10-12 nəfərlik – İnstitutda “Dəniz barsları” adlanan bu “Komanda” (bir-iki nəfəri çıxmaqla) İnstitutun bütün seçkili tədbirlərində direktorun iradəsinə dəstək və rəvac verir. Elmi şurada, Koordinasiya şurasında, Seminar şurasında, mövzuların müzakirəsində və s.-də. İndi də Mİİ YAP İlk Təşkilatında.
İnstitutun Elanlar lövhəsində «O BİZƏ MAL-QARA KİMİ BAXIR» ifadəsindən başqa öz aktuallığı və gündəmi ilə fərqlənməyən və köhnə elanlar fonunda institutun YAP iclasının keçirilməsinə dair elanı normal qaydada görə bilməzsiniz. YAP iclasları bu institutda tam konsperativ şəkildə, hətta demək olar ki, oğrun-oğrun keçirilməkdədir. Komandanın tam oturdulduğu partiya üzvləri heyyəti elə AMEA Mİİ-nin YAP təsis yığıncağındaca direktorun bərk verilmiş tapşırıqlarına əsasən yeni üzvlərin daxil edildiyi heyyətlə fəaliyyət göstərir və daha bu cərgələrə “arzuolunmazların” daxil edilməsinin hər cəhdlə qarşısı alınmaqdadır.
“Təzadlar” qəzetinin həmin, 23 avqust 2016-cı il tarixli nömrəsində redaktor tərəfindən “AMEA-nın memarlıq institutunda qalmaqal, yaxud AMEA-nın Memarlıq və incəsənət institutunda nə baş verir?...” sərlövhəsi ilə başlıqlanmış və əslində «O BİZƏ MAL-QARA KİMİ BAXIR...» kimi müəllif sərlövhəsi altındakı getmiş məqaləmdəki bu institutda çalışdığım 30 ilə yaxın dövr ərzində olmuş AMEA Mİİ direktorlarının və əsasən də, hazırki direktor Ə.Ə.Salamzadənin bu institutun maliyyə resurslarının dağıtmalarına və mənimsəmələrinə dair faktlar çoxluğu ilə yazımın gündəmə gəlməsi deyərdim ki, bundan əvvəlki məqalələrim kimi yenə də, susqunluqla uduldu. Bir tərəfdən Mİİ-nin ağsaqqal əməkdaşı Sabir Tağıyev və digər tərəfdən də mənim bu kimi özbaşınalıq və çoxsaylı yeyinti halları ilə müşayiət olunmuş əmməlləri işıqlandıran və bu qəzetdə dərc olunmuş artıq çoxsaylı məqalələrimizin heç birinə ən azı AMEA Rəyasət Heyyəti və rəhbərliyi tərəfindən nə reaksiya olunmuş və nə də cavab verilmişdir.
Bu ilin martın 7-dən indiyədək YAP sıralarına daxil edilmə xahişimə dair ərizəmi dolandıra-dolandıra məni müxtəlif bəhanələrlə aldadaraq və müxtəlif bəhanələrlə iclaslarda iştirakımı yayındırmaqla hələ də qəbul məsələmi yubatmaqdadırlar. Şübhəsiz ki, bu təşkilat sağlam bir təçkilat olsaydı, ərizəmə çoxdan baxılmışdı. Partiya özək təşkilatını da uzurpatsiya etmiş bu “barslar komandası” hər cəhdlə məni bu sıralara buraxmaq istəmir – “yox” da demir, öz qərarından da keçmir.

«Belə hal YAP-a qarşı bir həqarətdir!»

Bu gün YAP-ın http://www.yap.org.az/az/view/pages/11 saytındakı üzvlərinin sayı rəsmi rəqəmlə 679 430 nəfər kimi qeyd edilmişdir. Nəyə görə mənim üzvlüyüm bu rəqəmi 679 431 etməməli idi? Bu səbəbə görə ki, bu gün AMEA Mİİ-də Heydər ƏLİYEV partiyasının AMEA Mİİ qanadını öz sərəncamı altındakı əmlakı kimi heç belə tükü tərpənmədən kullananlar mənim və mənim kimilərin bu partiyaya keçidini qapamışlar. Mİİ YAP Təsis iclasında sədrliyə öz namizədliyini irəli sürmüş YAP veteranı S.P.Tağıyevin namizədliyi rədd edildi. Mİİ texniki personalından elə birinci iclasdaca məqsədli şəkildə yığılmış “komanda” bu namizədi Mİİ direktorunun seçim anındakı mimikasına ram olaraq rədd etməklə burada da sonuncunun maraqlarına vassallıq edən öz “çeşidləyici missiyasına” davam vetmiş oldu.
Belə hal YAP-a qarşı bir həqarətdir! Bu, vərdiş edərək bütün Mİİ-ni özünə işlətdiyi kimi, indi də cəzadankənar tərzdə onun YAP təşkilatının da bağışlanmaz tərzdə üzərinə “əl qoymaqdır” və özünə çalışdırmaqdır.
Sanıram ki, AMEA Mİİ-nin bütün həyati sferalarına tətbiq edilmiş və indi də AMEA Mİİ İlk partiya təşkilatının seçkili orqanlarına məqsədli şəkildə sırınmış bu nimdaş “Elmi şura komandasının” heyəti də sırf şəffaflıq və demokratiya prinsipləri baxımlarından korrektə edilməlidir. Daim partiya özək təşkilatlarında sədr əmək kollektivinin neytral və sıravi üzvündən olur. Burada isə sədr – Mİİ direktorunun sağ əli, Mİİ-də mümkün ola biləcək “bütün pisliklər qapısının” gözətçisi sayılan ümumi işlər üzrə direktor müavini, təşkilatın sədr müavini isə – “uzaqdan asta qoyub yaxında bərk basan” Mİİ elmi katibi seçilmişdir. Hələ üzvü olmasam da, təşkilatın 27 iyul 2016-cı il tarixli qeyri-qənaətbəxşlərə xəbər verilmədən gizli keçirilən iclasına, bu iclasın keçirilməsinin vaxtı gizlədildiyi daha 3 nəfərlə qatıldım ki, artıq bu dəfə qəbul məsələm gündəmə gətirilsin. Təşkilat sədri yenə də qəbul məsələsinin bu dəfə də onun səhfi üzündən gündəliyə salınmadığını və bu məsələyə baxılmanın mümkünsüzlüyünü bəhanə edərək məsələdən yayındı və bildirdi ki, eybi yoxdur, ərizə var, durur və növbəti dəfəki oktyabr-noyabr iclasında hökmən buna münasibət bildiriləcəkdir. İnstitut əməkdaşlarının əksər çoxluğunun 21 iyul tarixindən ümumi əmrlə yay məzuniyyətində olması və bir daha 1 sentyabrda işə çıxacağı bir şəraitdə cəmi bir gün öncə iş gününün sonunda lövhəyə elan asaraq arzuolunmazlara da xəbər edilmədən 27 iyul tarixində konsperativ Partiya iclasının keçirilməsi nə dərəcədə düzdür? Cəmi 8 nəfərin iştirak etdiyi və 4 nəfərin bu iclasa sanksiyalaşdırılmamış gəlişi görəsən baş tutmasaydı bu iclas digər 4 nəfəri ilə nə edəcəkdiki? Nəyi müzakirə edəcəkdi, nəyə nail olacaqdı və ya burada nə dinləniləcəkdi? Halbuki Azərbaycan cəmiyyətində taleyüklü daha önəmli proseslər axını yaşanmasaydı, deyərdim ki, gündəlikdə olduqca önəmli sual – Mİİ YAP Təşkilatının 6 aylıq ilk fəaliyyət dövrünə dair hesabatın dinlənilməsi və Cari məsələlər dururdu. Elə elə də hesabatını iclasa təqdim etməmiş bu sədr görəsən, 7 mart 2016-cı il tarixindən qəbulla bağlı ərizə vermiş və hələ də qəbulu müxtəlif bəhanələrlə yayındırılmış bu Təşkilatdaxili kəsrlə səciyyələnən fəaliyyət sonluğunu bu hesabatına daxil etmişdimi? Ümumən bu hesabat iclasa təqdim edilmədi və onun təqdimatı heç nəzədə tutulmamışdı da! Reallıqda isə, Mİİ Elmi şurasında müzakirə edilməli olan bir məsələ – “Azərbaycan incəsənəti müstəqillik ilərində ” məqalələr toplusunun bütün institut üzrə deyil, məhz, ancaq direktorun şöbəsi üzrə işlərdən ibarət olacağı bildirildi və elə opradaca narazılıqlarla qarşılandı.
Məgər bu sədr – iyulun 18-də Prezident İlham ƏLİYEV “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin rəy verilməsindən ötrü Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalaması və bu Sərəncamın müddəaları barədə, eləcə də Prezident İlham Əliyevin 26 iyul 2016-cı il tarixdə daha bir imzaladığı Sərəncam və həmin Sərəncamla da Mərkəzi Seçki Komissiyasına referendumun 26 sentyabr tarixində keçirilməsini təmin etmək tapşırığı verilməsi və bundan irəli gələn məqsədlər barəsində nəinki məzuniyyətin içində, hətta məzuniyyətdən öncə və bu məzuniyyətdən sonra da nəinki təşkilat iclasında, hətta Mİİ-nin Ümumi Yığıncağı qarşısında məruzələr etməli deyildimi?
Nəticədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi prezidentin təklif etdiyi Konstitusiyaya dəyişikliyini nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək müsbət rəy vermişdi və bununla da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum sentyabrın 26-da keçirilməsi ilə 26 iyul 2016-cı il tarixli Sərəncam arasında düz iki ayın ötdüyü bu vaxt ərzində və qonşu AMEA institutlarında “Referendumun keçirilməsinə dəstək və işinə təşkilati yardım” məqsədli, hətta YAP-ın təşkilati deyil, ümuminstitut iclaslarının biri-birinin ardınca bunu vacib bilərək keçirildiyi bir zamanda (bax: “Elm” qəzeti), başı “şəxsi mənfəət məsələlərinə” qarışmış, əmək kollektivi üzvlərindən fərqli əmək haqqı və ancaq özləri üçün üzərinə 100% məvacib yazanlar AMEA Mİİ-də bircə dəfə də olsun uyğun tədbirlər keçirmədi və buna lüzum da bilmədi!
Azərbaycan dövlətini, Dövlətçiliyimizi, Milli mənafelərimizi, daxili və xarici siyasətimizi, Sovetlər Birliyinin bizə buraxdığı daşqalaq bir yerdən dirçəldə bilmiş, az vaxt ərzində bütün ərzə öz sözünü deyərək Azərbaycanı bütün dünyaya aça bilmiş, gedən bu müharibə şəraitində hüquqi dövlət və nizami ordu quruculuğunda uğurlu nailiyyətlərə imza atmış, açıq cəmiyyətin və sosial problemlərinin həllində davamlı inkişafa nail olmuş bir dövlətin sükanında durmuş və ideoloji-siyasi fəqərə sütunu olan aparıcı-iqtidar – “Yeni Azərbaycan Partiyası”nın, AMEA-nın öndə barəsində söz getmiş Humanitar Elmlər sektoruna məxsus Memarlıq və İncəsənət İnstitutunda bu şəkildə təsis edilmiş İlk partiya təşkilatının YAP qanadına, bu təsisatı öz maraqları altına salaraq ondan özləri üçün bir postament kimi kullananlara və bunu zarafat sayanlara– ölkədə yaşanan və yaxın uzaq xaricdə də, dost və düşmən münasibətləri ilə izlənməkdə olan taleyüklü bu Referendum öncəsi yaşantılara AMEA Mİİ rəhbərliyi tərəfindən verilmiş bu kimi qiymətə və münasibətə yazıqlar olsun!
Üzümü elə bu yazımdaca Ə.Ə.Salamzadəyə tuturam: “AMEA prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdən sənə verilmiş və kabinetində sərgilədiyin və hələ üzərində pul vəsaiti də aldığın təltif, soyuqqanlıq və biganəliyinlə Referendum öncəsi Azərbaycan Respublikası Prezidentinə göstərdiyin bu münasibətinə görə Vallahi ki, sənə halal deyil!
Mİİ YAP sədrinin, təşkilatının 27 iyul tarixli son iclasında bildirdiyi kimi, AMEA Mİİ-də növbəti Partiya iclası – bir daha oktyabr-noyabrda olacaq! Mən isə elə bu yazımdaca üzümü, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə tuturam və AMEA Mİİ YAP təşkilatının mövcud biabırçı durumu fonunda xahiş edirəm, məni 7 mart 2016-cı il tarixdən YAP-ın üzvü sayasınız!
Bunu da bildirirəm ki, 30 ilədək bir dövrdə çalışdığım Mİİ-də YAP İlk Partiya təşkilatının özək işini yetərincə və yeni keyfiyyətlərlə təşkil etməyə və buradakı məqsədlərə tam prinsipiallıqla nail olmağa və qarşıya qoyulmuş vəzifələri icra etməyə hazıram!

Elşad Ə. HÜSEYNOV,
AMEA Mİİ-nin aparıcı elmi işçisi, dosent

Geri qayıt