Əsas Səhifə > Sosial, Manşet > Dövlət sahibkara arxa durur, bu qurumsa...
Dövlət sahibkara arxa durur, bu qurumsa...5-10-2016, 08:45 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Salman Xudu oğlu İsgəndərovun fəaliyyətində ciddi neqativ hallar, çoxsaylı nöqsanlar müşahidə olunmaqdadır. Belə ki, Salman İsgəndərovun rəhbərlik etdiyi qurumun Xəzər, Sabunçu və Pirallahı regionu əhatə etdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun qarşısına qoyulan vəzifələri layiqincə icra edə bilmir. Məhz elə bu səbəbdən də hazırda Xəzər, Sabunçu və Pirallahı rayonlarının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmək müfəttişlərinin qanunsuz əməllərindən cana doyduqlarını iddia edən mənbənin sözlərinə görə, 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Salman İsgəndərovun tapşırığına əsasən sahibkarlıq subyektlərində qanunsuz yoxlamalar həyata keçirirlər: «Deyilənlərə görə, Salman İsgəndərovun tabeliyində çalışan şəxslər ayda bir neçə dəfə adıçəkilən rayonların ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə baş çəkib region rəhbərinin «salam»ını çatdırırlar. Təbii ki, bütün iş adamları bu «salam»a mütləq «təşəkkür»lə cavab verməlidirlər. Əks təqdirdə, 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları onları cərimələyə, əlavə problemlərlə üz-üzə qoya bilər». Bu arada, Xəzər rayonundakı əksər daş karxanalarının Salman İsgəndərovla hər ay «görüş»düklərini qeyd edən məlumatlı şəxs bildirir ki, 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi sahibkarları incitməklə, özəl şirkət rəhbərlərini müxtəlif bəhanələrlə sıxışdırmaqla şəxsi maraqlarını təmin etməyə çalışır: «Deyilənlərə görə, Salman İsgəndərov bu cür üsullarla özünə külli miqdarda sərvət toplamağa nail olub. Belə ki, hazırda Mehdiabad qəsəbəsində yerləşən «Ülvi» şadlıq sarayı, o cümlədən onun yaxınlığında yerləşən özəl klinika məhz 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinə məxsus olduğu bildirilir. Məsələnin maraqlı tərəfi ondadır ki, Salman İsgəndərov əlində olan imkanlardan yararlanaraq yaxın adamlarını müxtəlif vəzifələrə yerləşdirib, ən gəlirli sahələri öz adamlarına həvalə edib. Lakin bütün bunlara baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə nədənsə Salman İsgəndərovun əməllərini görməzdən gəlir. Halbuki 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları restoranlardan, çayxanalardan aylıq nəysə almaqla yanaşı, tikinti sahələrində insanları günəmuzd işlədən sahibkarlardan da yığımlar edirlər. Sözsüz, bununla həm işçilərin hüquqları pozulur, həm də dövlətə külli miqdarda ziyan dəyir. Çünki günəmuzd işçi çalışdıran təşkilatlar bir qayda olaraq vergidən yayınmaqla məşğul olurlar. Qanunla əmək müfəttişliyi xidməti müqaviləsi olmayan işçilərin hüquqlarını təmin etməli və sahibkarın onlarla əmək müqaviləsi bağlamasına yardımçı olmalıdır. Lakin Salman İsgəndərov nədənsə vətəndaşlar əvəzinə sahibkarlara «xidmət» etməyi daha məqsədə müvafiq bilir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |