Əsas Səhifə > Sosial, Manşet > Eldar Mahmudovun Amaliya Pənahovadan aldığı qaytarılacaqmı?

Eldar Mahmudovun Amaliya Pənahovadan aldığı qaytarılacaqmı?


8-10-2016, 10:21
Eldar Mahmudovun Amaliya Pənahovadan aldığı qaytarılacaqmı?
Xalq artisti Amaliya Pənahovanın təşəbbüsü ilə yaradılmış Bakı Bələdiyyə Teatrının gələn il 25 yaşı tamam olur. Faktiki ünvanı keçmiş Şəhriyar adına mərkəz, hazırda isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi olsa da, teatr 6 ildir ki, “Dostluq” kinoteatrında yerləşdirilib.

Amaliya Pənahova deyir ki, rəhbəri olduğu teatrın rəsmi olaraq ünvanı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzidir: “Altı ildir ki, “Dostluq” kinoteatrına yerləşdiriblər, orada məskunlaşmışıq. Deyirlər ki, təmir olunacaq, ya da teatra başqa yer verəcəklər”.

Teatrın faktiki ünvanı DTX-nın Mədəniyyət Mərkəzi olsa da, heyətin bundan sonra yenidən ora köçürülməsi inandırıcı görünmür. Çünki DTX Mədəniyyət Mərkəzinin fəaliyyəti bu qurumun dövlət əhəmiyyətli tədbirlərinin keçirilməsinə yönəldilib və bununla bağlı daxili qaydalar təsdiqlənib. Mədəniyyət mərkəzinin yerləşdiyi binanın mədəniyyət tədbirlərinin keçirilməsi üçün əlverişli olması və buna rəğmən istifadəsiz qalması suallar doğurmaya bilmir.

Qeyd edək ki, hələ ötən il Mədəniyyət mərkəzinin özünün adında ehtiva etdiyi kimi sırf mədəni-kütləvi və mədəni-maarifləndirmə, bədii təhsilin inkişafı istiqaməti üzrə istifadə olunması üçün ciddi təlimatlar verilib.

Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmasından sonra Mədəniyyət Mərkəzinin fəaliyyətinin nədən ibarət olacağını öyrənmək DTX-nin mətbuat xidməti Arif Babayevlə əlaqə saxladıq. A.Babayev isə bu barədə dövlət xidmətinin saytındakı məlumatdan yararlanmağımızı məsləhət gördü.
Binanın bundan sonra hansı profil üzrə fəaliyyət göstərəcəyi barədə məlumat öyrənə bilməsək də, keçmişi barədə məlumatlar tarixi sənədlərdə qeyd olunub.

Bina XX əsr memarlığının nümunəsi hesab olunur. Vaxtilə binanın ərazisində tanınmış polyak memarı Yozef Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilib və 1931-ci ildə bolşeviklərin göstərişinə əsasən dağıdılana qədər fəaliyyət göstərmiş kastyol mövcud olub. Ötən əsrin 30-cu illərində o zaman vahid bir qurum olan dövlət daxili işlər və təhlükəsizlik orqanları üçün Bakıda mədəniyyət klubunun yaradılması qərarına gəlinir. 1938-39-cu illərdə sonralar “Dzerjinski klubu” kimi tanınan binanın inşası aparılsa da, II Dünya müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalır. 1947-ci ildə Azərbaycan Dövlət Layihə İnstitutunun layihəsinə əsasən binanın tikintisi tamamlanır. 1951-53-cü illərdə baş mühəndis Həsən Məcidovun rəhbərliyi altında müəyyən tikinti-tamamlanma işləri aparılan binada uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlər keçirilib.

Sonrakı dövrdə bu bina - 2008-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin balansına qaytarılana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Şəhriyar adına Mədəniyyət Sarayı kimi fəaliyyət göstərib. Eldar Mahmudovun nazir olduğu dönəmdə MTN-in balansına qaytarılıb. Nazirliyin Mədəniyyət Mərkəzi adlanan binada həmin ərəfədən müasir standartlara cavab verən əsaslı təmir-tikinti işləri aparılmasına başlanılıb.

Mədəniyyət mərkəzində 352 nəfərlik konsert salonu, 100 nəfərlik kiçik zal, konfrans zalı və 120 nəfərlik restoran var.
\\hafta.az\\
Geri qayıt