Əsas Səhifə > Sosial, Manşet > Laçın sakininin Yasamalda TORPAQ DAVASI

Laçın sakininin Yasamalda TORPAQ DAVASI


22-10-2016, 10:23
Laçın sakininin Yasamalda TORPAQ DAVASI
Laçın rayonu, Minkənd kənd sakini, hazırda Yeni Yasamal qəsəbəsində yaşayan məcburi köçkün Abdulla Gülüm oğlu Səfərov Gundelik-Baku.com-a şikayət ərizəsilə müraciət edərək adıçəkilən qəsəbədəki 300 kvadratmetrlik qanuni sənədli torpaq sahəsinin Aydın adlı şəxs tərəfindən qeyri-qanuni yolla zəbt edildiyini bildirib. Belə ki, «Biz 1992-ci ildən Yeni Yasamal qəsəbəsində məskunlaşmışıq. Həmin vaxtı Yeni Yasamalda 300 kvadratmetrlik bir yer almışdıq. Bir müddət sonra həmin ərazidə tikinti işləri apardıq. Lakin 2006-cı ildə həmin ərazidəki bazarı dağıtdılar. Bu zaman bizim kafemiz də dağıtdılar. O gündən indiyədək heç bir tikili-filan etməmişdik. Yəni qanuni sənədlərimiz olan yer boş qalırdı» deyən şikayətçinin sözlərinə görə, bir müddət sonra onun 300 kvadratmetrlik yerini kimlərsə hasara aldı: «Hasarlama işləri apararkən onlara yaxınlaşdıq və özümüzü təqdim etdikdən sonra yerin sahibi olduğumuzu bildirdik. Dedik ki, bu yerin bütün lazımı sənədləri var, hər şey qaydasındadır. Belə ki, 1994-cü ilin ma ayının 6-da Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən inşaat pasportunun olduğunu da qeyd etdim. Bildirdim ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevin verdiyi sərəncam əsasında bizim burda tikilimiz olub. Bir sözlə, bu yerin bizim olduğunu dedim. Lakin uzun söz-söhbətdən sonra Aydın adlı şəxs bildirdi ki, yox, yerin mənimdir, Bakı Şəhər İcra Hakimiyyətindən qərar almışam və buna görə də buranı hasarlayacam. Nə isə məcburi köçkün olduğumuzdan bizi eşidən, səsimizə səs verən olmadığından Aydın adlı şəxs həmin 300 kvadratmetrlik yeri qeyri-qanuni yolla zəbt edib». Məsələ ilə bağlı bütün müvafiq dövlət qurumlarına rəsmi qaydada şikayət etdiyini vurğulayan Abdulla Səfərov bildirir ki, hələ də heç kimdən cavab almayıb: «Hər yerə yazmışıq. Elə bir yer qalmayıb ki, ora şikayət ərizəsi ünvanlamayaq. Lakin indiyədək heç bir cavab almamışıq. Həmin Aydın adlı şəxsin kim olduğunu, hansı vəzifədə çalışdığını deyə bilmərəm. Lakin bir onu bilirəm ki, bu adamın arxasında nüfuzlu adamlar olmasa o, bizim qanuni torpaq sahəmizi zəbt edə bilməzdi. Hələ də yerimi onun əlindən ala bilmirəm. Deyilənlərə görə, həmin Aydın adlı şəxs bina tikintisilə məşğul olur. O bir neçə yuxarı təşkilatların adını hallandırır və qeyd edir ki, nüfuzlu şəxslərlə şərikəm, onlarla ortaq iş görürəm. Bildirir ki, sən bizə heç nə edə bilməzsən, əlimiz hər yerə çatır. Dedim ki, biz onsuz da məcburi köçkünük, qaçqın adamıq, bir dəfə ermənilər əlimizdən yerimizi alıb, ikinci dəfə də siz alırsınız. Lakin o, yenə də öz bildiyini etdi və 300 kvadratmetrlik torpaq sahəmi zəbt etdi». Həmin Aydın adlı şəxsin ərazidə bina inşa etmək istədiyini bildirən şikayətçinin sözlərinə görə, onunla yanaşı, digərlərinin də ərazisi zəbt olunub: «Aydın adlı şəxs məndən başqa bir çolarının da yerini hasara alıb, özününküləşdirib. O, digərlərinin torpaq sahələrinə görə pul verib onları razı salsa da, mənim ərazimi heç nə ödəmədən zəbt edib. Məsələnin maraqlı tərəfi ondadır ki, Aydın müəllim sənədsiz, bir qarajlıq yerə görə 30-40 min versə də, mənim 300 kvadratmetrlik yerimə görə heç nə ödəmək istəmir. Onu öncədən heç tanımamışam, heç bir ədavətim-filan olmayıb. Lakin buna baxmayaraq, Aydın adlı şəxs əsassız yerə torpaq sahəmi zəbt etməklə mənim konstitusion hüquqlarımı tapdayıb. Müvafiq dövlət qurumlarından xahişim odur ki, üzləşdiyim problemin həllində mənə yardımçı olsunlar, qanuni torpaq sahəmin zəbt olunmasına imkan verməsinlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt