Əsas Səhifə > Sosial, Manşet > Səfər Mehdiyev nazir postuna iddialıdırsa...
Səfər Mehdiyev nazir postuna iddialıdırsa...26-10-2016, 08:57 |
Keçən il iyul ayında Qafqaznews.az-da Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyevlə bağlı silsilə yazılar dərc olunmuşdu. Həmin yazılarda DGK-nın Vergilər Nazirliyi ilə birləşdiriləcəyi barədə yayılan məlumatlara toxunulur və hakimiyyət dəhlizlərində də dolaşan bu söhbətlərin içində Səfər Mehdiyevin adının çəkilməsi də qeyd olunurdu. Həmçinin o da bildirilirdi ki, Səfər Mehdiyev Vergilər Nazirliyində yüksək vəzifə tutan bir neçə məmurla “xüsusi çevrə” formalaşdırıb və cəmiyyətdə “iki qurumun birləşdirilməsi” barədə ideyanın möhkəmlənməsində də məhz bu çevrənin “zəhmət”i istisna deyil. Maraqlıdır ki, elə Qafqaznews.az-da yazılar dərc olunduğu zamanda, Səfər Mehdiyev vergilər naziri Fazil Məmmədovla qohum oldu. Məlumatı olmayan oxucularımıza bildirək ki, keçən il yay aylarında Səfər Mehdiyevin oğlu nişanlandı. Gəlinin dayısı isə kim olsa, yaxşıdır? Əlbəttə ki, vergilər naziri cənab Fazil Məmmədov… Məlumata aydınlıq gətirək: Səfər Mehdiyev Binəqədi RİH başçısı Xaləddin İsgəndərovla quda olublar. Əlbəttə ki, “yeni yaradılacaq birgə nazirliyin gələcək başçısı” tipində şayiələrin ayaq açmasında məhz Səfər Mehdiyevin bu “gediş”inin rol oynadığını desək, yanılmarıq. Dövlət Gömrük Komitəsində ən mühüm vəzifələrə öz qohumlarını və həmkəndlilərini yerləşdirən S.Mehdiyevin nazir olmasının “mexanizm”i də mətbuata sızmış və ya yuxarıda qeyd etdiyimiz “xüsusi çevrə”dən sızdırılmışdı. Belə ki, ötən il Fazil Məmmədov baş nazir müavini vəzifəsinə təyin olunacağı barədə məlumatlar da mətbuatda geniş yayılmışdı. Hazırda da, vitse-prezidentliyə namizədlər sırasında Fazil Məmmədovun da adı hallandırılır ki, bunun “cəmiyyətdə toxum səpilməsi” olub-olmadığı da suallar doğura bilər. Hər halda, bu xeyir işdən sonra Səfər Mehdiyevin mövqeləri xeyli möhkəmlənib və o, Fazil Məmmədovun daha da yüksələcəyi halda özünü “nazirin varisi” hesab edə bilər. Olsun, biz heç kimin vəzifəyə təyin olunmağının paxıllığını çəkmirik. Əlbəttə ki, Səfər Mehdiyevin müxtəlif vasitələrlə milyardlar toplaması və hətta xarici ölkələrdə mülklər alması barədə də iddialar da mətbuatda az yayılmayıb. Lakin bu iddia və məlumatlara toxunmadan, oxucuların diqqətini başqa məqama çəkmək istəyirik. Bir neçə gün öncə Qafqaz Xəbər Agentliyinə Səfər Mehdiyevin bacanağı oğlu ilə bağlı şikayət ərizəsi daxil olmuşdu. Şikayətdə xüsusi olaraq qeyd olunurdu ki, Rəfael Niftəliyev Səfər Mehdiyevlə qohumluq əlaqələrindən istifadə edərək, sahibkarları incidir, onların gətirdiyi malların gömrükdən keçirilməsinə maneəçilik törədir. Bir sözlə, bu şəxslər vətəndaşları hökumətə qarşı qaldırmaq niyyətində olduqları öz təsdiqini tapır. Cənab Prezident özü dəfələrlə vurğulayıb ki, sahibkarları incitmək, dövlətdən küsdürmək olmaz. Həmçinin, sahibkarların rahatlığı vətəndaşların da rahatlığı deməkdir. Sahibkarı incidilməyən ölkədə ucuzluq olar, yeni iş yerləri açılar və cəmiyyətdə hökumətə qarşı nəinki gərginlik, hətta ümummilli bir simpatiya, qopmaz bağ yaranar. Sahibkarı da, sadə vətəndaşı da hökumətdən küsdürən məmurlar isə “dövlət qulluqçusu” adına xələl gətirirlər… Digər tərəfdən isə Səfər Mehdiyevin qudası Xaləddin İsgəndərov son günlər mətbuatın manşetlərini işğal edib. Bir neçə gün şəhərə yağan yağışlardan sonra Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsinə dolan sulardan nəticə çıxarmayan Xaləddin İsgəndərov, öz laqeydliyi ilə M.Rəsulzadə qəsəbəsinin sakinlərində dövlət qurumlarına qarşı gərginlik yaradır.bineqedi Öz qohumluq əlaqələrindən istifadə edərək, sərvət toplamağa və daha da “yüksəlməyə” çalışan məmurlar bir anlıq öz ambissiyalarına “dur” desələr… Və düşünsələr ki, bu dövlət pilləkənində çox məmurlar kəllə-mayallaq olub, tappıltıyla ən yuxarı pillələrdən aşağı yuvarlanıb… Bəlkə də, qəfildən vicdana gələr… Daha vətəndaşları incitməzdilər. Necə deyərlər, hər şey vicdanın olub-olmamasından asılıdır. Geri qayıt |