Əsas Səhifə > Sosial, Manşet > Köhnə maşın bazarında təzə problemlər

Köhnə maşın bazarında təzə problemlər


31-10-2016, 08:50
Köhnə maşın bazarında təzə problemlər
Xətai rayonu, Babək prospektində yerləşən «maşın bazarı»nda son zamanlar ciddi problemlər yaşanmaqdadır. Belə ki, bu ilin iyun ayında avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğından sonra adıçəkilən məkanda ticarətlə məşğul olan şəxslərin acınacaqlı durumla üz-üzə qaldıqlarını vurğulayan mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, adıçəkilən ticarət mərkəzində alverlə məşğul olan sahibkarlara qarşı bazar rəhbərliyi tərəfindən haqsızlıqlar gün keçdikcə daha çox artır. Beləliklə, bu ilin iyun ayında baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyini, bazarda olan 3 ticarət çərgəsinin birinci sırası tam, ikinci sıranın isə bir hissəsinin yandığını, 60-dan çox mağaza və köşkün külə döndüyünü qeyd edən məlumatlı şəxsin sözlərinə görə, bazar rəhbərliyi ürəyi istədiyi vaxt kirayə pulunu artırır: «Deyilənlərə görə, bazarın yeni rəhbəri İldırım müəllim kirayə haqqını birdən-birə 3 dəfə artırıb. Bu ilin yayında baş vermiş yanğın zamanı bazarda alverlə məşğul olanların əksəriyyətinə külli miqdarda ziyan dəysə də, bazar rəhbərliyi buna əhəmiyyət vermir. Belə ki, burada Qarabağ müharibəsi əlillərinə, veteranlarına ögey münasibət sərgilənir. Deyilənlərə görə, İldırım müəllim bazarın rəhbərliyinə gəldikdən sonra Qarabağ əlillərindən hər kvadratmetrə görə 150 manat kirayə haqqı tələb edir. Bu isə əvvəlki qiymətdən düz 3 dəfə bahadır. Qarabağ əlilləri bildirirlər ki, bazar ya yandı, ya da yandırıldı, bunu heç kim dəqiq bilməsə də, onlara dəyən ziyana görə kompensasiya ödəyən olmayıb. Əksinə bazar rəhbərliyi heç bir konkret səbəb göstərmədən kirayə haqlarını artırıb». Babək prospektində yerləşən «maşın bazarı»nda müxtəlif növ avtomobillər üçün ehtiyat hissələri, aksessuarların satıldığını bildirən mənbə son zamanlar maşın bazarının bütün bölmələrində alıcı qıtlığı yaşandığını, məhz bu səbəbdən də alverin zəif olduğunu qeyd edir: «Maşın bazarı»nda ticarətlə məşğul olan sahibkarlar, o cümlədən Qarabağ əlilləri bu cür ağır şəraitdə gündəlik çörək pulunu min-bir əziyyətlə çıxarırlar. Onlar bazarda alverin zəif olması səbəbindən kirayə pulunu ödəməkdə ciddi çətinlik çəkirlər. Əsasən də yayda baş vermiş yanğından sonra burada alver nəzərəçarpacaq dərəcədə zəifləyib. Çünki həmin vaxt aləmə səs saldılar ki, Babək prospektində yerləşən maşın bazarı sökülür və artıq burada avtomobil hissələri satılmayacaq. Demək olar ki, elə həmin gündən burada vəziyyət heç də ürəkaçan deyil. Lakin buna baxmayaraq, bazarın yeni rəhbəri İldırım müəllim heç bir tutarlı səbəb göstərmədən əksər dükanların kirayə haqlarını 3 dəfə artırıb. Deyilənlərə görə, bazar rəhbərliyinin bu qərarı daha çox Qarabağ əlillərinə ziyan vurub. Çünki bəzi dükanlar hələ də bir kvadratmetrə görə 50 manat icarə haqqı ödədiyi halda, Qarabağ əlillərindən 150 manat tələb olunur. Onu da nəzərinizə çatdırım ki, bazar rəhbərliyinin qərarına etiraz etdikdə İldırım müəllim «Kim əvə hara istəyirsinizsə, gedin şikayət edin. Bazarın rəhbəri mənəm, özüm bilərəm» deyir». Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, bazar rəhbərliyi heç bir halda güzəştə getmək fikrində deyil: «Deyilənlərə görə, əgər belə davam edərsə, o zaman «maşın bazarı»nda ticarətlə məşğul olan sahibkarlar, əsasən də Qarabağ əlilləri tezliklə etiraz aksiyası keçirəcəklər. Çünki bazar rəhbərliyi onlara gün verir, işıq vermir. Satıcılar burada tez-tez haqsızlıqlarla üzləşməli olurlar. Onu da nəzərinizə çatdırım ki, bazar rəhbərliyi müxtəlif yollara baş vuraraq dövlətə vergi verməkdən yayınır. Odur ki, əgər müvafiq qurumlar Babək prospektində yerləşən «maşın bazarı»nda yoxlamalar apararsa, vergidən yayınma faktlarıyla rastlaşacaqları şübhəsizdir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt