Əsas Səhifə > Sosial, Manşet > Nazirə işçilərindən şikayət var
Nazirə işçilərindən şikayət var1-11-2016, 08:55 |
Oktyabrın 27-də Qafqaznews.az saytında “Ədliyyə Nazirliyinin Kürdəmirdəki icraçıları nə işlə məşğuldur?” başlıqlı yazı dərc olunmuşdu. Bakı sakini Rafiq Atamxan oğlu Məmmədov Qafqaz Xəbər Agentliyinə bildirmişdi ki, Kürdəmir rayon Mollakənd kənd sakini Mirabdulla Mirələm oğlu Abdullayevdən 3530 manat tutulub ona verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi 9 aya yaxındır icra olunmur və Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra Şöbəsi bu istiqamətdə ciddi bir addım atmır. Oktyabrın 31-də yenidən Qafqaz Xəbər Agentliyinə müraciət edən Rafiq Məmmədov bildirdi, məsələ ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova da (surəti Göyçay Regional Şöbəsinin rəisi Ruslan Osmanlıya da göndərilməklə) yazılı müraciət ünvanlayıb. Həmin müraciətin mətnini Qafqaznews.az oxucularına təqdim edirik: “Azərbaycan Respublikasının Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Fərrux oğlu Məmmədova Surəti: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə Şöbəsinin rəisi Ruslan Tufan oğlu Osmanlıya MÜRACİƏT Cənab Nazir! Yazıb bildirirəm ki, Kürdəmir Rayon Məhkəməsinin 7 yanvar 2016-cı il tarixli qətnaməsi 9 aydır icra olunmur. Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra Şöbəsinin icraçıları tərəfindən öz işimə qarşı göstərilən laqeydlikdən narazıyam. Kürdəmir rayon Mollakənd sakini Mirabdulla Mirələm oğlu Abdullayev 15 yanvar 2015-ci il tarixdə mənə müraciət edərək, pul ehtiyacının olduğunu bildirib və məndən 20 gün müddətinə qaytarmaq şərti ilə üç min beş yüz manat pul aldı. Mirabdulla Abdullayev məni inandırmışdı ki, tezliklə mal-qara ticarətiylə məşğul olaraq, mənim pulumu qaytaracaq. Hətta o, bu işlərdə mənə “şərik” olmağı da təklif etmişdi. Mirabdulla Abdullayev məndən aldığı pula dair öz xətti ilə “dilindən kağız” da yazaraq, imza atmışdı. Aramızda olan dostluq münasibətinə görə, mən onun vədlərinə aldanaraq, bu pulu verdim. Lakin Mirabdulla Abdullayev bu pulu aldıqdan sonra, mənimlə əlaqəni kəsdi və uzun müddət onu tapa bilmədim. Mən məcbur olaraq, 2015-ci il noyabrın 15-də Kürdəmir Rayon Məhkəməsinə müraciət etdim. Bu il yanvarın 7-də Kürdəmir Rayon Məhkəməsinin hakimi Rafiq Bağırovun sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, Mirabdulla Abdullayev həqiqətən də mənə 3500 manat borcludur və ondan məhkəmə rüsumu ilə birlikdə 3530 manat tutulub mənə verilməlidir. Hörmətli Fikrət Məmmədov! Bu iş Kürdəmir Rayon İcra Şöbəsinə tapşırılsa da, 9 aydır ki, Kürdəmir Rayon Məhkəməsinin 7 yanvar 2016-cı il tarixli, 2(041)-62/2016 nömrəli qətnaməsi icra olunmur. Qəribədir ki, Mirabdulla Mirələm oğlu Abdullayev məhkəmə qətnaməsini yerinə yetirməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb olunmur. Özüm Bakıda yaşadığıma görə, Kürdəmirə tez-tez getmək imkanım yoxdur. Bundan əvvəl dəfələrlə Kürdəmir Rayon İcra şöbəsinə zəng etsəm də, işin icrasıyla kimin məşğul olduğunu öyrənə bilməmişdim. Lakin bu yaxınlarda Kürdəmirə getdim və öyrəndim ki, bu işin icrası iyul ayından bəri Hikmət Quliyevə tapşırılıb. Ondan əvvəl isə işin Vüqar adlı icraçıda olduğunu, onun isə bu yaxınlarda Hacıqabul rayonu İcra Şöbəsinə göndərildiyini öyrəndim. Hikmət Quliyev mənə dedi ki, bu işi icraata təzə götürüb, amma məşğul olacaq. Lakin bu aylar ərzində heç bir tədbir görülməməsi məndə narahatlıq yaradıb. Ona görə də, bu məsələnin tez bir zamanda həll olunması üçün, Sizə müraciət etməyi lazim bildim. Eyni zamanda, Qafqaz Xəbər Agentliyinə də müraciət edərək, işin icraatındakı ləngimənin səbəblərinin araşdırılmasını xahiş etmişəm. Təəssüflər olsun ki, Kürdəmir Rayon İcra Şöbəsindən jurnalistlərə də tutarlı bir səbəb bildirilməyib. Belə məlum olur ki, bu aylar ərzində iş icraatda yox, sadəcə “icrasızlıq”da olub. Qeyd edim ki, mən yaxın aylara qədər bir xarici şirkətdə tərcüməçi işləmişəm, lakin sözügedən şirkət bağlandıqdan sonra, işsiz qalmışam və yaşlı valideynlərimin olması, onların səhhətindəki problemlər məni çıxılmaz vəziyyətə salıb. Cənab Nazir! Sizdən xahiş edirəm ki, Kürdəmir Rayon İcra Şöbəsindəki laqeydliyin aradan qaldırılması və Mirabdulla Abdullayevin məsuliyyətə cəlb olunması üçün, mənə kömək edin. İnanıram ki, Siz bu məsələni öz nəzarətinizə götürsəniz, problem qısa bir zamanda həll oluna bilər. Hörmətlə, Rafiq Atamxan oğlu Məmmədov Geri qayıt |