Əsas Səhifə > Sosial, Manşet > 2017 - icra başçılarının ağır sınaq ili olacaq

2017 - icra başçılarının ağır sınaq ili olacaq


15-12-2016, 08:47
2017 - icra başçılarının ağır sınaq ili olacaq
Prezident İlham Əliyevin regionlara səfərlərində, həmçinin müşavirələrdə tez-tez "İcra başçılarının fəaliyyətinə gördükləri işlərə, rayona cəlb elədikləri investisyalara görə qiymət veriləcək",- xəbərdarlığından nəticə çıxarmayan rayon rəhbərləri haqqında 2017-ci ildə ciddi tədbirlər görüləcək.

Reyting.az-ın məlumatına görə, ölkənin valyuta ehtiyatlarının və mərkəzi büdcədən rayonlara ayrılan vəsaitlərin azalması da icra başçıları üçün ciddi sınaq sayılacaq.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində ciddi azalma var. Buna uyğun olaraq bir sıra sahələrə əvvəlki illərdən fərqli olaraq, pul ya ayrılmayacaq, ya da xeyli az məbləğ veriləcək. Bu isə əyalətlərə öz təsirini göstərəcək. Məhz bunu nəzərə alan dövlət başçısı bir ildir rayon rəhbərlərindən daha çevik olmağı və işqurma bacaraqlarını artırmağı tələb edir.

Məlumata görə, bundan nəticə çıxarıb, şəxsi təşəbbüsləri ilə bir sıra ölkələrə səfər edərək, oradakı iş adamları ilə görüşlər keçirib, rayona investisya yatırmağa çalışan icra başçıları da var. "Ancaq elə başçı da var ki, o, nəinki belə bir təşəbbüs göstərir, əksinə, büdcə vəsaitlərinin rayonda talan edilməsinə ya göz yumur, ya da belə xoşagəlməz proseslərdə birbaşa iştirakçı olur",-deyə mənbə bildirib.

Məlumatlı şəxsin sözlərinə görə, son aylar Hesablama Palatasının kollegiya iclasında bir sıra rayonlarda aparılan yoxlamaların müzakirəyə çıxarılması və orada əks olunan korrupsiya faktlarının səviyyəsi göstərir ki, belə rayon rəhbərləri ilə hədəfə çatmaq mümkünsüzdür. Məsələn, bir neçə gün əvvəl 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub. Hesabatda 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Həziabad kəndi 360, Soltankənd kəndi 180, Cəfərli kəndi 180, Məmmədrzalı kəndi 220 və İncilli kəndi 180 şagird yerlik tam orta məktəblərin tikintisi, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarının tikintisi və rayonunun abadlıq-quruculuq işləri üçün istifadə olunan ümumilikdə 41 milyon 956 min manatdan çox vəsaitin auditlə əhatə olunduğu öz əksini tapıb.

Auditlə əhatə olunan dövrdə 4 kənddə tam orta məktəb üçün binaların tikilərək istismara verildiyi, Cəlilabad ilə 5 kəndi və 8 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının tikintisi aparılıb, rayonun mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsə də, bəzi nöqsanlara yol verilib.

Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Prezidentin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, mövcud qaydaların tələblərinə əməl edilməyərək akt zalının, idman zalının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.

Qüvvədə olan qaydaların tələbinə əməl olunmayaraq sökülən köhnə məktəblərin yerində inşaa olunsa da, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin, onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün müvafiq ləğvetmə komissiyası yaradılmayıb, avtomobil yollarının istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə aidiyyəti qurumların nümayəndələri daxil edilməyib.

Mənbəmiz digər oxşar faktları xatırlamayıb. Deyib ki, təkcə bu fakt göstərir ki, Cəlilabadda prezidentin fərmanı ilə, eyni zamanda mərkəzi büdcədən ayrılan vəsaitləri necə mənimsəyiblər.

İddiaya görə, digər rayonlarda da oxşar mənimsəmələr baş verib və bu, Hesablama Palatasının məlumatlarında qeyd olunub. "Bütün bunlar birbaşa ölkə başçısına, onun hədəflərinə mane olmaqdan başqa bir şey deyildir”,-deyən mənbə bildirib ki, bütün bunlar yuxarı dairələr, konkret olaraq Prezident Administrasiyası tərəfindən ciddi nəzarətə götürülüb və fəaliyyətlərində nöqsanlara yol verən icra başçıları vəzifələrindən kənarlaşdırılacaqlar.

Məlumatlı şəxs qeyd edib ki, 2017-ci il belə icra başçılarına ağır sınaq ili olacaq. "Çox pulla rayonun problemlərini nisbətən qapadan icra başçıları indi həmin işləri daha keyfiyyətli şəkildə, özü də az pulla həll eləməlidirlər. Üstəlik, rayona sərmayə cəlb etməli, yeni iş yerləri açmalı, camaatla daha xoş və sıx əlaqələr qurmalı, onların problemlərinə daha həssas ve çevik yanaşmalıdırlar. Razılaşaq ki, bunu hazırkı icra başçılarından çoxu bacaracaq təfəkkür və idarəetmə qabiliyyətinə malik deyil. Ona görə də, hesab edirəm ki, 2017-ci il bir çox icra başçılarının vəzifədən kənarlaşdırılması ilə tarixə düşə bilər",-deyə mənbə bildirib.

Geri qayıt