Əsas Səhifə > Sosial, Güney Press, Manşet > “İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar”

“İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar”


16-12-2016, 09:02
“İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamı İlham Qasımovun başı yenidən bəladadır. Onun adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçir, özü isə hazırda həbsdədir.

Günunsesi.info-nun yaydığı xəbərə görə, İlham Qasımov ifadəsində Eldar Mahmudovun onun başına gətirdiyi olayı bu şəkildə anladıb: “Eldar Mahmudov oğlum Nurlan Qasımlını yaşadığı evin qarşısından oğurladaraq, onun azad olunması müqabilində 1 milyon 50 min manat pulumu aldı. Oğlum köhnə avtovağzalın yanındakı yeni binalarda yaşayırdı. Evdən çıxan kimi aparıblar. Mənə xəbər göndərdi ki, ”əli dolu" gəl, oğlunu apar. Mənə dedilər ki, oğlunu azad etdirməsən, 10 ildən artıq həbsxana həyatı yaşayacaq. Məcbur olub pulu verdim".

Hazırda həbsdə olan İlham Qasımovun vəkili Mərdəli Süleymanov “Yeni Müsavat”a açıqlamasında deyib ki, müvəkkilinin qanunsuz və əsassız olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməsi ilə oğlunun oğurlanması arasında əlaqə barədə onlarda məlumat yoxdur: “Amma bilirik ki, Mahmudovun dəstəsi onun başına oyun açıb, oğlunu qanunsuz tutub saxlayıblar, İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar”.

Vəkil müvəkkilinin hazırda həbsdə saxlanılmasının səbəbindən də danışıb: “İlham Qasımovun barəsində bu il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqda hökm çıxardı. 33 səhifəlik hökmdə əsaslandırma, sadəcə, yoxdur. İlham Qasımovun barəsində ittiham aktında yazılanları faktiki olaraq hökmə köçürdülər. İttihamda yazırdılar ki, İlham Qasımov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin küllü miqdarda əmlakını ələ keçirib. Guya Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməli olan ”MTK-Real" MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib. Layihə sənədlərinin hazırlanması və təsdiq olunmasını 10 milyon manat pulun müqabilində həll edəcəyini MTK-nın faktiki təsisçilərindən olan Gülağa Qənbərova yalandan vəd verib. Əslində isə məsələ belə deyil. Gülağa Qənbərovla İlham Qasımovu general tanış edib. Həmin generalın onları tanış etməsini Gülağa Qənbərov da gəlib məhkəmədə dedi. Bildirdi ki, adlını çəkməyəcək.

İlham Qasımov isə dedi ki, onları Müqəddəs müəllim tanış edib, deyib ki, gedib şərik işləyin. İlham Qasımov 3 gün vaxt istəyib ki, gedib Gülağa Qənbərovun kimliyini araşdırsın. Araşdırıb, bilib ki, bu adamı hamı şair Gülağa Tənha kimi tanıyır. Vaxtilə OMON-çulara dəstək verib. OMON ləğv ediləndən sonra Gülağa Tənha Rusiyaya qaçıb. Orada bir müddət Aleksandr Mixayloviç Urov ad-soyad, ata adı ilə yaşayıb. Orada Moskva meri Lujkovun həyat yoldaşı ilə tikinti biznesi ilə məşğul olub, milyonlar qazanıb. Gülağa Tənha Azərbaycana Eldar Mahmudovun vasitəsilə gəlib. Bütün bunları araşdırıb biləndən sonra müqəddəs müəllimə deyib ki, bizim şərikliyimiz baş tutmaz, MTK-dakı payımı Gülağa Tənhaya satıb bu günə qədər gördüyüm işlərə görə faizimi götürəcəyəm.

Bütün razılaşmalar mülki müqavilələr şəklində rəsmiləşdirilib. İlham Qasımov MTK-dakı payını Gülağa Tənhaya satıb və MTK onun həyat yoldaşı Şəhla Rüstəmovanın və Təranə Əliyevanın adına rəsmiləşdirilib. Beləliklə, 2014-cü ildən İ.Qasımov MTK-nın nizamnamə fondunda olan öz payını sataraq kooperativin təsisçiliyindən çıxıb. Bundan sonra Gülağa Tənha tikinti aparılacaq ərazidə yaşayan sakinlərin köçürülməsi, özülün qazılması, betonun tökülməsi və s. işlərin görülməsi üçün 13 milyona yaxın pul xərcləyib. İlham Qasımovun həmin vaxt həmin MTK-ya heç bir aidiyyəti olmayıb. Buna baxmayaraq, Gülağa Tənha Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İlham Qasımova qarşı mülki iddia qaldırıb. İddasında göstərib ki, binanın tikintisinə ayrılan pulların təyinatı üzrə xərclənməməsindən şübhələnir. Məhkəmə araşdırıb, məlum olub ki, 13 milyon manatın 8 milyon 400 min manatı xərclənib, yerdə 4 milyon 790 min manata yaxın vəsait qalıb. Məhkəmə qərar çıxarır ki, həmin vəsait MTK-dan tutulub Gülağa Tənhanın həyat yoldaşına verilsin".

Vəkil deyir ki, bundan sonra G.Tənha Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək özünə qarşı dələduzluq həyata keçirildiyini bildirib: “Məhkəmənin mülki qaydada həll etdiyi məsələ üzrə cinayət işi başlanıb və İlham Qasımov dələduzluqda ittiham edilib. Saxta ittihamlarla tez-tələsik həbs olunub və Bakı İstintaq Təcridxanasına göndərilib. Həmin sürətlə də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə çatdırılıb. Yəni mülki qaydada həll edilməli olan işi cinayət müstəvisinə çıxarıb İlham Qasımovu qanunsuz olaraq 15 il müddətinə azadlıqdan məhrum etdilər. Məhkəmə hökm çıxarandan sonra bildik ki, hakim Zeynal Ağayevlə Gülağa Qənbərovun vəkili Elmar müəllim də tələbə yoldaşıdır. Məhkəmədə hakim bizə Gülağa Tənhaya suallar verməyə imkan vermədi. Məqsədi isə tez-bazar iş adamının hökmünü çıxarmaq idi. İttihamda ”zərərçəkən" kimi təqdim edilən şəxslər məhkəmədə “biz heç bir zərər çəkməmişik, İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” dedilər. Gülağa Tənha isə məhkəmədə cəmisi bir dəfə iştirak etdi, qalan məhkəmə proseslərinə isə gəlmədi. Proses başdan-ayağa araşdırma aparılmadan keçirildi. Dövlət ittihamçısı Əli Məmmədov İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etdi. Sonrakı prosesdə isə heç bir vəkilin iştirakı olmadan, İlham Qasımova son söz verilmədən 15 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm oxudu".

Vəkil bildirib ki, hökmü qanunsuz və əsassız saydıqlarından artıq apelyasiya şikayəti hazırlayıblar, yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə təqdim edəcəklər.

Geri qayıt