Əsas Səhifə > Sosial, Manşet > "Azərişıq" vətəndaşla 4 metrin davasını edir

"Azərişıq" vətəndaşla 4 metrin davasını edir


30-12-2016, 09:37
"Azərişıq" vətəndaşla 4 metrin davasını edir
Ötən günlərdə, İmişli şəhəri, Kür küçəsi, 18 ünvanında yaşayan qasımovlar ailəsinin üzləşdiyi problemi işıqlandırmışdıq. Ailə il yarımdır ki, gecəni şam işığında keçirir.

Ailə başçısı Qasım Qasımov deyir ki, "Azərişıq" ASC tərəfindən ondan tələb olunan məbləği ödəyə bilmədiyi üçün, mənzillərinə elektrik enerjisi verilmir. ASC-dən vətəndaşa bildirilib ki, 54 metr uzaqlıqda olan mənbədən evə elektrik xətti çəkməyin xərci vətəndaşın üzərinə duşu və bu məbləğ 1346 manat təşkil edir. Yəni, əgər həmin məsafə 50 metr olsaydı, "Azərişıq" bu xərci çəkərmiş. Şikayətçi bu məbləği ödəyəcək maddi imkanının olmadığından şikayətlənib. Sözügedən problemi Sputnik-ə şərh edən hüquqşünas İlham Rəşidoğlunun fikrincə, öncə müəyyən olunmalıdır ki, bu 54 metr məsafə haradan haradək olan hesab olunur: "Nazirlər Kabinetinin qərarında "qoşulma nöqtəsi" deyilən anlayış var. Yəni mənzilinə elektrik çəkilməsini öz hesabına etmək istəmirsə, o zaman həmin qoşulma nöqtəsinə, birbaşa evin əhatəsindən yox, bir az kənar yerdən bir dirək basdırmaqla, həmin xərcdən azad ola bilər". "Nazirlər Kabinetinin qərarına görə, ən yaxın mənbədən mənzilə elektrik çəkilməsinin xərci, aradakı məsafə 50 metrədək olarsa, aidiyyəti qurumun, bu məsafədən artıq olarsa, vətəndaşın üzərinə düşür. Bu ailəni belə dolaşığa salıblar ki, "sizdə məsafə 54 olduğu üçün, çəkilişin bütün xərcini özünüz qarşılamalısınız". Halbuki, 50 metrin xərcini "Azərişıq", qalan 4 metrin xərcini isə ailə ödəməlidir", — hüquqşünas bildirib. Rəşidoğlunun dediyinə görə, Qasımovlar ailəsi mənbədən başlayaraq, 50 metrin bitdiyi nöqtədə dirək quraşdırsa, həmin 50 metrlik məsafənin xərcini ASC ödəməlidir: "Ondan sonra qalan 4 metri isə müştəri özü qoşub evinə gətirə bilər. Bununla nə qanun pozulmuş olacaq, nə də vətəndaş problemlə üzləşəcək".

Geri qayıt