Əsas Səhifə > Sosial, Manşet > “RTZ” MMC vətəndaşların həyatını cəhənnəmə döndərib

“RTZ” MMC vətəndaşların həyatını cəhənnəmə döndərib


23-01-2017, 08:15
“RTZ” MMC vətəndaşların həyatını cəhənnəmə döndərib
"Gülüstan Rezidence” tikən "RTZ” MMC vətəndaşların həyatını cəhənnəmə döndərib
Nəsimi rayonunun S.Əsgərova və Ş.Əzizbəyov küçələrinin, R.Behbudov küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki ərazidə yaşayan sakinlər Bakı Şəhər İcra Hakimiyyətindən şikayətçidirlər.

Sakinlərin şikayətinə səbəb icra hakimiyyətinin icazəsi əsasında "RTZ” MMC-nin onların köçürülməsini təmin etmədən bu ərazidə "Gülüstan Rezidence” adlı çoxmərtəbəli yaşayış binası tikməsidir. Sakinlər tikinti işlərinin onların mülkiyyətinə və həyatına təhlükə yaratdığını bildirirlər.
"Ş.Əzizbəyov küçəsi 173 ünvanda ümumi həyətdə yerləşən 19 mənzildən 15-nin sakinləri köçürülərək mənzilləri sökülüb. Qalan 4 mənzili isə "RTZ” MMC yararsız və təhlükəli vəziyyətə salıb. Gecə və gündüz işləyirlər. İstirahət hüququmuzu pozurlar”,-deyə həmin ünvanda yaşayan Rəsmiyyə Həsənova bildirib.

S.Əsgərova küçəsi 3-cü döngə, ev 1, mənzil 3-də yaşayan Kamran Sultanov deyir ki, burada yaşayan sakinlərin mülkiyyət sənədləri var. Onu sözlərinə görə, kompensasiya ödəyərkən mülkiyyətin ümumi sahəsi nəzərə alınmır. Yalnız yaşayış sahəsi üçün təzminat ödənilir. Təzminatın məbləği isə 1500 manatdır.

Sahiz Zeynalov küçəsi 1, mənzil 9-da yaşayan Mirfaiq Rəsulov deyir ki, dəfələrlə mülkiyyət və insan hüquqlarının pozulması ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti qurumlarına müraciət ediblər. Amma müraciətləri şikayətçi olduqları "RTZ” MMC-yə göndəriblər. Nəticədə problem həll olunmamış qalıb”.

Sakinlər problemin həll olunması üçün ümumi və fərdi şəkildə müraciət etdiklərini deyirlər. Həmin müraciətlərdə yazılıb ki, xüsusi mülkiyyətə bitişik ərazidə tikinti işləri aparılıb: "Ərizəmizdə şikayətimizi qanunlarla əsalandırmışıq. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərtə tutulmalıdır. Amma tikinti sahəsi bizim evlərə bitişikdir. Burada pozulan tikinti normaları bununla bitmir.

Tikinti işləri sanitar-gigeyena qaydaları əməl edilmədən aparılır. Belə ki, bizə məxsus ev və ətraf ərazi daim toz-torpaq, müxtəlif tullantılar və çirkab içindədir.

Həmin məcəllənin 57.2.2-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi və tikilməsi sanitariya və gigiyena qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşmasına xidmət etməlidir.

Burada hündürmərtəbəli binanın tikintisi evimizi təbii gün işığından məhrum etmiş olacaq. Bu isə insolyasiya qaydalarının pozulmasıdır

Əgər evimizdə yanğın baş versə, yanğınsöndürən maşınların və avadanlıqların əraziyə daxil olması, baş verən yanğının qarşısını almaq mümkünsüzdür. Çünki bunun üçün ayrılmış əraziləri "RTZ” MMC zəbt edib”.

Bütün şikayətlər "RTZ” MMC-nin direktoru Ayaz Nəzərovun ünvanına gəlir. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin 31 mart 2005-ci il tarixli, 79 nömrəli sərəncamı ilə Nəsimi rayonunun S.Əsgərova və Ş.Əzizbəyov küçələrinin, R.Behbudov küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında torpaq sahəsi "RTZ” firmasının istifadəsinə verilib.

Sakinlər şikayətlərinə baxılmamasından narazılıqlarını ifadə edirlər.
Siam.az

Geri qayıt