Əsas Səhifə > Sosial, Manşet > O, bu ölkəyə göndərilə bilər...

O, bu ölkəyə göndərilə bilər...


16-02-2017, 08:52
O, bu ölkəyə göndərilə bilər...
Fevralın 13-dən işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədovun hakimiyyətdəki müəyyən dairələrlə danışıqlara başladığı deyilir.

365info.az-ın redaksiyasına daxil olan məlumata görə, Z.Məmmədov öz əlaqələrini səfərbər edərək, “təmiz adla” ölkədən uzaqlaşmağın yollarını axtarır.

Artıq Azərbaycanda sabiq nazirin səfir göndərilməsi təcrübəsi olduğuna görə, nazirə məsləhət görülüb ki, gözdən iraq, könüldən uzaq bir ölkəyə səfir göndərilmək üçün şansını yoxlasın.

365info.az-a məlumat verən mənbələr qeyd edir ki, hətta Ziya Məmmədova ölkəmizin səfiri olan, amma səfirliyi olmayan bir neçə ölkələrdən ibarət siyahı da təqdim olunub.

Oxuculara aydın olması üçün bildirək ki, Azərbaycanın bəzi səfirləri birdən-birə iki-üç ölkədə səfir sayılırlar, lakin iqamətgahları yalnız bir ölkədədir. Digər ölkələrdə isə Azərbaycanın sadəcə konsulluqları fəaliyyət göstərir.

Bu kateqoriyada Əfqanıstan, bir sıra Latın Amerikası, Şimali Afrika ölkələri, habelə, Cənub-Şərqi Asiya ölkələri yer alır.

Mənbələrin məlumatına görə, siyahıda Ziya Məmmədovun ən “çox xoşuna gələn” ölkə məhz Əfqanıstan olub.

Həmçinin, mənbələr tərəfindən Paraqvay və Çili də nazirin düşündüyü ölkələr sırasında qeyd olunur.

Əfqanıstanda ABŞ-ın siyasi və iqtisadi nüfuzu çox olduğuna görə, həm də bu ölkədə hökumətin kapital axınına isti münasibət göstərməsilə əlaqədar olaraq, mənbələr Ziya Məmmədovun Əfqanıstana meyilli olduğunu və müxtəlif dairələrlə məsləhətləşməyə başladığını deyirlər.

Qeyd edək ki, iqamətgahı İslamabadda olan səfir Əli Əlizadə həm Pakistanda, həm də Əfqanıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

Yeri gəlmişkən, xatırladaq ki, Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin evindən külli miqdarda qızıl oğurlamaq ittihamı ilə həbs olunan Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova bugünlərdə “Yeni Müsavat” sensasion açıqlama verib. Onun sözlərinə görə, R.Əhmədov DTX sədri Mədət Quliyevlə görüşmək, mərhum general Rail Rzayevin qətli, Prezident müşaviri olan bir generalın zəhərlənməsi, habelə, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istəyir.

Bu və digər açıqlamalar fonunda, Ziya Məmmədovun Əfqanıstana səfir getməsi barədə məlumatlar hətta doğru olmasa belə, məqsədəuyğun da sayıla bilər.

Hər halda, sabiq nazir bu işin ustasıdır. Əlbəttə ki, söhbət nəqliyyatdan gedir, “trafik”dən yox…

Əfqanıstanda nəqliyyat infrastrukturunu inkişaf etdirməkdə Azərbaycanın da payı olsa, biz ancaq sevinə bilərik.

Geri qayıt