Əsas Səhifə > Sosial, Manşet > Millimizi “əcnəbiləşdirən”Azad Rəhimovun idmançılar üzərindən qurduğu biznes

Millimizi “əcnəbiləşdirən”Azad Rəhimovun idmançılar üzərindən qurduğu biznes


22-02-2017, 09:13
Millimizi “əcnəbiləşdirən”Azad Rəhimovun idmançılar üzərindən qurduğu biznes
Gənclər və İdman Nazirliyinin fəaliyyətindən çoxları narazıdır. Elə nazir Azad Rəhimovun özündən də… Ancaq heç kim bunu dilə gətirib, aşkar şəkildə etiraf etmir. Hətta bir çox idmançılarımız var ki, nazirin uğursuz işinin qurbanı olub. Elə bu səbəbdən də ya xaricə üz tutmalı olub, ya da idmançı karyerasını bitirmək qərarına gəliblər. İdmançılarla danışdığımız və əldə etdiyimiz məlumatlara görə nazir A. Rəhimov bir çoxunun işinə özü əngəl törədib. Səbəbi isə “əcnəbiləşdirmə biznesi”dir…

Yeniçağ.az Gənclər və İdman Naziri Azad Rəhimovun fəaliyyətindən narazı olan idmançıları və idman yazarlarını danışdırıb.

Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağəli Alışov sırf nazirlə problemi olduğu üçün karyerasını xaricdə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, o, ölkədən sözün əsl mənasında didərgin salınıb. Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etsə də onu ölkəsində bir idmançı kimi tanımaq istəməyiblər. Hətta ona “dəli” damğası belə vurublar. Hər dəfə problem yaradan nazirliklə bağlı mənfi fikirlər səsləndirən boksçu Ağəli Alışov Yeniçağ.az-a bunları deyib:

“Artıq bu söhbətlərə son qoymuşam və yenidən Azərbaycana dönmək istəmirəm. Demək istəyirəm ki, həm idmançı, həm də fəal bir gənc kimi bacardığım qədər vətənim Azərbaycanı hər yerdə layiqincə təmsil etmişəm və əlimdən gələn qədər tanıtmağa çalışmışam. Lakin bəzi insanlar,quyruq bulayanlar (söhbət Azad Rəhimovdan gedir) bu gün olduqları məqamdan istifadə edərək məndən mənfi bir obraz yaradaraq, dövlət orqanlarına yanlış məlumatlar veriblər. Əslində isə bunların hamısı yalandır. Mən daima Vətənimi, millətimi sevmişəm. Bu səbəbdən də dəfələrlə öz fikirlərimi çatdırmaq üçün lazımi orqanlarla görüşə can atdım. Çox təəssüflər olsun ki, hər dəfə də mənə mane oldular. Bu gün yenə də idmançı karyerama davam edirəm. Yenə deyirəm, bacardığım qədər bundan sonra da ölkəmi layiqincə təmsil etməyə çalışacam. Çünki mən Azərbaycanı sevirəm”.

Sambo və cüdo üzrə 11 qat Dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova da Azad Rəhimov kaprizinin qurbanı olan idmançılardandır. Hətta nazir xanım cüdoçunun uğurlarını yaxşı nəticə hesab etmədiyini, sambonun qeyri-olimpiya növündə olduğunu bildirib. Baxmayaraq ki, cüdo Olimpiya idman növüdür.

Nazirin onun təqaüd işinə də əngəl törətdiyini deyən Zülfiyyə Hüseynova saytımıza bunları deyib:

“Uzun müddətdir idmançı kimi təqaüdümü ala bilmirəm. Məsələ necə var, elə də qalıb, həll olunmayıb. Bununla bağlı müraciət etdim, cavabı siz də bilirsiniz. Bundan artıq nə edə bilərəm? O deyir ki, qeyri-olimpiya idman növündəyəm. Yaxşı əgər mənim təqaüd almağıma nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab Prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun Olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? Bəlkə cüdonun qeyri-olimpiya növü olduğundan heç xəbərim yoxdur? Mən hərbçilərin cüdo üzrə Olimpiya çempionuyam. Azərbaycanda bu nəticəni mən vermişəm. Həmçinin, tələbələrin Dünya çempionuyam. İki Olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətlərdir. Yəqin ki, cənab nazir cüdonu Olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir. SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıyam.

Düzdür, sambo qeyri-olimpiya idman növüdür. Amma hazırki saydıqlarımın hamısı Olimpiya növü olan cüdodandır. Mənim vaxtilə qalibi olduğum turnirlər indi “Grand Slam” (“Böyük dəbilqə”) adlanır. Barmaqla sayılıb qurtarmaz.
Bu barədə demişəm, yenı deyirəm: istənilən telekanalda canlı debat olsun, oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Şükürlər olsun ki, mənim öz işimlə bağlı müzakirə aparmağa savadım çatar. İnşallah, inanıram ki, onsuz da gec-tez haqq-ədalət öz yerini tapacaq, bu iş həll olunacaq”.

Azərbaycanın tanınmış K1 ustası Zabit Səmədov da mətbuata verdiyi əvvəlki müsahibələrinin birində Gənclər və İdman Naziri Azad Rəhimovun biganəliyindən gileylənmişdi. Nazirliyin bir çox əməkdaşlarının onun uğuruna sevinmədiyini demişdi. Hətta bildirmişdi ki, öz nazirimizdən gözlədiyi diqqəti ona Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov göstərib:

“Mənə Azərbaycanın rəsmi strukturları, eləcə də nazirliyimiz tərəfindən heç bir dəstək olmayıb. Qroznıdakı döyüşümə (2015-ci ildə) Çeçenistan Respublikası tərəfindən Azərbaycanın Gənclər və İdman Naziri, Kikboksinq Federasiyasının prezidenti dəvət olunmuşdu. Amma nə gələn oldu, nə də dəvətə cavab verən… Çeçenistan prezidenti Ramzan Kadırov isə mənə avtomobil və dəyəri 70 min dollar olan saat bağışladı.

Niyə diqqətdən kənar qalmışam, bunun səbəbini bilmirəm. Çünki keçirtdiyim döyüşlərdə Azərbaycanı təmsil edirəm və onlar beynəlxalq xarakterli olur. Bütün dünya harada və nə vaxt döyüşəcəyimlə maraqlanır”.

Təbii ki, şikayət edənlər təkcə idmançılar deyil. İdman mətbuatının nümayəndələri də nazirin uğursuz işindən narazıdırlar. Dünyaca məşhur müğənni Leydi Qaqaya 1 milyon dollar verib, Azərbaycana gətirən nazirin uğursuz işləri ilə bağlı idman mediasının da üzvlərinin fikirlərini dinlədik:

Komanda.az-ın redaktoru Natiq Muxtarlı nazirliyin anormal düşüncəyə sahib olduğunu deyir:

“Azərbaycanda idman sahəsinə külli-miqdarda vəsait ayrılsa da, “Azərbaycan idman ölkəsidir” deyilsə də, Azərbaycanda idman strategiyası, konsepsiyası yoxdur. Bu strategiyanı isə Gənclər və İdman Nazirliyi müəyyənləşdirməlidir. Ancaq nazir Azad Rəhimov bu strategiyanı müəyyənləşdirmək, Azərbaycanın bütün bölgələrində idmanla məşğul olmaq üçün şərait yaratmaq əvəzinə tamamilə başqa yol tutdu. İdman sahəsinə ayrılan vəsaitlə ölkənin hər qəsəbə və kəndində idman qurğuları yaratmaq olardı, azərbaycanlı uşaqlar idmana meyl edərdilər. Şərt deyil ki, onların hamısı peşəkar idmançı olacaqdılar; şərt o idi ki, uşaqlar sağlam böyüyəcək, pis vərdişlərdən uzaq olacaqdılar.

Amma nazir Azad Rəhimov idmana ayrılan vəsaiti infrastruktur qurulmasına, yerli idmançıların yetişdirilməsinə yox, xaricdən hazır idmançıların gətirilməsinə yönəltdi. Azərbaycanın milli idman növlərində belə əcnəbilər kök saldılar. Özümüz idmançı yetişdirməklə məşğul olmadıq, başqa ölkələrin yetişdirdiyi idmançılara ağlasığmaz məbləğlər təklif edib, onları Azərbaycan adından yarışmağa sövq etdik. Və nəticədə, “Azərbaycan idman ölkəsidir” dedik. Ancaq əslində, belə deyil. Yeni Günəşli boyda qəsəbədə bircə idman qurğusu yoxdur ki, uşaqlar idmanla məşğul olsunlar. Köhnə bir tikilidə uşaqlara güləşin sirlərini öyrədən məşqçidən “niyə nazirliyə müraciət etmirsiniz ki, sizə heç olmasa inventar məsələsində yardım etsinlər” soruşdum. Cavabında “etmişik, nazirlikdən deyirlər ki, nəticə verin, baxarıq” dedilər. Bax, Gənclər və İdman Nazirliyi belə bir anormal düşüncəyə, təfəkkürə sahibdir. Əvvəlcə şərait yaradarlar, infrastruktur qurarlar, sonra nəticə tələb edərlər. Bizim Nazirlik xarabalıqda məşq keçən mütəxəssisdən nəticə tələb edir. Azad Rəhimovun idman siyasəti buna hesablanıb: xaricdən hazır idmançıları gətir, beynəlxalq yarışlarda nəticə qazan və “sağ ol” al. Bununla da idmana ayrılan vəsaitin necə xərcləndiyini də sığortalamış olur. Belə idarəetmə Azərbaycan idmanının sabahını puç edir. Bizim idmanın sabahı yoxdur. Bunun başlıca günahkarı isə bu sabahı qurmağa borclu olan nazirdir”.

Sport7.az-ın redaktoru Amal Abuşov da Azad Rəhimovun işini uğursuz sayır. O bildirir ki, nazirin əcnəbilərə xərclətdiyi pullara görə bizim idmançılarımız xaricə üz tutacaq:

“Gənclər və İdman Nazirliyinin idman sahəsində gördüyü işə qiymət vermək həm çətindir, həm də asan.
Çətindir… ona görə ki, bir vətəndaş və idman jurnalisti kimi nazirliyin fəaliyyətinə nəzər salanda dərin təəssüf hissi keçirir və utanırsan. Asandır… ona görə ki, hər şey gözümüzün qabağındadır. Müxtəlif növlər üzrə yığma komandalarımızın heyətlərinə baxmaq kifayətdir. Rio Olimpiadasında ölkəmizə yeganə qızılı “milliləşdirilmiş” idmançı qazandırdısa, nə demək olar? Halbuki, müstəqilliyimizin bərpasının ilk illərində vəziyyət belə deyildi. Yığmalara belə əcnəbilər doldurulur. Şahmatçılarımız problemlər məngənəsində çapalayır, şikayətlərini eşidən yoxdur. Rayonlarda idman bölmələrinin elementar şəraiti də yoxdur. Olimpiya İdman Komplekslərinin qapısı qıfıllanıb, bu qurğulardan otel kimi yararlanırlar. Bütün bunları nazir Azad Rəhimov da bilməmiş deyil. Azərbaycanlı ağır atlet Qazaxıstana qızıl medal qazandıranda hansı hisslər keçirtdik? Nə qədər ki, bu cür “əcnəbi sevgisi” davam edəcək, bizim nicatlarımız da başqa bayraq altında çıxış etməyə məcbur olacaqlar. Özümüz isə gəlmələrə möhtac qalacayıq”.

“Futbol+” qəzetinin əməkdaşı Sərxan Musalı isə nazirliyi idmana nəzarət edən bir qurum olmadığını bildirir:

“Gənclər və İdman Nazirliyinin fəaliyyətini qənaətbəxş saya bilmirəm. Çünki məntiqlə AGİN idmana cavabdeh qurum olmalıdır. Başqa idman qurumlarının fəaliyyətinə nəzarət etməlidir. Yanlışlıqlara yol verən federasiyalara xəbərdarlıq edilməlidir. Ancaq biz bunu görmürük. Bu da əslində, sistemin düzgün qurulmamasından irəli gəlir. Çünki federasiyaların əksəriyyətində hansısa nüfuzlu dövlət məmuru prezidentlik edir. Azad Rəhimov isə onların əleyhinə söz deyə və hərəkət edə bilmir. Belə çıxır ki, AGİN-in nüfuzu yetərli səviyyədə deyil. Digər tərəfdən “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin promouteri olan Bakı Şəhər Halqası şirkətinə məhz Azad Rəhimovun oğlu Arif Rəhimov rəhbərlik edir. Görəsən niyə? Niyə məhz Azad Rəhimovun oğlu bu şirkətə rəhbərlik etməlidir? Məncə, bu sualın cavabını əksəriyyətimiz bilirik…”

Geri qayıt