Əsas Səhifə > Sosial, Manşet > “Xəzər Lənkəran” rəhbərliyinin futbolçuların başına açdığı oyunlar
“Xəzər Lənkəran” rəhbərliyinin futbolçuların başına açdığı oyunlar11-03-2017, 09:52 |
İvan Tsvetkov, Valeri Abramidze, Vyakoslav Tomiç, Alfred Sanko, Elias Ribeyro, Romulo Silvano, Emeka Opara, Eder Bonfim, Denis Kalinkov, Veldin Muharemoviç, İvan Pexa, Deyan Blajevski, Qalin İvanov, Adrian Skarlatake, Adrian Pits... Beynimizi bir az da qurdalasaq, siyahını genişləndirib 30-a çatdırmaq olar. Yox, bunlar heç də “Xəzər Lənkəran”a beynəlxalq arenalarda uğur qazandıran futbolçular deyil. Bunlar Mübariz Mənsimovun milyonlarının bir qismini “yeyib”, digər qisminə sahib çıxa bilməyən legionerlərdi. Yəni halal pulunu “burda mənəm, Bağdadda kor xəlifə” düşüncəsiylə iş görən klub rəhbərliyindən vaxtında ala bilməyən əcnəbilər. Çıxış yolunu FİFA-ya üz tutmaqda görən adıcəkilən futbolçular və onlarla belələri “Xəzər Lənkəran” başbilənlərinin “atmaq” istədikləri olub. Müxtəlif hiyləgər üsullardan istifadə etməklə gəlmələri azdıra biləcəklərini düşünürdülər. Hansı üsullardan? Ən asan yol kimi əcnəbilərlə ikili müqavilələr seçilmişdi. Və çox keçmədən faktın üstü açıldı. Abramidze ilə Pexa mətbuata verdiyi açıqlamalarda müqavilə sənədində göstərilən rəqəmlərin sonradan hansısa vasitələrlə dəyişdirildiyini gizlətmədi. Yəni saxta sənədlərdən istifadə etməklə 1 illik anlaşmaya qol çəkən legionerin daha bir il istismarına nail olmaq yolu seçilmişdi. Başqa bir üsul müqavilə müddətinin başa çatmasına 2-3 ay qalmış əməkhaqqının verilməməsiydi. Deməli, anlaşma başa çatana yaxın klub rəhbərliyi baş məşqçinin heyətdə görmək istədiyi futbolçulara yeni müqavilə şərtləri təklif edirmiş. “Hə” deyənin pulları verilirmiş, “yox” deyənlər isə məvacibindən olurmuş. Başqa cür desək, asan şantaj vasitəsiymiş. Məğlubiyyət və uğursuzluqlara görə müqavilədə nəzərdə tutulmadan maaşların kəsilməsi də legionerlərin haqlı narazılıqlarına gətirib çıxarırmış. Təkcə Deyan Blajevski qəzetimizə verdiyi müsahibədə başına gələnləri nəql etməklə “Xəzər Lənkəran”da yaşananları ortaya qoymuşdu. Romulo Silvanoya görə kluba kəsilən “6 xal silinsin” cəzası hələ də yaddaşlardan silinməyib. Sonradan hansısa yollarla qərar ləğv olunsa da. Faktiki, FİFA braziliyalı futbolçunun haqlı olduğunu ortaya qoymuşdu. Belə əməlləri görən legionerlər rastlaşdıqlarını dost-tanışına danışır, hər kəs iyrənc əməllərdən xəbər tutur, bununla da “Xəzər Lənkəran”ın “Qafqazın “Çelsi”si” olmasında ortaya böyük şübhələr çıxırdı. Yuxarıda sadalananlar əcnəbilərin başına gətirilənlərdi. Bəzi yerli futbolçuları danışdırsan, daha biabırçı faktlar çıxacaq ortaya. Sadəcə, aradakı xətir-hörmətə, bir az da AFFA-nın qorxusuna görə “yuxarılar”a çıxa bilmirdilər. Rauf Əliyev, Əfran İsmayılov, Aleksandr Şemonayev kimilərin oynadığı dövrdə haqq etdiyi maaşı ala bilmədiyini özlərindən yaxşı bilən yoxdu. Klub rəhbərliyinin belə əməlləri “Xəzər Lənkəran”ın imicinə ciddi zərbə vurur, xaricdən baxanda Azərbaycan futbolunda ləkə görünürdü. Komandanın müflis olmasının, məlum duruma düşməsinin bir nömrəli səbəbi də bu idi: klub rəhbərliyinin özbaşınalığı, söz verilən pulların arxasına keçmək istəyi. Başqa sözlə, yarıtmaz transfer siyasətinə bəzək vermək həvəsi. O qədər dərin və çoxşaxəli mövzudu ki, faktları sadalamağa səhifələr bəs etməz. Odu ki, legionerlərin ayrı-ayrı vaxtlarda "Futbol+"ə verdiyi müsahibələrdən çıxarışları diqqətinizə çatdırırıq. Bununla da “Xəzər Lənkəran” rəhbərliyində təmsil olunan Mübariz Mənsimov, Mais Mənsimov və Tuyqun Nadirovun futbol savadıyla yaxından tanış olacaq, “Xəzər Lənkəran” hanı” sualına cavab tapacaqsız. İvan Pexa: “Xəzər Lənkəran”ın adını belə xatırlamaq istəmirəm. Bir mövsüm komandanın uğur qazanması üçün tər tökdüm. Ancaq onların cavabı mənə nə oldu? Bir il futbolsuz qaldım. Halbuki İngiltərə, Almaniya, Slovakiya klublarından dəvətlər var idi. Danışdıqca əsəbləşirəm. Rəhbərlik hansı əməllərdən çıxıb – bunu özləri yaxşı bilir. Azərbaycana gedən əksər legionerlər birillik müqaviləyə imza atır. Mən də bunu düşünüb onlarla anlaşmışdım. Sonradan çempionatın gedişində və mövsüm başa çatandan sonra dəfələrlə müqaviləyə baxmaq istədim. Ancaq onu mənə heç kim göstərmədi, gizlətdilər. Elə hey deyirdilər ki, iki il kluba məxsussan. Müqavilə ingilis dilində hazırlandığından, hər şeyə fikir vermişdim. Gic deyiləm ki, anlamadığım dildə yazılmış kağıza imza atım. 100 yox, milyon faiz əminəm ki, ilkin anlaşmanın müddəti birillik idi. Sonradan rəhbərlik nə etdisə, müddət daha birilliyə uzandı. Menecerimin klubda zəng vurmadığı adam qalmadı. Az qala biraylıq maaşımı telefon danışıqlarına verdim. Onlar məni buraxmaq istəmədiklərini deyirdilər”. Deyan Blajevski: “Azad agent statusuna sahib olmamış başqa klubla anlaşa bilmərəm. “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etmişəm. Bu belə qalmayacaq. Bildiyimə görə, klub rəsmiləri həqiqətə uyğun olmayan açıqlamalar verir. Guya qaçıb getmişik deyə, “Xəzər Lənkəran” bizdən FİFA-ya şikayət edib. Qəzetiniz vasitəsilə bildirirəm ki, bu yalandı. Biz maaşlarımızın verilməsi ilə bağlı rəhbərliyə müraciət etmişdik və açıq şəkildə bildirmişdik ki, 8 gün ərzində pulumuz verilməsə, qaydalara əsasən komandanı tərk edəcəyik. Klubdan məsələ ilə bağlı xəbər çıxmadı deyə, lazım olan addımı atdıq. Daha doğrusu, bir neçə ayın maaşından cəmi birini verdilər. Heç bir qanun pozuntusuna və intizamsızlığa yol verməmişik. FİFA-nın qaydalarında bənd var ki, azı iki ayın məvacibini almayan futbolçu düşərgəni tərk etmək hüququna malikdi. Və bununla bağlı aidiyyatı qurumlara müraciət edə bilər. Tuyqun Nadirov mətbuata açıqlamasında ailə problemlərinə görə “Xəzər Lənkəran”ı tərk etdiyimi deyib? Boş söhbətdi, inanmayın. Mənim heç bir ailə problemim yoxdu, hamı sağ-salamatdı. Klub rəsmiləri maaşlarımızın verilməyəcəyi təqdirdə komandanı tərk edəcəyimizi bilirdi. Müqavilə bağladığım yanvardan bu yana cəmi 7 ayın əməkhaqqını almışam. Yəni 5 aylıq alacağım var... “Neftçi”yə Bakıda uduzduğumuza görə bir aylıq maaşımın 20 faizini kəsdilər. Ötən mövsüm də kubokun finalına yüksələ bilməmişdik deyə, bir aylıq maaşımız kəsilmişdi. Heç bir sənəddə bununla bağlı bənd olmadığı halda, rəhbərlik istədiyi addımı atır. Halbuki uduzmağımıza görə “premiya” kəsilə bilər, aylıq məvacib yox. Deyirəm, niyə belə edirsiz? Sualıma cavab verən yoxdu. Tuyqun Nadirovla tez-tez söhbətimiz olurdu. Hər dəfə də “gözlə, yaxşı olacaq” cavabını eşidirdim. Sonda anladım ki, bu cavab yox, yalandı. Vəziyyətin bu həddə çatmasını istəmirdim. Dəfələrlə dedim ki, FİFA-nı bu işə qatmayaq, məsələni aramızda həll edək, bitsin. Yalan danışmaq lazım deyildi”. Adrian Pits: “Nə edəcəyimi bilmirəm. Görüşməyə, sözümü deməyə adam tapmıram. Klubun məni satıb pul qazanmaq istədiyini eşitmişəm. Kiminləsə görüşməliyəm, görüm nə qədər istəyirlər. Mənimlə, menecerimlə maraqlananlara söz deyə bilək... Toşakın məni istəməməsi normaldı. Bunun üçün əsas komandadan kənarlaşdırılıramsa, ortaq məxrəcə gəlməliyik. Amma mənə dəqiq söz deyən yoxdu. Qalmışam ortalıqda. Belə getsə, çıxış yolunu FİFA-ya şikayət etməkdə görüəcəm”. (Bir neçə ay sonrakı müsahibəsindən): “Artıq FİFA-ya şikayət etdim. Açığı, problemi aramızda həll etmək istəyirdim. Gördüm ki, alınan işə oxşamır. Bundan sonra məsələyə FİFA baxıb, kimin düz, kimin səhv olduğunu deyəcək”. Geri qayıt |