Əsas Səhifə > Sosial, Manşet > “Bədənindəki qəlpələr həyat yoldaşımın həyatı üçün hər an təhlükə yaradır”

“Bədənindəki qəlpələr həyat yoldaşımın həyatı üçün hər an təhlükə yaradır”


25-04-2017, 08:44
“Bədənindəki qəlpələr həyat yoldaşımın həyatı üçün hər an təhlükə yaradır”
Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev 27, 342 nömrəli evdə yaşayan I qrup Qarabağ müharibəsi əlili Əli Abbasovun həyat yoldaşı Məlahət Abbasova Hurriyyet.org-a müraciət edib.

Deyir ki, həyat yoldaşı 2016-cı ildə avtomobil növbəsinə yazılıb. Sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınıb. Amma bu günədək onlara bu barədə konkret olaraq məlumat verilmir ki, həyat yoldaşı rəsmi qeydiyyata alınıb, ya yox: “Həyat yoldaşım Əli Abbasov 1992-ci ilin noyabrında Ağdərə döyüşlərində ağır yaralanıb, bədənində qəlpə gəzdirir və bu qəlpələr onun həyatı üçün hər an təhlükə yaradır. Bu üzdən o, ictimai nəqliyyatdan istifadə edə bilmir. Onun müalicəsilə əlaqədar isə mütəmadi həkimlərə müraciət edirik, bu isə bizə olduqca baha başa gəlir. Ona görə də ailəmizin avtomobilə hədsiz dərəcədə ehtiyacı yaranıb. Avtomobil təminatı üçün həyat yoldaşım 2016-cı ilin oktyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Şifahi şəkildə bildirlib ki, onun adı siyahıya salınıb və I qruplarda növbədənkənar avtomobil təminatı olduğuna görə, ona növbədəkənar avtomobil veriləcək”.

M.Abbasova onu da bildirdi ki, həyat yoldaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə iştirakı, ağır yaralanması haqqında hüquqlarının bərpasına gec nail olub. M.Abbasova həyat yoldaşına şamil olunan imtiyazlardan yararlanması üçün uzun müddət mübarizə aparıb və nəhayət, Ə.Abbasovun həqiqətən də ağır və qanlı döyüşlərdə könüllü iştirak etdiyini sübuta yetirə bilib. Bu səbədən də I qrup Qarabağ müharibəsi əlili kimi mənzil və avtomobil növbəsinə gec dayanıb: “Uzun illərin mübarizəsindən, gərgin, stresli günlərimizdən sonra ədalət bərpa olundu. Nəhayət, 24 ildən sonra Əli öz haqqını bərpa edə bildi. Bizə deyilir ki, hazırda I qrup Qarabağ müharibəsi əlili demək olar ki, qalmayıb. Belə olan halda həyat yoldaşımla eyni statusda olan imtiyazlı şəxs yoxdur. Elə isə onun adı niyə siyahıya salınmır, niyə o, öz halal haqqına sahib ola bilmir? Dəfələrlə müraciət etmişik. Hətta məndə məlumat var ki, Əlidən sonra avtomobil növbəsinə duran şəxslər var ki, avtomobillə təmin olunublar. Ona görə də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan xahiş edirik ki, bizim ailəyə dövlət dəstəyinin göstərilməsində yardımçı olsun”.

ƏƏSN-nin mətbuat xidmətilə əlaqə saxladıq. Nazirlikdən bizə cavab verildi ki, vətəndaşın problemi araşdırılacaq.

Geri qayıt