Əsas Səhifə > Sosial, Manşet > “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC belə problem yaradır
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC belə problem yaradır26-05-2017, 09:15 |
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin regionlarda ofis və tədarük anbarları yaradıldı, amma… - A allı-güllü aynalanan bəxtəvər, baxtına gün doğdumu? Yetən yetdi, yetməz vida etdi. Sənin əskiyin çin oldumu? Maşallah, o piy basmış peysərin biaram yoğunlayır. Plov, sətəlcəm sini-sini... Di get, yoldan qalma, neyləyirsən özgəsini? Hə, o payız günü elə-belə zümzüməsində idi bizim hamarkəndli Qamış oğlu Qamış. Nəqafil başını qaldırıb məni görəndə çiçəyi çırtladı. Yerindən durdu. Çoxdanın həsrətlisitək məni qucdu. Key durduğumu görüb, açılışdı, mənə təntənə soraqlı gözaydınlığı verdi: beləsinə deyərəm toy-bayram! Və başladı qeydiyyatı yenicə qüvvəyə minmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məziyyətlərini birər-birər tərifləməyə. Yaxşı sözlər dedi, inandırıcı danışdı. - Bundan sonra kəndçinin tədarük etdiyi məhsulun arxasınca şəhərə - bazara yollanmağına ehtiyac qalmaz - dedi. Öz təsərrüfatında, iş-gücünün səliqəsində olacaq. Mənmi də iştaham artdı. Bağın darvazasının yanındakı yellikdə ənbizlədiyim çeşid-çeşid, adbaad almanın tezliklə xiridarına çatacağına ümidim artdı. Vaxtı fövtə vermək olmazdı. Yeni idarənin sorağınca Quba və Xaçmaz ərazi məntəqəsini axtardım, Xaçmaz şəhərində “Hundai” maşınlarının təmirxanası səmtindədir, - dedilər. İdarə rəhbəri Murad Həbibov ərzimi eşitdimi deyim, qulaqardınamı verdi – deyim, bilmirəm. Ona görə deyə bilmirəm ki, ilk görüşdə və sonrakı yeddi müraciətimdə başqa-başqa tədarükçülərə (aidiyyəti olub-olmadığını bilmirəm) göstəriş verib, koordinatlarımı qeydə aldırıb, tezliklə azı 50 yeşik – bir tondan yuxarı almanı ünvanlamağı tapşırsa da, müqavilə bağlamağı məsləhət bilmədi. Beləliklə, ötən ilin dekabrında başlayan get-gəlimiz bu günlərə qədər lüzumsuz davam etdi. Alma yavaş-yavaş çürüdü. May ayında yenə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin bölgə ofisində oldum. Onların süründürməçiliyi üzündən mənə dəymiş maddi ziyanı xatırladıb mövsümqabağı bağımdan hasilə gələcək bir ton gilas üçün müqavilə bağlamağı xahiş etdim. Murad Həbibov qəbul etmədi ki, gilas tez xarab olandır. Dedim: - Bal üçün müqavilə bağlayaq. Dedi: - Bal istəyən təchizat yerimiz yoxdur. Süfrə üzümündən söz saldım. Murad məsləhət bildi ki, üzümü zavoda aparsam yaxşıdır. Sumax, qoz və fındığın da adını çəkdim. İdarə müdiri M.Həbibov bezikdi. Xahiş etdi ki, müqavilədən ötrü onu bir də narahat etməyim. Görəsən, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əbülfəz Qocayev mən 82 yaşlı bağbanın ərazi idarəsinin süründürməçiliyi üzündən çəkdiyim maddi sıxıntıya necə baxar? Xaçmazlı Murad Həbibovun müqavilə bağlamaq yolunda yığdığı daş-kəsəyi kim dağıdar? Tat Qüdrət, Quba, İsnov kəndi \\tezadlar.az\\ Redaksiyadan: Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |