Əsas Səhifə > Sosial, Manşet > Sabunçu icra hakimiyyəti deyir ki...

Sabunçu icra hakimiyyəti deyir ki...


15-06-2017, 10:48
Sabunçu icra hakimiyyəti deyir ki...
"Natəmizlik, xəstəlik baş alıb gedir. Qoxudan gözlərimiz yaşarır, özümüzdən də heyvan iyi gəlir. Burda körpə uşaqlar böyüdürük, gündə bir infeksiyaya yoluxurlar. Gecələri qoyun mələşməsindən, inək böyürtülərindən yata bilmirik".

Bu giley-güzar Maştağa qəsəbəsi yaxınlığındakı Ləyiş bağlarındandır. 2252 saylı evdə yaşayan İdris Abbasov deyir ki, qonşusu insanların sıx yaşadığı ərazidə ferma açıb, heyvandarlıqla məşğul olur. Qısa zamanda 1 hektar əraziyə topladığı yüzlərlə iri və xırdabuynuzlu heyvanın qoxusundan, səsindən ətrafda yaşayanların gecəsi-gündüzü yoxdur. Üstəlik, ərazidə natəmizlik baş alıb gedir: "Biz tərəflər bağlar massivindəki ən sıx yaşayış yeri hesab olunur. Bu boyda mal-qara yaşayış məntəqəsindən kənarda saxlanmalıdır. Sabah bu mal-qara əraziyə xəstəlik yaya, lap ölümə səbəb ola bilər. Adamlar evlərdə pis qoxulardan nəfəs ala bilmir. Deyir, �?icazəm var, adamım var, saxlayıram, kimə nə...’"

Ərazidə yaşayan Nərminə Rüstəmova polisə və Sabunçu rayon icra hakimiyyətinə müraciət edib ki, yüzlərlə insanın sıx yaşadığı ərazidə yaradılmış heyvandarlıq təsərrüfatının qarşısı alınsın: "Yayı-qışı burda qalırıq, indi neyləyək, camaatın malından, qoyunundan ötrü ev-eşiyimizdən imtina edək? Gecə-gündüz yüzlərlə heyvanın səsi başımızda, qoxusu burnumuzdadır. Səhərə qədər qoyun mələyir, inək böyürür, elə bil bəhsə giriblər. Əsəblərimiz korlanıb, evdə birinci qrup əlil saxlayıram, gecələr yuxu dərmanı verirəm, yenə də inəklərin səsinə ayılır, əziyyət çəkir".

Heyvandarlıqla məşğul olduğu bildirilən Arif adlı şəxslə əlaqə saxlaya bilməsək də, məsələyə rəsmi qurumdan münasibət öyrənməyə çalışıb. Sabunçu rayon icra hakimiyyətindən bildirilib ki, Ləyiş bağlarındakı torpaqların çoxu kənd təsərrüfatı təyinatlıdır. Orada kiminsə heyvandarlıqla məşğul olmasına qadağa qoymaq olmaz: "Düzdür, həmin bağ sahələrinin böyük qismi özəlləşdirilib. Ancaq yenə də çoxu kənd təsərrüfatı təyinatlıdır. Uzaqbaşı xəbərdarlıq etmək olar ki, �?bu fəaliyyətlə elə məşğul ol ki, ətrafdakılara zərəri gəlməsin’. Ünvanı dəqiqləşdirib aidiyyəti qurumları məlumatlandırarıq, nəzarətdə saxlayarlar".

Sabunçu rayon baytarlıq idarəsindən də məsələylə maraqlanacaqlarını bildiriblər.

Geri qayıt