Əsas Səhifə > Sosial, Manşet > "Biz onlara pulu tapıb gətirənə qədər..."

"Biz onlara pulu tapıb gətirənə qədər..."


27-06-2017, 10:29
"Biz onlara pulu tapıb gətirənə qədər..."
Tibbimizdəki səriştəsizlik, məsuliyyətsizlik, ruşvətxorluq, dələduzluq davam edir!

Son zamanlar Azərbaycandakı səhiyyənin aşağı səviyyədə olması vətəndaşları artıq dərəcə narahat edir desək, yerinə düşər. Mediada, xəbər portallarında, əsasən də sosial şəbəkələrdə bu barədə dəfələrlə müzakirələr aparılıb və aparılmaqdadır. Cəmiyyət narazılığını vurğulamaqdan təngə gəlsə də, məmurlar şikayətçiləri dinləməməkdə israrlıdır.

Neçə-neçə məmurun cibinə işləyən özəl klinikalarda çalışan tibb işçilərinin savadsızlığı ucbatından dəfələrlə ölüm halları baş verib. Və təəssüflər ki, bu açınacaqlı hal davam etməkdədir. Eləcə də dövlət tibb müəssisələrində də bu cür xoşagəlməz hadisələr olur.

Rüşvətxorluğun, soyuqqanlığın, savadsızlığın, özbaşınalığın, dələduzluğun baş alıb getdiyi faktlarla, dəlillərlə sübuta yetirilib. Lakin səhiyyə naziri Oqtay Şirəliyev nədənsə bütün bunlara göz yumur. İnsanların həyat riski bu qədərmi önəmsizdir? Ananın baladan, balanın valideyndən, qadının ərdən, ərin həyat yoldaşından olması, ölüm-dirim savaşı bəzi tibb işçlərimiz üçün (bəzi deyəndə ki, yarıdan çoxu nəzərdə tutulur!-K.A.) adiləşib. Xəstəyə xərçəng olduğunu demək (demək yox, üzünə sillə kimi şappıldatmaq), hamilə qadına övladının və ya xəstəxana önündə gecə-gündüz gözləyən doğmalara ölüm xəbərini vermək bu qədərmi normaldır bunlar üçün? İnsanlıq həqiqətənmi ölüb? Ya Hipokrat andı yerinə, tibb universitetində, müəssisələrimizdə bunlara rüşvət almağı, xəstələrlə sağlam tək kimi davranmağı, acı-kədər hiss etmədən qarşılarındakını hər nə yolla olursa-olsun, soğan kimi “soymağı”mı öyrədiblər-nədir

... Dəfələrlə sosial şəbəkələrdə tibblə əlaqədar başlarına gələnləri paylaşanları oxumuşdum. Tibb sistemimizdə insanlığın yerin dibinə gömüldüyünü yavaş-yavaş anladığım bir vaxtda Tərlan Akçayın (H.Sarabski adına teatrın rəhbəri) paylaşdığı status bu haqda yanılmadığımı bir daha sübut etdi:
“ Azərbaycan səhiyyəsi ölüb, yerdən götürəni yoxdu sadəcə!!!!! Səhiyyənin bərbad halından, bəzi savadsız, çoban həkimlərin səhlənkarligindan bu günə qədər çox oxumuşdum, hətta iki yaşlı qızıma ABSAMS xəstəsi adını da vermişdilər....bunları keçdim!
Aglıma gəlməzdi ki, daha betərinin canlı şahidi də olacam, nə yazıq ki...

26 həftəlik hamilə bacımı ayın 20-si saat 19.00-da kəskin sancılarla ”həkimi “ Sədaqət Bayramovanın təkidi ilə məşhur pul tələsi olan “Bakı Medikal Plaza” ya apardıq. Axşamüstü 8-in yarısından gecə 2-nin yarisina qədər şiddətli sancısı olan hamilə qadına həkim sadəcə telefon vasitəsilə “heç nəyi yoxdur, doguş sancısı deyil” deyərək heç bir tibbi mudaxilə eləmədən gözlətdirdi. Və xəstəyə “panikadasan” adını qoydu.

6 saatın sonunda qanama və acılış olandan sonra həkim özünün dediyi kimi “bagdan gəlirəm, üzürlü sayın” sözləri ilə nəhayət təşrif buyurdu. Bacımın yanına qalxıb, ordan “pul ödəyirsiz dogusa alaq, ya yox?” sualini verdi bizə. Gorun bu bəzi həkimlər insan həyatını nə qədər dəyərsiz hesab edirlər ki, acılış olmuş hamilə qadını doguma pul verilərsə alırlar, əks halda, “nə halı varsa görsün” deyirlər, uzun sözün qisasi, 1000 azn depozit pulu alandan sonra doguma aldılar bacımı və 26 həftəlik, 870 qramlıq usaq dünyaya gəldi. Bizdən uşagın yaşaması üçün 7000 azn depozit istədilər, uşagin dərmanları ucun və sağalacağına dair də heç bir qaranti vermədən.

Əslində guya bu iki gündə uşaga istifadə elədikləri "bahalı" dərmanlar dövlət xəstəxanalarında pulsuzdur. “Adam tapın, köçürə bilirsinizsə, OMD-də köçürün” dedilər (guya ürəkləri yanırmış kimi) . “Bizdə dərmanın qiyməti 700 azn dir”
Dövlət xəstəxanasından gələn həkimin diaqnozu uşağın bir gün artıq orda qalması oldu. Heç olmazsa həmin bu günü usağa yaxsi baxsaydılar və ya körpəmizi sağaltsaydılar... Ama yox, harınlamış "həkim" toplusu guya iki gün körpəni küveysde saxladılar və sonda ciyərinə qan sızdığını dedilər. “Bakı Medikal Plaza”nın nə genekoloqu, nə də usaqla məşğul olan həkim tipi oz işlərinə məsuliyyətsiz yanaşdılar və daha bir anaya bala acısı yaşatdılar. Bu azmış kimi “ödəniş etməsəniz, yaraladığımız ananı sizə verə bilməyəcəyik” dedilər. Biz onlara pulu tapıb gətirənə qədər “uşaq tələf oldu” dedilər. Və “Mehriban xanıma müraciət edəcəm” - desəm də, “get kimə nə deyirsən de “ - dedi “həkimcik” Sədaqət Bayramova!

Beləliklə də Azərbaycan səhiyyəsi ana və uşaq qətliamına davam edir! Bir mələk daha anasının qoxusunu almadan cənnətə getdi... Peşman olmağımın əsas səbəbi də bacımı bu “həkimə” yönləndirməyim oldu!”

Bu əlbəttə ki, bir bacının vicdanının harayı idi. Doğmasını naşı bir həkimə yönləndirdiyi və nəticədə peşmançılıqla üzləşməsindən irəli gələn haray… Bacısının övlad dərdində özünü təqsirləndirdiyi üçün qopardığı fəryad… Əlindən bu gəlirdi. Başqa nə edə bilərdi? Zamanı geri qaytarmaq mümkündürmü? Əsla! Amma günahkar barədə ölçü götürməyin başqa yolları da var. Özünün dediyi kimi, ölkənin birinci xanımı, 3 uşaq ANAsı olan Mehriban xanım Əliyevaya müraciət etmək. Həmçinin nizam-intizama nəzarət edən orqanlar- məhkəmə! Necə deyərlər, imansızın öhdəsindən dinsiz gələr. Daha bir ananın göz yaşları axmasın deyə, daha bir bacıya dağ çəkilməsin deyə, daha bir xəstə əziyyətlər içərisində qıvrılmasın deyə, bu səriştəsizliyin, bu haqsızlığın qarşısı alınmalıdır! Mütləq alınmalıdır!

Bu günlərdə Sənaye və Energetika naziri Natiq Əliyevin yaxın dostlarından olan milyarder Fərhad Əhmədov da Facebook səhifəsində Azərbaycandakı tibbin aşağı səviyyədə olmasından şikayətlənmişdi. Hətta nazirin ölümündə həkimlərin səriştəsizliyinin böyük rolu olmasından bəhs etmişdi. Təsəvvür edin! Bir ölkənin naziri dövlət müssisəsinin həkim personalının savadsızlığı tərəfindən dünyasını dəyişib. Baş neftçi Neftçilər Xəstəxanasının məsuliyyətsiz işçiləri tərəfindən canından oldu. Tibbimizlə bağlı başqa yazmağa nəyəsə ehtiyac varmı?!

mənbə: mediainfo.az

Geri qayıt