Əsas Səhifə > Sosial, Manşet > Mustafa Babanlı oxumasa da olar...
Mustafa Babanlı oxumasa da olar...1-07-2017, 10:40 |
Universitetlərin Qeyri-hökumət təşkilatları və təhsil ekspertləri ilə əməkdaşlığı artmaqdadır. Bir neçə ali məktəbdə İctimai Nəzarət Şuralarının yaradılması ölkə başçısı tərəfindən təsdiq olunmuş “İctimai İştirakçılıq haqqında” qanunun tətbiqinə nümunədir. QHT və təhsil ekspertlərinin, media kapitanlarının universitetlərdə təşkil olunmuş təhsil və elmlə bağlı tədbirlərə cəlb olunması polemika mədəniyyətini də zənginləşdirir. Vacib tədbirlərdən biri də universitetlərdə keçirilən məzun günləridir. İyun ayının 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə bir mövzuda düzənlənən tədbirə mən də dəvət olunmuşdum. Məzun gününün əsas qonaqları isə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimli və Hüseynbala Mirələmov idi. Qonaqların, demək olar ki, hamısı məzunlara ürək sözlərini dedi. Sonra təhsil eksperti kimi mənə söz verildi. Mənim çıxışımsa təxminən belə oldu: “Əziz tələbələr, bizim nəsil sənaye cəmiyyətinin məzunlarıdır. Siz isə post-sənaye cəmiyyətinin. Bizim alətimiz yalnız kitab idi. Sizinki isə kitab, internet, mobil telefonlar və müxtəlif İKT alətləridir. Bu mənada siz bizdən daha hərtərəfli kadr kimi yetişmisiniz. Bizim təhsillə sizin təhsili bir-birindən fərqləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, siz müstəqil Azərbaycan Dövlətinin Universitetinin, biz isə Azərbaycan SSR-nin universitetlərinin məzunları olmuşuq. Bu mənada siz daha sərbəst və daha parlaq tənqidi təfəkkürlə cəmiyyətə atılırsınız. Sizdən fərqli olaraq, bizim böyük əksəriyyətimiz bir neçə ildən sonra ali məktəbə daxil olurduq. Qəbul qaydaları çox sərt idi. Sizin məktəb partasından ali məktəb partasına adladığınız vaxt 2 aydan çox çəkmir. İndi isə həyat partası sizi gözləyir. O mənada parta dedim ki, biliklər tez-tez dəyişdiyindən ali məktəbdən sonrakı dövrlərdə də öyrənməyi davam etməlisiniz. Universitetlərin reytinqində əsas meyarlardan biri məzunların işlə təmin olunmasıdır. Bitirdiyiniz Universitetin nəzdində Siyavuş Qarayev...üzr istəyirəm, Mustafa Babanlı tərəfindən Startup məktəbinin yaradılması işlə təminatda sizə köməklik göstərəcək. Xatırladıram ki, bitirdiyiniz universitet 3-4 il bundan əvvəl belə deyildi. Qapalı idi. Bura rektor təyin olunmuş Mustafa Babanlı dəyişikliklərə meylli rektordur. Və semestr imtahanlarında yol verilən neqativ halların qarşısını ala bilib. Sizə gələcəkdə uğurlar arzulayıram.” Əslində, mən zarafat elədim. Həmin tədbirdə mənə söz verilmədi. Verilsə idi, belə danışacaqdım... Sonra isə universiteti əla qiymətlərlə bitirən 16 məzuna diplomlar təqdim olundu. İcra başçısı, deputatlar, Mustafa müəllim və onun çoxsaylı prorektorları bu məqsədlə səhnəyə dəvət olundular. Təəssüflər olsun ki, mənə diplom da çatmadı. Məzunların sayı 18 nəfər olsaydı yəqin ki, çatardı. Həm də böyük ehtimalla ona görə diplom çata bilərdi ki, Mustafa müəllimin artıq prorektoru qalmamışdı... Maraqlı gələn odur ki, görəsən məni Azİİ-yə niyə dəvət etmişdilər. Bəlkə qabaq cərgəni doldurmaq üçün! Yoxsa vaxtilə qapalı olan bu universitetdə QHT nümayəndəsinin gəlişini nümayiş etdirmək üçün... Düşünə-düşünə tədbirdən çıxdım və metroya çatdıqda səbəbi tapdım. Mənə göstərmək istəyirdilər ki, əvvəlcə rektor gəlir (ev sahibi kimi), sonra icra başçısı, sonra deputatlar, sonra prorektorlar, sonra isə boşluq.... Yəni görüntü yenidir, mahiyyət köhnə. Bəlkə səhv edirəm, təhsil ekspertləri institutu öz missiyasını başa çatdırıb? Məncə bundan sonra biz də hara gedib-getməməyimiz barədə düşünməliyik. Elə bilməyin ki, mən bu yazı ilə çıxış etmək davası döyürəm. Mən hər zaman yazır, çıxış edir, bütün ölkə qarşısında fikirlərimi sərbəst söyləyə bilirəm. Amma gənclərin yuxarıdakı məzmunda çıxışı eşitmək haqqı vardı. Hə, əsas məqamı unutmayım. Tədbirdə Hüseynbala Mirələmova söz verdiklərinə görə ADNSU rəhbərliyinə təşəkkürümü bildirirəm. Məndə isə nostalji hisslər yaratdıqlarına görə... sevinən gəncliyin arasında 31 il bundan öncə məzun olduğumu xatırladım. Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru \\moderator.az\\ Geri qayıt |