Əsas Səhifə > Sosial, Manşet > Qəzənfər Ağayevin bu ailədən xəbəri yoxdurmu?

Qəzənfər Ağayevin bu ailədən xəbəri yoxdurmu?


29-07-2017, 11:08
Qəzənfər Ağayevin bu ailədən xəbəri yoxdurmu?
Astaranın Şiyəkəran kəndində də belə bir yoxsul ailə var. Söhbət Kərimovlar ailəsindən gedir — kəndin yeni salınan məhəlləsində alayarımçıq tikilmiş evin bir otağına sığınan 5 nəfərlik ailədən. Onlara baş çəkdiyimiz zaman, ailə başçısı Habil Kərimov evdə olmadığından, onun həyat yoldaşı Lətifə Kərimova Sputnik Azərbaycan-ın bölgə müxbirinə yaşadıqları sıxıntıları anlatdı.
"3 uşağımız var, dolana bilmirik. İşləmək istəyirəm, amma işləyə bilmirəm. Uşaqlarımdan ən böyüyü — Elnur xəstədir. Onu qoyub heç yerə gedə bilmirəm. Evdə iş görəndə bir də görürsən ki, yemək istəyir və ya ayaqyoluna getmək istəyir, tək özünü idarə edə bilmir. Onu özündən kiçik olan qardaş-bacılarına da tapşıra bilmirəm, uşaqdırlar" — deyir həmsöhbətimiz.

Anasının dediyinə görə, Elnur Rusiyanın Mahaçqala şəhərində dünyaya gəlib: "Doğulanda tam sağlam uşaq olmayıb. Elnurda qıc olma xəstəliyi, yüksək beyin və göz təzyiqi və ən pisi isə əqli çatışmazlıq var. İndi də gözləri tutulub. Bir neçə dəfə təzyiqi qalxıb, qıc olması tutub, yıxılıb və kiçik müddətli komaya düşüb. İlk dəfə Elnurun qıc olması 5 yaşında tutub, indi isə 15 yaşı var. Pulumuz da yoxdur ki, heç olmazsa, dərmanlarını ala bilək".
L. Kərimova Elnura dövlətin 60 manat əlillik müavinəti verdiyini deyir: "Bu pulun da hamısı gedir dərmana. Yoldaşım işləmir, daimi iş yeri yoxdur. Yəni orda-burda fəhləlik işi olanda gedir, işləyir. O da görürsən, 5-6 gün iş olur, sonra isə bekar. Bəzən 1 ay iş olmur. Evə daimi olaraq yeganə gələn pul Elnurun əlilliyə görə aldığı pensiyadır ki, o da uşağın öz dərd-sərinə güclə yetir".
"Qayınatamgil olmasa, bəlkə də acından ölərik. Ən çox onlar bizə maddi yardım edirlər, bir də qardaşımgil. Nə edək? Mən işləmək istəyirəm. Əlim nə iş tutsa, edərəm, amma bacarmıram. Anayam, övladım xəstə də olsa, onu ata bilmərəm. Həyətdə-bacada əkin biçin edirəm, o da nəyə çatsın?!" — qadın danışır.
Müsahibimizin dediyinə görə, həyat yoldaşı 3-4 il əvvəl Bakıda işləyirmiş: "Zibil yığan maşında işləyirdi. İşi ağır idi, maaşı da aşağı. Bir dəfə evə baş çəkməyə gəldi. Həyətdə oturmuşduq, qardaşlarım və qayınatamgil də bizdə idilər. Birdən Elnur durub harasa gedirdi, gözü təzə tutulmağa başlayan vaxtlar idi. Getdiyi yerdə, gözümüzün önündə uşaq quyuya düşdü. Quyunun da dərinliyi 10-12 metr. Yoldaşım quyudakı kəndirdən tutub özünü quyuya atdı və Elnuru çıxardı".

"Habilin əllərini kəndir kəsmişdi. Ondan sonra dedi ki, "Onsuz da düz-əməlli maaş almıram, işim də ağır. Yaxşısı budur qalım burada — balalarımın yanında". Bura da gəldi, iş yox. Bayaq dediyim kimi, olanda da 3-4 günlük iş olur, sonra isə uzun müddət bekarçılıq" — xanım bildirir.
Yeni dərs ilinin getdikcə yaxınlaşdığını deyən L. Kərimovanın dərdi təzələnir: "Pulumuz yoxdur ki, bu biri uşaqları məktəbə göndərək. O vaxta kimi pul olmazsa, uşaqlarımı məktəbə göndərməyəcəm. Nə ilə göndərim? Nə kitab-dəftərini almağa pulum var, nə də əyin-başlarını. Qarnımıza çörək pulunu güclə tapırıq. Bu dəqiqə işıq pulu borcumuz var. İşıqlarımızı kəssələr, borcumuzu ödəmək üçün cəmi 20 manat pul lazımdır ki, o da yoxdur. Neyniyim, dərdimi kimə deyim, hara müraciət edim ki, yoldaşıma normal iş versinlər?"

Onun dediyinə görə, əvvəllər ünvanlı sosial yardım alırmışlar, lakin: "Keçən il sosial yardımımızı birdən-birə dayandırdılar. Düz bir ildir ki, sosial yardım almırıq, o da təsir edir dolanışığımıza, özü də kəskin formada. Bir yüngülvari ev tikdik, birtəhər köçdük bura. Nə su sistemimiz var, nə qaz var. Qarşıdan da qış gəlir. Odun almağa da pul yoxdur. İndidən qurumuş inək təzəkləri yığırıq ki, qışda yandıraq".
"Dəfələrlə rayondakı qaz idarəsinə müraciət etmişik ki, buraya qaz çəksinlər. Ordan da bildiriblər ki, yaşadığımız məhəllə yeni salınıb, buna görə təkcə bizim evə qaz verilə bilməz. Bu məhəlləyə qaz çəkilməsi üçün layihə hazırlanmalıdır, smeta ayrılmalıdır. Bunun üçün də bizdən başqa məhəllədə yaşayan digər sakinlər də müraciət etməlidirlər" — evin xanımı qeyd edir.
Kərimovlar ailəsinin ünvanlı sosial yardımının niyə dayandırıldığı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara Rayon Şöbəsinə müraciət etdik. Şöbənin müdiri Elbrus Abbasov qeyd etdi ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, ünvanlı sosial yardımın dayandırılması və onun alınması üçün müraciətlər elektron formada aparılır".
"Yəni ki, ünvanlı sosial yardımın dayandırılmasının səbəbini Fondun rəsmi internet səhifəsindən öyrənmək olar. Qeyd edim ki, ünvanlı sosial yardım dayandırılmasından 1 ildən artıq müddət keçibsə, yenidən müraciət etmək mümkündür" — şöbə müdiri vurğuladı.
Bu haqda Kərimovlar ailəsini məlumatlandırdıq. Ümid edək ki, Kərimovların bu dəfəki müraciətlərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən müsbət baxılacaq. Çünki bu ailədə bir fiziki məhdudiyyətli və iki məktəbli yaşında olan uşaq var. Onların taleyi kimlərisə narahat etməlidir…


Qəzənfər Ağayevin bu ailədən xəbəri yoxdurmu?

Geri qayıt