Əsas Səhifə > Sosial, Manşet > Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə...

Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə...


11-08-2017, 09:35
Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə...
Əvvəllər Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 167 saylı məktəbin arxasında Yasamal rayon Təcili Tibbi Yardım Stansiyası yerləşirdi. Sonradan yaşıllıqlarla zəngin olan bu məkan kafe kimi fəaliyyət göstərməyə başladı. Bu günlərdə ərazi Abşeron MTK tərəfindən dəmir lövhələrlə çərçivələnib və ətrafa müşahidə kameraları yerləşdirilib. Lövhələrdə isə ərazidə yeni 5-6 bloklu çoxmərtəbəli binanın ucaldılacağı qeyd edilir.
Qeyd edək ki, bu ərazidə 60 yaxın böyük ağac var. Bina tikildiyi təqdirdə ağacların kəsiləcəyi qaçılmazdır və beləliklə, ekologiyaya böyük zərbə vurulacaq.

Düzü, son zamanlar Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyevin verdiyi sərəncamlarla bağlı çoxsaylı şikayətlər aldığımız üçün bu ərazinin də sabiq başçı tərəfindən kimlərəsə peşkəş edildiyini düşünürdük. Bu gün ərazidə olduqdan sonra anladıq ki, bu dəfə ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən satılıb.
Yaxınlıqda yaşayan Əbdül İsrafilovun sözlərinə görə, bu ərazidə sovet dövründə Yasamal rayon Təcili Yardım Stansiyası olub: "Sonradan ərazi kiməsə icarəyə verilmişdi. Kafe fəaliyyət göstərirdi. Həyətdə yüzə yaxın ağac var. Sərin yer idi. İndi bir müddətdir ki, gəlib hasarlayıblar. Deyirlər ki, çoxmərtəbəli bina tikiləcək. Ərazidəki digər beşmərtəbəli binalar söküləcək və sakinlərə də əvəzində yeni binada mənzil veriləcək. Yəni sakinlər arasında belə söhbət gəzir".

Sakin deyir ki, hələlik ərazidə heç bir tikinti işləri aparılmayıb və şirkətdən heç kim onlara yaxınlaşmayıb. Sakinləri narahat edən bir başqa məsələ isə ərazidə olan ağacların kəsilə biləcəyi ehtimalıdır. Onlar bildirirlər ki, hasarlanmış həyətdə böyük yaşıllıq ərazi var. Və həmin ərazi məhv edilsə, bu, ekologiyaya böyük zərbə olacaq: "Çox ağac var həyətdə. Bəzilər də quruyub, hasarın üzərindən belə görünür. Onlara yaxşı qulluq lazımdır. Ərazidə kafe olanda, kafe işçiləri baxırdı ağaclara, sakinlər də qulluq edirdi. İndi hasarlanıb, heç kim yaxın dura bilmir".

Ekologiya Nazirliyinin mütəxəssisi Fəxrəddin İsgəndərovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd edilən ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün icazə verilib: "Ərazinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən sərəncamı var. Bununla yanaşı, ərazi özəlləşdirilib. Artıq bu ərazi xüsusi mülkiyyətdədir. Ərazi xüsusi mülkiyyətdədirsə, sahibkarın hasarlamaq və tikinti aparmaq hüququ var. Amma tikinti həyata keçiriləcək ərazidə heç bir ağac yoxdur. Düzdür həyətdə çox ağac var. Amma binanın tikilməsi planlaşdırılan ərazi boş ərazidir".
F. İsgəndərov bildirir ki, ərazinin xüsusi mülkiyyət olmasına baxmayaraq, ərazidə ətrafında olan bütün ağaclar sayılıb və şirkət rəhbərliyinə təhvil verilib. Aqrotexniki qulluq edilməsinə və qorunub saxlanılmasına dair göstərişlər də verilib.
F. İsgəndərov bir daha təkrar etdi ki, bina tikiləcək ərazidə bir ağac da yoxdur. Ətrafda isə 55 ağac qeydə alınıb.
Məsələ ilə bağlı adı olub, özü olmayan Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Zənglərimiz həmişə olduğu kimi cavabsız qaldı…

Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə...
Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə...
Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə...

Geri qayıt