Əsas Səhifə > Sosial, Manşet > "Məqsəd təsərrüfatın əlindən alınmasıdır"

"Məqsəd təsərrüfatın əlindən alınmasıdır"


15-08-2017, 09:30
"Məqsəd təsərrüfatın əlindən alınmasıdır"
«Mətbuat konfransı keçirdim, ondan sonra təzyiqlər daha da artdı və gölə gələn suyun qarşısı tamamilə alındı. Nəticədə balıqların xeyli hissəsi tələf oldu. Gölün bir hissəsini özümüz başqa kanallardan motorla su vurmaqla doldururuq, motorla da bir saatdan çox su vurmaq olmur. Gölə saata təxminən 40 ton su vurmaq mümkündür, 61 hektar ərazisi olan gölü 40 ton su ilə doldurmaq qeyri-mümkündür. Gölün bir hissəsi isə quruyub, yeri cadar-cadar olub».

DİA.AZ xatırladır ki, bu il iyulun 26-da Masallının Xallıcalı kəndində yaşayan sahibkar Vidadi Quliyev balıqçılıq təsərrüfatının yerli məmurlar tərəfindən əlindən alınmasına görə təzyiqlərlə üzləşməsindən danışmışdı. Hazırda isə onun balıq yetişdirdiyi göl yerli-dibli qurudulub. Vidadi Quliyev «Qaynar xətt»ə danışır ki, gölün qurudulmasına səbəb başına gələnləri ictimailəşdirməsiylə əlaqədardır. Onun sözlərinə görə, mətbuat konfransı keçirib başına gələnləri mediaya danışması ona baha oturub. Sahibkar deyir, tezliklə gölə suyun verilməsi bərpa olmasa, sonuncu balığadək qırılacaq.

Vidadi Quliyev ailə üzvləri ilə birlikdə uzun illərdir ki, kənddə balıqçılıq təsərrüfatı yaradıb. Bu işə xeyli maliyyə yatırımı edib. Gölün bir hissəsini tam sənədləşdirsə də, bir hissəsinin sənədləşdirilməsi yarımçıq qalıb. İddia edir ki, sənədləşdirməni tamamlamağa yerli məmurlar imkan vermir. Məqsəd də təsərrüfatın əlindən alınmasıdır:

«Gölün bir hissəsinə Çıxarış var, bir hissəsinə də bu ilin fevralında Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Şəhadətnamə almışam. Masallı rayon icra hakimi Şəhadətnaməni tanımaq istəmir. Bu da bəhanədir. Məmurlar gölün ətrafında çəltik əkiblər və qəsdən suyun axarını həmin çəltik sahələrinə dəyişiblər ki, mənim təsərrüfatım məhv olsun. Halbuki, o çəltiyə nə qulluq edən var, nə də o çəltik kiminsə marağındadır. Burda maraq sırf mənim təsərrüfatımı çəltik suvarmaq bəhanəsi ilə məhv etməkdir».

Vidadi Quliyev uzun illərdir ki, Qarğalıq bələdiyyəsinə məxsus torpaq sahəsində istifadəsiz qalmış gölü bərpa edərək balıqçılıq təsərrüfatı yaradıb. Gölün biri 61, digəri 7 hektardır. Deyir, 7 il əvvəl 150 min manat xərc çəkərək gölləri bərpa edib, 44 min manatlıq müxtəlif növ balıq alaraq gölə buraxıb. İndiyədək təkcə balıqların yemlənməsinə 67 min manat xərclədiyini söyləyir. Dövlət Əmlak Komitəsindən iri gölə Şəhadətnamə, kiçik gölə Çıxarış var.

Bununla belə, iddia edir ki, yerli məmurlar sahibkara əngəllər yaradır. Gölün suyunun bəndlərini dağıtdıraraq, suyun çəltik sahələrinə axıdılmasına və son bir neçə gündə gölün tamamilə qurumasına nail olublar. Yüzlərlə balıq məhv olub.


Geri qayıt