Əsas Səhifə > Sosial, Manşet > Diplomunun tanınması üçün məhkəməyə müraciət etdi

Diplomunun tanınması üçün məhkəməyə müraciət etdi


28-09-2017, 08:55
Diplomunun tanınması üçün məhkəməyə müraciət etdi
Azərbaycanda təhsil sistemində zaman-zaman müxtəlif problemlərlə, şikayətlərlə rastlaşmışıq. Bu problemlər hər dəfə gündəmə gəlsə də, öz həllini tapmır, qalmaqda davam edir. Bunlardan biri və yeni olmayanı xaricdə təhsil alan tələbələrin vətənə döndükdən sonra diplomlarının tanınmaması ilə bağlı yaşadığı problemlərdir. Lisenziya ilə fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin ödənişli köməyindən istifadə edərək xarici ölkəyə təhsil almağa gedən vətəndaşlarımızın diplomları Təhsil Nazirliyi tərəfindən tanınmır. Məsələ məhkəməyə qədər gedib çıxır. Analoji hal Orxan Məmmədlinin də başına gəlib. Orxan Məmmədli bildirib ki, artıq neçə müddətdir diplomunun tanınması üçün Təhsil Nazirliyi ilə sözün əls mənasında mübarizə aparır: "Təkcə 2017-ci ilin başlanğıcından bu günədək Appelasiya Məhkəməsində Təhsil Nazirliyi ilə bağlı xeyli sayda məhkəmə iclasları keçirilib. Mən digər məsələləri kənara qoyub, yalnız diplom tanınması ilə bağlı olan dəqiq rəqəmi nəzərinizə çatdırıram. 53 qərardan 50-si məhz Təhsil Nazirliyinin xeyrinə olub. Digərlərindən 2-si barışıqla, 1-i isə vətəndaşın xeyrinə qərar çıxardıb. Beləliklə, 53 şikayətdən cəmi 1 vətəndaş haqlıdır? Azərbaycan Respublikasının Konsitutsiyasında hər bir vətəndaşın təhsil alma hüququna malik olduğu vurğulanıb, amma əksini görürük. Davam edən məhkəmə çəkişmələrində birinci instansiya məhz vətəndaşın xeyrinə qərar verib. Hətta Aliverici orqan olan Ali Məhkəmə appelasiyanın qərarını ləğv edib, işə təkrar baxıb, ədalətli qərar çıxarmasını tələb edib. Burada haqlı, yerində yaranmış suala kim cavab verəcək? Təhsil Nazirliyinin appelasiyaya təyziq etdiyi, qarşılıqlı cavab aldığı açıq-aşkar görsənir". Orxan Məmmədlinin sözlərinə görə, diplomunun tanınması üçün Təhsil Nazirliyi ondan 7000 AZN rüşvət tələb edib: "Ümumilikdə Təhsil Nazirliyinin Appelasiya Məhkəməsində aparılan 100 % işdən 95 % məhz nazirliyin xeyrinə həll olunur. Bu ölkədə vətəndaş haqlı ola bilməz? Təbii ki ola bilər. Appelasiya da digər ədalətli məhkəmə orqanları kimi düzgün qərar çıxararsa. Digər faktlar da var, ehtiyac olsa onları da açıqlayacam. Bu arada 03.10.2017 Appelasiya Məhkəməsinin məhz bununla bağlı yekun qərarı keçiriləcək. Hər bir KİV nümayəndəsini bu iclasa dəvət edirəm. Gəlin "ədalət"i birgə seyr edək. Xatırladım ki, 2016-ci ilin başlanğıcında Təhsil Nazirliyinə diplomumu tanıması ilə bağlı müraciət etdim və rüşvət qalmaqalına düşdüm. Nazirliyin əməkdaşı diplomu təsdiq etmək üçün, endirimli qiymətlə məndən 7 min AZN tələb etmişdi. Nazirliyin başında oturanlardan bir neçəsi isə özünü qanun sayıb, vətəndaşın hüququnu tapdalamqla yanaşı, alçaltmağa da cəhd etmişdi".

Diplomunun tanınması üçün məhkəməyə müraciət etdi

Mövzu ilə əlaqədar Təhsil Nazirliyi ilə Apellyasiya məhkəməsinə müraciət etdik. Lakin hər iki qurumdan zəngimizə cavab verən olmadı. Sözügedən problemlə bağlı üzrə ekspert Nadir İsrafilovun mövqeyini öyrəndik. Ekspert bildirdi ki, bu problem uzun müddətdir var, ancaq heç kim onun həllində maraqlı deyil: "Xaricdə təhsil məsələsi ilə bağlı belə şikayətlər xeylidir. Bu məsələ ilə bağlı yaranmış bütün problemlər artıq öz həllini tapmalı idi və qısa müddətdə mütləq bu problemləri həll etmək lazımdır. Çünki 2001-ci ildə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı Ümumilli Liderimiz Heydər Əliyev qanun layihəsini təsdiq edib. Ancaq buna baxmayaraq bu problem hələ də qalıb. Digər tərəfdən baxanda bu problemin başlıca səbəblərindən biri dövlət xətti ilə deyil də, müxtəlif təşkilatların köməyi ilə həmin universitetlərə qəbul olmaqdır. Dövlət də bildirir ki, biz o universitetləri tanımırıq və verdikləri diplomları qəbul etmirik. Dövlət xətti ilə getdikdə bu problemlər olmurdu. Daha sonra xaricdə təhsil proqramı yığışdırıldığı üçün artıq insanlar məcbur qalıb o şirkətlərə daha çox üz tutmağa başladılar." N. İsrafilovun sözlərinə görə, Təhsil Nazirliyi məsələnin həlli üçün yalnız hansı universitetlərin diplomları tanınır, onların siyahısını dərc edib: "Təhsil Nazirliyi hazırda ölkəmizdə tanınan universitetlərin siyahısını dərc edib. Artıq bundan sonra insanların məlumatı olacaq hansı universitetləri seçə bilərlər, hansılarını yox. Lakin təəssüflər olsun ki, bu vaxta kimi bu siyahı olmadığı üçün belə xoşagəlməz hallar yaşandı və yaşanmağa davam edir. Bu siyahı dərc olunmamışdan əvvəl qəbul olub bitirən gənclərin sayı çoxdur və əksəriyyəti hələ də diplomlarının tanınmasına nail ola bilməyib".
PrimeTime.az

Geri qayıt