Əsas Səhifə > Sosial, Manşet > Xarici donorların Azərbaycan QHT-lərinə ayırdığı gizli və aşkar qrantlar
Xarici donorların Azərbaycan QHT-lərinə ayırdığı gizli və aşkar qrantlar11-10-2017, 09:14 |
Xarici donorlar uzun müddətdir Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük həcmlərdə qrantlar ayırır, müxtəlif QHT-lərin layihələrini dəstəkləyirlər. Maraqlıdır, hazırda xarici donorlarla bağlı reallıq nədir? Qeyri-hökumət təşkilatları donorlarla necə işləyir? Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, xarici donorlarla işləyən qeyri-hökumət təşkilatlarını bir neçə qrupa bölmək olar: “Birinci qrup leqal şəraitdə işləyənlərdir. Məsələn, Avropa İttifaqı böyük donordur və iki istiqamətdə, yəni sosial sahənin inkişafı və təhsil sahəsində Azərbaycan hökuməti ilə müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən, onlar qrant müsabiqəsi elan etdilər və müsabiqədə vətəndaş cəmiyyəti iştirak etdi. Düzdür, burada daha çox beynəlxalq qeyri-hökumət təşkilatları həmin qrantların sahibi oldular. Yeri gəlmişkən, bu da bir problemdir. Bəzi hallarda Azərbaycan üçün olan qrantlarda beynəlxalq qeyri-hökumət təşkilatları iştirak edir və çox asanlıqla bu qrantlara sahib olurlar. Çünki onların təcrübələri daha böyükdür. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bu proseslərdə üstünlük yerli qeyri-hökumət təşkilatlarına verilməlidir. Təəssüf ki, bəzi hallarda elə şərait yaradılır ki, beynəlxalq qeyri-hökumət təşkilatları uğur qazanırlar. Halbuki? Azərbaycanın qeyri-hökumət təşkilatları da ciddi layihələr təklif etmişdilər”. Ə.Nuriyev xarici donorlarla işləyən qeyri-hökumət təşkilatlarının digər formalarından da söz açıb: “İkinci başqa istiqamət yenə də leqal formadır. Ayrı-ayrı beynəlxalq donorlar, hətta səfirliklər qeyri-hökumət təşkilatları ilə xidməti müqavilələr imzalayırlar. Xidməti müqavilə imzalayan donorların Azərbaycanda filial və nümayəndəlik yaratmasına ehtiyac yoxdur. Bu baxımdan qeyri-hökumət təşkilatları istənilən donora birbaşa müraciət edib, qrant almaq imkanlarına malikdir. Başqa leqal istiqamətlərdən biri də odur ki, bir çox qeyri-hökumət təşkilatlarının nümayəndələri fiziki şəxs olaraq donorlarla müqavilə imzalayır və qrant ala bilir. Eyni zamanda, əvvəllər qanunvericilik publik hüquqi şəxslərə, həmçinin təhsil müəssisələrinə imkan vermirdi ki, onlar qrant ala bilsinlər. Amma qanunvericilikdəki dəyişiklikdən sonra onlar birbaşa qrant almaq hüququ əldə etdilər. Düşünürəm ki, bu dəyişikliklər qeyri-hökumət təşkilatlarına da aid edilsə, daha yaxşı olar. Biz artıq bu istiqamətdə təkliflər hazırlamışıq. Digər tərəfdən qeyri-leqal formada qrantlar əldə edən qeyri-hökumət təşkilatları da var. Azərbaycanda bir çox qeyri-hökumət təşkilatları, onların səlahiyyətli nümayəndələri və ya ayrı-ayrı şəxslər xarici donorlardan birbaşa çox böyük vəsaitlər alırlar. Bunun da müxtəlif formaları var. Onlar qonşu ölkələrdə qeyri-hökumət təşkilatı yaradır və orada tez bir zamanda qeydiyyatdan keçirlər. Həmin təşkilatlar vasitəsilə qrant alırlar. İkinci tərəfi onlar birgə koorperasiyaya girib , məsələn, Gürcüstanın, Ukraynanın və digər bölgələrin qeyri-hökumət təşkilatları ilə tərəfdaş olaraq, bir layihədə iştirak edirlər”. Müsahibimiz qeyd edib ki, Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur: “Hətta bu vəsaitin 1 milyondan çox olduğunu da bilirik. Amma onun kimlərə verildiyi məlum deyil. Bu baxımdan deyə bilərik ki, qanunvericilikdə boşluq var. Bu gün bəzi donorlar Azərbaycana yönəlik milyonlarla vəsait ayrır. Amma onun çox kiçik hissəsi leqal yolla ölkəyə gəlir. Qalan vəsaitlər ya ayrı ayrı şəxslərə, onların xaricdə yaratdığı qeyri-hökumət təşkilatlarına, yaxud digər ölkələrin qeyri-hökumət təşkilatlarının hesabına yönləndirilir. Bilirsiniz, 2013-2014-cü ildə qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Bu, hər şeydən əvvəl bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərindəki qeyri-şəffaflıq və bəzi donorların yalnız müəyyən təşkilatlara donor verməsi ilə bağlı idi. Düzdür bu dəyişiklik işə yaradı. Amma hazırda ölkə maraqlarından çıxış edən vətəndaş cəmiyyəti üçün müəyyən çətinliklər var. Düşünürəm ki, Azərbaycanda QHT-lər haqqında qanunvericiliyi yenidən nəzərdən keçirmək lazımdır”. Geri qayıt |