Əsas Səhifə > Sosial, Manşet > Qaradağda şəhid adına sayğısızlıq

Qaradağda şəhid adına sayğısızlıq


14-10-2017, 12:40
Qaradağda şəhid adına sayğısızlıq
«Vaxtilə şəhidlərimizə ehtiram əlaməti olaraq qəsəbəmizdə kiçik bir abidə tikdik, ancaq indi qoruya bilmirik. Şəhid ailələrində elə bir maddi vəsait yoxdur ki, abidəni vaxtı-vaxtında təmir etdirsin. Yerli bələdiyyə və icra hakimiyyəti isə abidənin yanından sanki gözünü yumub keçir. Hər gün bir az da dağılan abidəyə tərəf baxan yoxdur. Axı bu abidə bizim yaxın, qanlı tariximizdir, onu qorumaq təkcə vətəndaşın, şəhid ailələrinin yox, həm də dövlətin borcudur». DİA.AZ bildirir ki, bunu Qaradağın Korgöz qəsəbəsinin sakini Əli Əliyev deyir.

Korgözlülər uzun illər yerli bələdiyyəyə və icra hakimiyyətinə qəsəbənin Qarabağ müharibəsində həlak olmuş gənclərinin xatirəsinə abidə tikmək üçün müraciət ediblər. Ancaq hər dəfə «pul yoxdur» cavabı alıblar. Nəhayət, həmin ailələr vəsaitlərini bir yerə qoymalı olublar. Onlar qəsəbənin müharibədə həlak olmuş gənclərinin xatirəsini elə qəsəbənin girişindəcə kiçik bir abidə inşa etməklə əbədiləşdirə biliblər. Ancaq abidənin daşları qopmaq üzrədir, döşəmə daşları isə artıq qopub.

Əli Əliyev: «3-4 il əvvəl özümüz tökülən daşları yeniləri ilə əvəzlədik, abidədə bəzi təmir işləri apardıq. Ancaq istəyirik ki, bu abidə dövlət səviyyəsində qurulsun, gələcək nəsillər üçün qorunub saxlansın».

Abidənin yaxınlığından qaz kəməri keçir. Ərazi baxımsız vəziyyətdədir. Sakinlər abidənin qəsəbənin başqa hissəsinə köçürülməsini istəyirlər. Onların deməsinə görə, təxminən 10 il əvvəl abidəyə yer ayrılması üçün müraciət edərkən, onlara məhz bu ərazi təklif olunub. Onlar da məcbur olub abidəni burada – qəsəbəyə gedən qaz kəmərinin beş addımlığında tikiblər.

Qəsəbə sakini Firudin Musayev deyir, yerli hökumət qurumlarından olsa, abidəni bir günün içərisində söküb yerə qoyarlar: «Qaradağda rüşvətdən verib restoran, şadlıq evləri, ticarət obyektləri, gözəllik salonları, TOPAZ, çayxana açsınlar, «gözün üstə qaşın var» deyən olmaz. Gəl ki, tariximizi əbədiləşdirən bir abidə üçün bir parça yer istə, az qala, tutub atsınlar səni içəri... Çünki tarixi abidə məmurlara gəlir gətirmir».

dia-az.life olaraq qarşı tərəfi dinləməyə hazırıq.

Qaradağda şəhid adına sayğısızlıq

Geri qayıt