Əsas Səhifə > Sosial, Manşet > Nazim İbrahimovun Novxanıdakı bağı satılıb

Nazim İbrahimovun Novxanıdakı bağı satılıb


27-10-2017, 09:35
Nazim İbrahimovun Novxanıdakı bağı satılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Novxanıdakı bağını 6 milyona satıb

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, komitə sədrinin bağı və villası məhkəmə qərarına əsasən satılıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov Beynəlxalq Banka olan kredit borcunu uzun müddətdir ki, ödəyə bilmədiyindən bank məhkəməyə müraciət edib. Məhkəmənin çıxardığı qərara əsasən isə Nazim İbrahimovun Novxanıdakı 2 hektarlıq ərazidə yerləşən villası satışa çıxarılıb və bu gün həmin villa satılıb.

Mənbə qeyd edir ki, Nazim İbrahimovun Novxanıdakı bağı 2 hektarı əhatə edir və bağda dünyanın ən nadir bitkiləri var. Bağdakı villa isə Novxanıda olan ən bahalı villalardan biri hesab olunur. Həmçinin bildirilir ki, bağ dəyərindən aşağı qiymətə satılıb. AzFakt.com-u məlumatlandıran mənbə villanın kimə satıldığını hələlik açıqlamasa da, qeyd edib ki, bu gün alqı-satqı işləri qanunləşdirilib və əldə olunan vəsait Beynəlxalq Bankdakı kreditin bağlanılmasına yönləndirilib.

Mənbə Nazim İbrahimovun Beynəlxalq Banka borcunun 6 milyondan bir neçə dəfə çox olduğunu vurğulayıb. Buna görə də yaxın günlərdə Beynəlxalq Bank tərəfindən Nazim İbrahimovun başqa mülklərinin də əlindən alınıb satışa çıxarılacağı istisna olunmur.

Nazim İbrahimovun Beynəlxalq Banka nə qədər borcu qalması və borcun nədən yaranması barədə əlavə məlumatı növbəti yazımızda oxucularımızın diqqətinə çatdıracağıq.

AzFakt.com daxil olan məlumatla bağlı Nazim İbrahimovun mövqeyini öyrənməyə cəhd eləsə də, buna nail ola bilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt