Əsas Səhifə > Sosial, Manşet > Nazirlik fermerlərin dadına yetəcəkmi?

Nazirlik fermerlərin dadına yetəcəkmi?


30-10-2017, 09:12
Nazirlik fermerlərin dadına yetəcəkmi?
Cəlilabad rayon Muğan, Söyüdlü və Maşlıq kənd sakinləri 2015-ci ildə satqıları kartofun pulunu onları aldadan Quba rayon sakini Alxasov Əflatun Əliheydər oğlundan indiyə kimi ala bilmirlər. Sakinlərin nümayəndəsi olan Əlihüseynov Oqtay Qulamhüseyn oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda ölkə başçısı prezident İlham Əliyevdən kömək istəyib.

Hörmətli cənab prezident!

Mən Əlihüseynov Oqtay Qulamhüseyn oğlu 1974-cü il Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm və üç övladım var. Şirkətdə çalışıram və bundan başqa kartof əkib becəririk. Bununla ailəmizi dolandırırıq. Amma elə olur ki, bizi aldadan dələduzlara qarşı müvafiq orqanlar tərəfindən tədbir görülməyəndə, haqqımız və zəhmətimiz tapdanır. 2015-ci ilin may ayında Quba rayon Zərdabi qəsəbə sakini Alxasov Əflatun Əliheydər oğlu kəndimizə gələrək kartof almaq istədiyini bildirdi. Bizə dedi ki, kartofunu alıram, amma pulunu kartofu Quba rayonuna apardıqdan sonra iki-üç günə gətirib verəcəm. Biz də Əflatun Alxasovun səmimiyyətinə inanıb ona aşağıda adları çəkilən kənd sakinləri ilə birlikdə kartof verdik.

Mən Əlihüseynov Oqtay Qulamhüseyn oğlu 1200 AZN
Əlihüseynov Mahir Əlihüseyn oğlu 1200 AZN
Şahbazov Yusif Şahbaz oğlu Şahbaz oğlu 500 AZN
Şahbazov Rasət Məmmədağa oğlu 400 AZN
Şahbazov Səyyad Məmmədağa oğlu 680 AZN
Dövlətov Dövlət Alim oğlu 450 AZN
Dövlətov Valeh Alim oğlu 450 AZN
Dövlətov Arif Kamran oğlu 1000 AZN
Əmənov Fikrət Həsənalı oğlu 1200 AZN
Qarayev İntiqam Mirzəxan oğlu 480 AZN
Rəhimov Zülfüqar Əzizağa oğlu 2150 AZN
Qaraşov Rövşən Dadaş oğlu 1000 AZN
Əliyev Həbib 1300 AZN
Balaşov Nəriman 460 AZN
Rəhimov Rafiq 500 AZN
Vahabov Hacı Həmzə oğlu 1900 AZN dəyərində kartofu həyətimizdən yığaraq Alxasov Əflatun Əliheydər oğluna verdik. Xatırladım ki, toplam borc 14870 manatdır. Bir həftə sonra biz Əflatun Alxasovla əlaqə saxladıq və o, bildirdi ki, kartof çürüdüyü üçün bizim pulumuzu verə bilməyəcək. Biz onda anladıq ki, Əflatun Alxasov dələduzdur və o, bizi aldadıb. Çünki biz əkdiyimiz kartofun keyfiyyətinə bələdik, Cəlilabaddan Qubaya aparılan kartof beş saatlıq yolda çürüyə bilməz. Bizim kartofumuzu hər il alıb Rusiya bazarlarına aparanlar var. Rusiya bazarına salamat gedib çıxan kartof, Quba rayonuna gedərkən necə çürüyə bilər?

Hörmətli cənab prezident!

Əflatun Alxasovun dələduzluğundan Daxili İşlər Nazirliyinə şikayət etdik. Bizi Cəlilabad rayon polis bölməsində qəbul edib Quba rayon polis bölməsinə getməyimizi məsləhət gördülər. Biz də bir neçə sakinlə Quba rayon polis bölməsinə getdik. Polis bölməsində izahatlarımız alındı. Əflatun Alxasov hələ orda üstümüzə hücum edərək pula görə rayona gəldiyimiz üçün bizimlə mübahisə etdi. O, polis bölməsində də etiraf etdi ki, biz kənd sakinlərindən kartof alıb. Yenə burda da kartofun çürüdüyünü iddia etdi. Polis bölməsində məlum oldu ki, Əflatun Alxasova Rusiyada yaşayan Xəyyam adlı dayısı 10 min manat pul yollayaraq kartof alıb ona yollamasını tapşırıb. Əflatun Alxasov da bizi aldadaraq kartofumuzu aparıb və dayısının ona verdiyi pulu da xərcləyib. Polis bölməsində dayısı Xəyyamla da görüşdük və o, bizə bildirdi ki, polisə şikayət edib nə əldə etdiniz? Görünür, hər iki şəxs Quba rayon polis bölməsində kimlərəsə arxalanaraq bu sözləri bizə deyirlər.

Quba polisi isə çox təəssüflər olsun ki, bir kəndin 16 nəfər təsərrüfatçısını aldadan Əflatun Alxasovun dələduzluğunu mülki iddia kimi qəbul edərək, onu nə həbs etdi, nə də haqqında cinayət işi açdı.
Qubada Əflatun Alxasovun valideynləri və özü bizə bildirdilər ki, onlar pulu bizə qaytaracaqlar. Sonradan isə onlar verdikləri sözə dönük çıxaraq bizə dedilər ki, gedin kimə şikayət edirsiniz edin. Pulunuzu vermirik.

Hörmətli cənab prezident!

Son ümid kimi Sizdən kömək istəyirik. İki ildir ki, açmadığımız qapı yoxdur. Lakin heç bir tədbir görülmür. Əgər kartofumuz çürümüşdüsə Əflatun Alxasov vaxtında çürük kartofumuzu geri qaytarardı. Biz əkdiyimiz məhsulun keyfiyyətinə bələdik. Cəlilabaddan Qubaya aparılan kartof yolda çürüyə bilməzdi. Bilirik ki, bütün bunlar Əflatun Alxasovun öncədən fikirləşib qurduğu saxta planlardır. Xahiş edirik min bir zəhmətlə əkib-becərdiyimiz kartofumuzun pulunu Alxasov Əflatun Əliheydər oğlundan alınıb bizə verilməsi üçün müvafiq qurumlara göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən Sizə özüm və kənd sakinlərimiz adından təşəkkür edirik.

Geri qayıt