Əsas Səhifə > Sosial, Manşet > "Akkord"un Rusiyadakı nümayəndəsi fəhlələri necə aldadıb

"Akkord"un Rusiyadakı nümayəndəsi fəhlələri necə aldadıb


1-11-2017, 09:47
"Akkord"un Rusiyadakı nümayəndəsi fəhlələri necə aldadıb
39 nəfər azərbaycanlı usta iddia edir ki, Rusiyada azərbaycanlı iş adamı və oğullarının dələduzluq əməlləri ilə qarşılaşıblar. Bu haqda Hurriyyet.org-a məlumat verən Eldəniz Yusifoğlu bildirib. Onun sözlərinə görə, iş adamı Cümşüd Musayev və oğulları Rahib və Elvin Musayevlər 39 nəfər ustanı aldadaraq Rusiyaya işləməyə çağırıb. Ustalar borc tapıb, yol pulu edib Moskvaya gediblər. Onları Moskvadan 30 kilometr kənarda Odincovo rayonu Mitkino kəndində meşə zolağında yerləşən tikinti ərazisinə aparıblar. 15 gün işlədikdən sonra pul tələb etsələr də, onlara pul verilməyib. Nəticədə, ustalar pul almadıqlarına görə işlərini dayandırıb. Bu zaman isə təzyiqlərə məruz qalıblar. Onlara “OMON” və reketlə hədə-qorxu gəlib, işlərini davam etdirməyi tələb ediblər:

“Elvin və Rahib öz mühafizəçilərinin iştirakıyla ustaların bir neçəsini döyüb, onlara xəsarət yetiriblər və ağır söyünclərlə təhqir ediblər. Bizə bildirdilər ki, bura kriminal Rusiyadır, sizi öldürüb qanınızı batırarıq. Qardaşlardan Elvin Musayev dəfələrlə tikinti yerinə gəlib ustaların üzərinə “pistolet” tutub və “o yan-bu yan edəni yerindəcə güllələyəcəyəm” deyib. Ustaların üstünə idmançı ruslardan mühafizə qoyublar ki, məcbur olub işləsinlər. Ustalar deyir ki, biz özümüzü düşmən dustağındakı kimi hiss edirdik. Çox qorxurduq. Hətta iş bitəndən sonra bizi öldürüb meşədə basdıra bilərlər - fikirləri hər an bizi qorxuda saxlayırdı. Biz yalvarırdıq ki, ailəmiz, uşağımız var, bizi öldürməyin, nə istəsəniz edərik. Sonra bir neçə usta gecəylə pəncərədən düşüb qaça bildi. Meşəylə gəlib yola çıxıblar.

İş qurtarandan sonra ustaları buraxıblar, heç yol pulu da verməyiblər. Ustalar deyir ki, öz millətimizin nümayəndələri tərəfindən belə bir vəziyyətə düşəcəyimizə inanmazdıq. Erməni bizə bunu etməzdi, özümüzünkülər etdi. Orada başqa millətlərdən olan ustalar bizə bildirdilər ki, onlarda 3 aydan çoxdur işləsələr də pullarını ala bilmirlər. Bu işlərin başında “AKKORD” şirkətinin Rusiyadakı prezidenti İlqar Hacıyev adlı şəxs durur. Deyilənə görə, İlqar Hacıyev əvvəllər “AKKORD”un Azərbaycanda prezidenti olub. Ustalar bildirir ki, özümüzə vəkil tutmuşuq, bu günlərdə ərizələri yığıb Baş prokurorluğa və ölkə başcısı cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırıq.

Rusiyanın Bakıdakı səfirliyinə və Rusiyada FSB-yə də rəsmi müraciət edəcəyik.

Ustalar bildirir ki, gördükləri iş kvadrata vurulsa, hər bir ustaya orta hesabla 2 000 manatdan 5 000 manatadək maddi zərər dəyməklə yanaşı, həm də mənəvi zərər dəyib. 3 ay çölün düzündə təzyiq və qorxu altında yarıac, yarıtox yaşayıblar. 150 min manat pul verəsidilər. Biz hüquqlarımızın bərpa olunması üçün sona qədər gedəcəyik.

Sonunda isə mətbuatı və hüquq mühafizə orqanlarını bizə kömək etməyə çağırırıq. Qarşıdan qış ayları gəlir və biz ailəmizə çörəyi necə alacağımızı bilmirik”.

Geri qayıt