Əsas Səhifə > Sosial, Manşet > Xaçmazda problem var...
Xaçmazda problem var...8-11-2017, 10:33 |
Hələ Sovetlər Birliyi dövründə Xaçmaz şəhərində Gəncəli kəndindən gələn ana işıq xəttində problemlər olub. Dövr keçib, Azərbaycan müstəqil dövlət də olub, Xaçmaz şəhər sakinlərinin sayı da artıb, küçələri də çoxalıb. Eşitdiyimizə görə hələ, bu ana xəttdən başqa kəndlər də istifadə edir. Problemsə düzəlmir ki, düzəlmir. Yaxşı yadımızdadır, “Azərişıq” ASC təsis edilməmişdən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrin birində “Azərenerji” rəhbərliyinə ciddi iradlar tutdu. Dövlət başçısı bildirdi ki, bəzi rayonlarda biraz külək əsən kimi işıqlar kəsilir. Vəziyyət həqiqətən də belə idi. Bundan sonra “Azərişıq” ASC yarandı. Hamı ümid edirdi ki, vəziyyət kökündən dəyişəcək. Ədalət naminə deyək ki, Xaçmaz rayonunun və şəhərin müəyyən yerlərində yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri basdırılıb. Bəzi problemlər qismən həll olunub. Amma Xaçmaz şəhərində harada nə dəyişirsə-dəyişsin, Sülh, İsrafil Məmmədov adına, Xudu Məmmədov adına, M. F. Axundzadə adına, Cəfər Əzizov adına və digər küçələrdə heç nə dəyişmir. Yay və yaxud qış olsun, fərqi yoxdur, hər gün işıqlar beş-altı dəfə sönür-yanır. Bu yay dəfələrlə Xaçmaz rayon elektrik şəbəkəsinə müraciət etmişik. Cavab veriblər ki, işıqların sönməsi təmir-bərpa işləri ilə əlaqədardır. Yaxşı, yayı dözdük. İndi qışın astanasındayıq. Yenə də eyni vəziyyətdir. Bəzən bütün gecəni işıq olmur. Adamı təəccüb bürüyür: Xaçmaz rayon elektrik şəbəkəsinin işçiləri geclərdəmi təmir-bərpa işləri ilə məşğul olurlar? Jurnalistlər olaraq bir məsələ də bizə maraqlıdır. Bu yenidənqurma işləri nə vaxt başa çatacaq və bunun üçün nə qədər vəsait ayrılıb? Bu yaxınlarda “Azərişıq” bir açıqlama yaydı. Orada deyilirdi ki, elektrik enerjisi haqqını ödəməyənlərin işıqları dərhal kəsiləcək. Yaxşı, bunu başa düşdük. İşıq yandırmısansa pulunu da ödəməlisən. Bəs “Azərişığ”ın ucbatından xarab olan elektrik cihazlarının haqqını kim ödəyəcək? Külək əsməyəndə də kəsilən işıqlara görə cavabdehlik daşıyan tapılacaqmı? Axı insanların əsəbləri ilə nə qədər oynamaq olar? Bəlkə “Azərişıq” ASC-nin Xaçmaz rayon elektrik şəbəkəsinin rəhbərliyi istəyir ki, insanlar küçələrə çıxsınlar? İşıqlara da prezident cavab verməlidir? Xaçmazda tez-tez dəyişən rəislər söz verirlər ki, problemləri yoluna qoyacaqlar. Bəs nə vaxt? Məgər elektrik şəbəkəsi idarəsinin işi-peşəsi yalnız qapı-qapı gəzib pul yığmaqdan ibarətdir? Və yaxud yetim-yesirin işıqlarını kəsməkdən? Bilmirəm, aldığımız informasiya nə dərəcədə doğrudur, ya deyil, deyilənə görə, Nabrandakı bəzi villaların sahibləri enerji pulunu ödəmirlər. Elə imkanlılar da var ki, pulları olsa da işıq pulunu vermirlər. Belələrinə gözün-üstə qaşın var deyən yoxdur. Amma qeyd etdiyim kimi, enerji pulu kasıb-kusubun boğazından çıxarılır. Vətəndaşları vaxtlı-vaxtında elektrik enerjisi ilə təmin etmək, onların qarşısında bir məsuliyyət hiss etmək heç kəsi düşündürmür. Xaçmaz rayon elektrik şəbəkəsi ilə bağlı başqa informasiyalarımız da var. Obyektiv səbəblərə görə, hələlik onları dərc etmirik. Bircə onu deyə bilərik ki, adıçəkilən qurumda dövlət vəsaitlərinin xərclənməsi ilə əlaqədar ciddi yoxlama aparılmalıdır. Yazdıqlarımıza bir aydınlıq gətirmək üçün Xaçmaz rayon elektrik şəbəkəsinin baş mühəndisi Famil Əliyevlə telefon əlaqəsi saxladıq. İdarənin rəsmisi yuxarıda adıçəkilən küçələrdə işıqların tez-tez yanıb-sönməsi ilə əlaqədar dedi: “Bir-iki yerdə iş görülür. Tutaq ki, 9 nömrəli məktəb tərəfdə RİH-in xətti ilə ağaclar kəsiblər. Bir dəfə ona görə söndürüblər. Bizim uşaqlar kabelləşmə işləri görürlər, ona görə yandırıb-söndürürlər. Mən şəbəkənin baş mühəndisiyəm, ən düz sözü də hər halda mən deyərəm. Konkret olaraq təmirlə bağlıdır, qəza ilə yox”(Söhbət işıqların sönməsindən gedir-red). Baş mühəndis Gəncəli xətti ilə bağlı problemə belə aydınlıq gətirdi. “Transformatorlar təzələnir, axıra qədər dəyişməsə qüsurlar və qəzalar hələ də olacaq.Sırağagün yağış yağmışdı, qəza ilə bağlı idi. Dünən, bu gün təmir. Düz deyirsiniz, “Gəncəli xətti” vaxtilə qısa xətt olub. Sonra Niyazabad yolu, Qobuqırağına da birləşib. Əhalinin sayı artdıqca qeyri-standart çəkib aparırlar. Biz də istəyirik ki, normal şəbəkə qurulsun. İnşallah, bu mütləq olacaq”. Cənab F. Əliyevin dediklərini demək olar ki, olduğu kimi verdik. Baş mühəndis “Gəncəli xətti” ilə bağlı problemlərin mövcudluğunu təsdiqlədi. Lakin yenidən qurma işlərinə və əhalinin narazılığına nə vaxt son qoyulacağından konkret heç nə demədi. Onu da qeyd edək ki, əvvəlki illərdə də bu məsələnin həll ediləcəyinə söz veriblər. Biz cənab Əliyevin səmimiyyətinə inanmaq istərdik. Lakin qış yaxınlaşdıqca sözügedən ərazilərdə problemlər də çoxalır. Xaçmaz rayon elektrik şəbəkəsinin rəisi Ramil Məmmədovsa tələsənə oxşamır. Amma idarə rəhbərləri bilməlidirlər ki, sakinlər vəziyyətin eyni qalacağı təqdirdə bu qışı əvvəlki illərdə olduğu kimi sakit qarşılamayacaqlar. Bizə edilən zənglər buna sübutdur. Onda haqlı kütləvi narazılığın bütün məsuliyyəti Xaçmaz rayon elektrik şəbəkəsi rəhbərliyinin üzərinə düşəcək. “Şimal xəbərləri” Geri qayıt |