Əsas Səhifə > Sosial, Manşet > Sayğac hər dəfə 2 manatlıq qazı silir

Sayğac hər dəfə 2 manatlıq qazı silir


11-11-2017, 10:22
Sayğac hər dəfə 2 manatlıq qazı silir
Məhəmmədi yeni bağlar yaşayış massivinin sakini, şikayətçi Ülvi Həsənov "milliön" vasitəsilə smart kartına 10 manat yükləsə də, kartındakı vəsait silinib.

Cebhe.info-ya müraciət edən şikayətçi bildirib ki, kartı sayğaca yaxınlaşdıraraq, yükləmə prosesini həyata keçirtdikdə balansdan iki manat vəsait silinib. Ü.Həsənovun sözlərinə görə artıq ikinci dəfədir ki, bu problemlə qarşılaşıb. Bununla əlaqədar dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinin qaynar xəttinə şikayətlərini yönəltsə də, problemin nədən qaynaqlandığı haqda heç bir məlumat ala bilməyib.

Bundan başqa şikayətçinin sözlərinə görə, bir neçə aydır ki, qeydolunan ərazidə "mavi yanacağ"ın verilişi azalıb, bəzən günlərlə qaz verilmir.

Maraqlıdır, hansı hallarda abunəçinin kartındakı balansdan vəsait silinə bilər?

“Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O bildirib ki, bu cür hallar müşahidə edilərsə, ASAN Kommunal xidmətinə müraciət edilməlidir:

“ASAN Kommunalda qüsurlu ödənişlərin bərpası həyata keçirilir. Yaranan bu cür problemlərlə əlaqədar olaraq vətəndaş şəxsiyyət vəsiqəsi və smart kartla ASAN kommunala müraciət edərək şikayətini bildirməlidir. Burada məbləğin çıxılmasının səbəbləri aydınlaşdırılır. Səbəblər araşdırılır, abonentə yekun məlumatlar verilir. O cümlədən, abonentin baza məlumatı ona təqdim olunur. Bu baza məlumatında ay və il ərzində nə qədər vəsiat xərclənməsi, nə qədər istehlakın olması haqda məlumat verilir”.

İ.Kərbalayevin sözlərinə görə bu vaxtadək sayğaclarda vəsaitin silinməsi ilə əlaqədar olaraq texniki problemin yaranması müşahidə edilməyib: “Abonent kredit götürmüş ola bilər, limiti keçə bilər. Məhz bu səbəbdən də müəyyən problemlər yarana bilər”.

İ.Kərbalayev həmçinin mavi yanacağın zəif olmasına da münasibət bildirib: “Bunun üçün qaynar xəttə müraciət edilməlidir. Yaranan problem fərdi də ola bilər”.

Geri qayıt