Əsas Səhifə > Sosial, Manşet > "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC və dövlətin milyonları...
"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC və dövlətin milyonları...13-11-2017, 09:08 |
Ötən ilin oktyabr ayının 27-də kənd təsərrüfatı məhsullarının istehsalını, emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyev sərəncam imzaladı. Maddi və texniki bazası qısa zamanda müasir tələblərə uyğun təşkil olunan "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaranmasından bir il keçməyinə baxmayaraq fəaliyyəti hələ ki, hiss olunmur. Qlobal.az-ın əldə etdiyi məlumata görə, bu ilin iyul ayından start verdiyi "Gəzər bazar" proyektinin iqtisadi baxımdan uğursuzluğunu nəzərə ala bilməyən "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC demək olar ki, fermerlərin və hökumətin ümidlərini doğrultmadı. Nəzərə çatdıraq ki, ASC-nin "Gəzər bazar" proyekti qeyd olunan loqo altında səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsulları yarmarkalara çıxararaq istehlakçılara satmağı planlamışdı. İlkin mərhələ olaraq cari ilin iyul ayının 30-da 6 ədəd yük maşını ilə 30 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulu Bakı və Sumqayıt şəhərlərində, 5 satış nöqtəsində alıcılara təklif olundu. Ancaq təklif olunan məhsulların marketlər və bazarlardakı qiymətlərlə ciddi formada fərqlənməməsi, bəzi məhsulların isə bazarlardakına nisbətən keyfiyyətsiz olması alıcıları narazı saldı. "Gəzər bazar"da eyniadlı məhsulun təklif olunan qiyməti ilə təsərrüfat bazarlarında olan qiymət arasında ən yaxşı halda təxminən 20 faiz fəırq var idi ki, bu da alıcıları qane etmirdi. "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin fəaliyyətsizliyindən ən çox əzaiyyət çəkənlər isə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Lənkəran, Astara, Masallı, Cəlilabad və Göyçay rayonlarında fəaliyyət göstərən fermerlərdi. Bu fermerlərin əsas problemi isə meyvə və tərəvəzlərin saxlanma şəraitinin olmamasıdır. Qlobal.az-a verilən məlumata görə, Astara və Lənkəran fermerlərinin bu il tonlarla feyxoası məhv olmaq təhlükəsi ilə üz-üzədir. Ağdam və Ağcabədidə də eyni hal yaşanır. Belə ki, Ergi və Haramı ərazilərində əkilən soğan sahələri ötən ilki ilə müqayisədə xeyli az əkilib. Buna səbəb isə məhsulun vaxtında bazara çıxarılmasına müvafiq təşkilatların yetərli şərait yarada bilməməsi, saxlama bazalarının isə az və qiymətlərin baha olmasıdır. Fermerlərin acınacaqlı durumu ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, mövcud problemin həll oluna bilməməsinin digər səbəbi isə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin fəaliyyətsizliyidir. Belə ki, bu elmi mərkəzin fəaliyyəti müşahidələrə və reallığa əsasən müasir tələblərə uyğun deyil. Mərkəz hələ də keçmiş SSRİ dönəmindəki kimi zamanı ciddi nəticəsi olmayan elmi-praktik seminarlara, konfranslara xərcləyir. Mərkəzin apardığı əməkdaşlıqlar, təcrübə mübadilələri və layihələrdən isə çoxsaylı fermerlər məlumatsızdır. Xatırladaq ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin maliyyə hesabatları haqqında da müəyyən mənfi məlumatlar dolaşmaqdadı. Belə ki, cəmiyyətin bağladığı müqavilələrdə və keçirdiyi tenderlərdə şəffaflığın tam təmin olunmadığı iddia olunur. Məlumata görə, ciddi fəaliyyəti hiss olunmayan ASC-nin politen paketlərin alınması üçün keçirilən tenderlərdə müəyyən şübhələr var. Qlobal.Az iddia olunan xəbər barədə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC ilə əlaqə saxladı. ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli adıçəkilən tenderin biznes sirri olduğunu və bu barədə heç bir məlumat verə bilməyəcəklərini dedi. Geri qayıt |