Əsas Səhifə > Sosial, Manşet > Hilal Əsədovun həbsdən qurtulmasının ilginc səbəbi...

Hilal Əsədovun həbsdən qurtulmasının ilginc səbəbi...


30-11-2017, 09:05
Hilal Əsədovun həbsdən qurtulmasının ilginc səbəbi...
Eldar Mahmudovun işdən çıxarılması, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğvindən sonra istintaqdan kənarda qalmağı bacaranlardan biri də Hilal Əsədov oldu. Uzun illər E.Mahmudovun müavini olmuş general H.Əsədov “MTN işi”nin əsas fiqurantlarından hesab edilsə də, hələ ki özünü qoruya bilir.

2015-ci ilin oktyabrında MTN-də başladılan qəfil əməliyyatlardan sonra H.Əsədovun ətrafında yaranan müəmmalı durum bu gün də davam etməkdədir. 2 ildən artıqdır ki, Eldar Mahmudovun müavini “MTN işi”ndə kənar gəzməyi bacarır. Halbuki onun adı “8-ci kilometr” bazarı kimi tanınan iri ticarət obyektinin, “Karvansaray” ticarət mərkəzinin yağmalanmasında birbaşa rol alan şəxs kimi keçir. Bir müddət əvvəl H.Əsədov “8-ci kilometr” bazarının yağmalanması epizodu üzrə ifadə vermişdi. Həmin vaxt məhkəmədə özü haqda məlumat verərkən bunları bidirmişdi: “Azərbaycanda fəaliyyətimə 1984-cü ildə başlamışam. Ondan əvvəl Orta Asiyada yaşayırdım, Tacikistanda fəaliyyət göstərirdim. 1984-cü ildə Bakıya köçdüm və Nərimanov rayonunda fəaliyyətə başladım. 16-cı bölmədə rəis vəzifəsinə qədər yüksəldim. Daha sonra Razin (Bakıxanov) qəsəbəsində 5-ci bölmədə rəis işlədim. 90-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin tərkibində Bakıda regional idarə yaranmışdı. O idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili təyin olundum. Bundan sonra sovet hakimiyyəti dağıldı və cəbhəçilər hakimiyyətə gəldi. Bir müddət işsiz qaldım. Sonralar Narkotiklərlə Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili, daha sonra isə şöbə rəisi vəzifəsində işlədim. Bundan sonra Nərimanova rəis təyin olundum və hardasa 1994-cü ilin sonlarında bəzi obyektiv və subyektiv səbəblər üzündən işdən çıxdım. Bundan sonra Bakı şəhəri üzrə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini və rəis vəzifələrində işlədim. 2004-cü ildə MTN-də fəaliyyətə başladım - əvvəl idarə rəisi, sonra isə nazir müavini. Milli Təhlükəsizlik Nazirliyində iki istiqaməti kurasiya edirdim - əks-kəşfiyyat və beynəlxalq terrorizm, ekstremizm və separatçılıq istiqamətlərini”.

H.Əsədov iri ticarət obyektini rəhbərinin razılığı, iş yoldaşı Akif Çovdarovun təklifi ilə satın aldığını iddia etmişdi. Bazarın sahiblərindən olan Cəfər Səfərov isə deyirdi ki, onları MTN-ə aparıb döyüb işgəncə veriblər, təzyiq altında, zor gücünə bazarı əllərindən alaraq Hilal Əsədovla Akif Çovdarov aralarında bölüblər. Maraqlıdır ki, “MTN işi” başlayandan sonra Akif Çovdarova qarşı sərgilənən münasibət H.Əsədova olmadı. Eldar Mahmudovun “vurulması” ilə paralel MTN-də başlayan əməliyyat 2 ildən bir qədər də artıq müddət ötəndən sonra Eldar Mahmudovun özünə də çatdı. Amma Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, məhz onun tərəfindən MTN-ə cəlb olunan və yüksək vəzifələrə irəli çəkilən, bu illər ərzində törədilən ən müxtəlif qanunsuzluqlarda bilavasitə iştirakı şübhə doğurmayan Hilal Əsədov hələ də toxunulmaz fiqur olaraq qalmaqdadır. Halbuki H.Əsədovun adı həmişə Akif Çovdarovla qoşa çəkilib və MTN-də baş verənlərlə bağlı açıqlanan faktlarda onun adı keçir. “Karvansaray” ticarət mərkəzinin bütövlükdə sahiblərinin əlindən alınması əməliyyatında Hilal Əsədovun adı qırmızı xətlə keçir. 2012-ci ilə kimi “Karvansaray” ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu “Yeni Müsavat”a açıqlamasında demişdi ki, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb.

Sitat: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi...”

Akif Çovdarov artıq həbsdədir, lakin onun çoxillik “iş ortağı” Hilal Əsədov isə hələ də istintaqa belə cəlb edilməyib.

MTN-dəki məlum yoxlamalardan sonra Hilal Əsədov müəmmasına aydınlıq gətirən bəzi məlumatlar vardı. İddia edilirdi ki, Hilal Əsədov yeni rəhbərlik və istintaq tərəfi ilə əməkdaşlıq yolunu tutduğuna görə məsuliyyətdən kənardadır. İddialar var ki, E.Mahmudovun müavini MTN qalmaqalından 3 ay öncə müəyyən dairələrlə əməkdaşlığa başlayıbmış. Bu “gedişi” onu məsuliyyətdən tam azad etməsə də, müəyyən qədər münasibəti yumşaldıb. Bununla belə, Hilal Əsədov müəmması aktuallığını saxlayır.
\\musavat.com\\
Geri qayıt