Əsas Səhifə > Sosial, Manşet > 50-dən çox sakindən akademiyanın rəhbərliyinə qarşı sərt ittihamlar...
50-dən çox sakindən akademiyanın rəhbərliyinə qarşı sərt ittihamlar...23-12-2017, 10:39 |
Alimlər üçün tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi arasında gərginlik aylardır ki, səngimir. Sakinlər AMEA-nın Rəyasət Heyətinin müvafiq göstərişi ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyasının qərarından narazıdırlar və onlar bununla əlaqədar daha öncə AMEA-nın qarşısında bir neçə dəfə aksiya da keçiriblər. Bu ilin iyun ayından başlanan mübahisələr hələ də davam edir. Bakı şəhər Yasamal rayonu Şərifzadə 12 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan 50-dən çox sakin “Yeni Müsavat”a müraciət edərək bildiriblər ki, onlar aylardır ki, haqsızlığa məruz qalırlar. Sakinlərin birgə müraciətində bildirilir: “Bu müddət ərzində hüquqları AMEA tərəfindən sərt şəkildə pozulmuş sakinlər, yəni bizlər AMEA rəhbərliyinin düşünülmüş şəkildə yaratdığı problemin həllini gözləsək də, hər addımda əsassız bəhanələrlə aldadılırıq. 20 ildən artıq müddətdir yuxarıda qeyd olunan ünvanda daimi qeydiyyatda olaraq yaşayan sakinlərin haqqında AMEA rəhbərliyi və onun ətrafındakı məsul şəxslər yaydıqları qeyri-ciddi, əsassız məlumatlarla, ədalətsizcəsinə həyata keçirdikləri qanunsuzluqlarını böyük cəhdlə ört-basdır etməyə çalışırlar. AMEA rəhbərliyi və mənzil komissiyasının ev bölgüsü zamanı rəhbər tutduğu kriteriyalar ədalətsiz olmaqla qeyri-müəyyən xarakter daşıyır. Hüquqları kütləvi şəkildə pozulmuş, yerə-göyə sığmayan haqsızlıqlarla üzləşən, ciddi mənəvi psixoloji zərbələrə məruz qalmış sakinlərin qarşısına qoyulan, heç bir idarəçiliyə sığmayan təklifləri ilə AMEA rəhbərliyi sanki uşaq başı aldadırmış kimi göstərdiyi qondarma diqqət ilə bizləri daha da hiddətləndirir. AMEA rəhbərliyi xeyli sayda insanın hüquqlarını pozaraq bu günə qədər yaranmış problemin həllinə biganə qalmaqla, qanunsuz olaraq mənzil bölgüsündən kənarda qalan həmin insanları dövlətdən narazı salmağa çalışır”. Sakinlər bildiriblər ki, rəhbərlik ciddi-cəhdlə Azərbaycan Respublikası qanunları tərəfindən qorunan müqavilə şərtlərini və şirkətlə sakinlər arasında aparılan razılıq iclasının protokolunu qətiyyətlə rədd edərək öz prinsiplərini daha üstün tutur: “Belə olan halda rəhbərlik Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında 20 ildən artıqdır ki, daimi qeydiyyatda olmaqla yaşayan 50-dən artıq ailənin mənzil haqlarını mənimsəyir. AMEA rəhbərliyi yaranmış münbit vəziyyətdən istifadə edib vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə, öz maraqlarını üstün tutaraq narazı sakinlərin hüquqlarını bilərəkdən pozur. AMEA rəhbərliyi qeyd olunan ünvanda yaşayan hüquqları pozulmuş sakinlərin problemlərini həll etmək əvəzinə, qəbul xatirinə qəbullar təşkil edərək yalançı vədlər verib zaman qazanmaq niyyəti güdür. Görünən odur ki AMEA rəhbərliyi heç bir problem həll etmək niyyətində deyil, əksinə olaraq, qondarma komissiyanın qərarı ilə mənzil almış bina sakinləri ilə mənzil hüquqlarında məhrum olunmuş sakinləri üz-üzə qoyaraq konflikt yaratmaqla məşğuldur. Butün bunlar ona hesablanmışdır ki, nə olur-olsun AMEA rəhbərliyi hər vəchlə öz maraqlarını üstün tutub yaranmış problemləri həll etməyəcək. Ona görə də biz sakinlər AMEA rəhbərliyinin təmsil olunduğu mənzil bölgüsü aparan komissiyanın obyektiv qərarlar qəbul edəcəyinə inanmırıq”. Sakinlər bildiriblər ki, bu məsələ ilə bağlı müvafiq qurumlara da müraciətlər ünvanlayıblar. Lakin hələ ki heç bir nəticəsi yoxdur. Səslənən ittihamlarla bağlı Mənzil Komissiyasının üzvü AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyevlə əlaqə saxladıq. S. Əliyev “Yeni Müsavat”a bildirdi ki, yataqxana sakinlərinin söylədikləri həqiqəti əks etdirmir: "Mən uzun illərdir, mənzil komissiyasının üzvüyəm, AMEA-da hər zaman bu məsələlərə ədalətlə baxılıb. Sözügedən məsələ ilə bağlı yataqxana sakinləri məhkəməyə müraciət edə bilərlər". “Yeni Müsavat” Geri qayıt |