Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov kimləri "vurdu"?

Mikayıl Cabbarov kimləri "vurdu"?


13-01-2018, 15:17
Mikayıl Cabbarov kimləri "vurdu"?
Son günlər dövlət qurumlarında müşahidə edilən kadr dəyişiklikləri cavabsız suallar yaradır. Yeni gələn rəhbər köhnədən qalan işçiləri azad edir, yerinə isə öz yaxın çevrəsini, güvəndiyi insanları gətirir. Məsələn, bu günlərdə Vergilər Nazirliyinin 64 işçisi işdən azad olunub. Yeni nazir Mikayıl Cabbarov onları öz kadrları ilə əvəzləyib. Rayon, şəhər icra hakimiyyətlərində də tez-tez bu cür olaylar yaşanır. Bir rayondan digərinə göndərilən icra başçısı “yaxın adamlarını” da özü ilə aparır. Bu ənənə artıq oturuşub və ola bilər ki, rəhbər şəxslər üçün müəyyən imkanlar yaradır.

Ancaq “etibarlı adamlar” prinsipi hər zaman və hər yerdə uğurlu ola bilməz. Xüsusən, peşəkarlıq tələb edən spesifik sahələrdə kadr islahatı, vəzifə dəyişmələri mütəxəssislər deyil, qeyri-mütəxəssislərə aid edilməlidir..

Məsələn, hansısa nazirlikdə, idarədə peşəkar İT mütəxəssisini dəyişməyə nə ehtiyac var ki? İşinin peşəkarı olan bir şəxs niyə əvəzlənməlidir?

Kadr islahatları elə aparılmalıdır ki, peşəkarlar, mütəxəssislər kənarda qalmasın. Xələfinin qohumlarını və ya yaxın adamlarını işdən uzaqlaşdırmaq isə başqa məsələdir.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət”ə açıqlamasında deyib ki, hökumətdə müstəşarlıq institutu olmalı və o, qurumlara nəzarət etməlidir:

“Yeni nazirin hansı əsaslarla o şəxsləri işdən çıxardığını demək çətindir. Ola bilər ki, əsaslı səbəblərdir və ya əksinə. Ehtimal oluna bilər ki, nazirliyin strukturu çox şişirdilib. Hər hansı hakimiyyət, nazir dəyişikliyi zamanı peşəkarların işinə zərər gəlməməlidir. Onlar peşəkar səviyyədə öz peşə borclarını yerinə yetirməlidirlər. Siyasi təyinatlı vəzifələr - nazir, müavinləri, bir sözlə, prezidentin sərəncamında olan vəzifələrin dəyişməsi normaldır və əslində belə də olmalıdır.

Təəssüf ki, Azərbaycanda kadr potensialı qohumluq, yerliçilik, şəxsi sədaqət prinsiplərinə söykənir. İstisna deyil ki, işdən kənarlaşdırılan şəxslər keçmiş nazirin məhz bu kriteriyalar üzrə işə qəbul etdikləridir”.

Geri qayıt