Əsas Səhifə > Sosial, Manşet > Sığorta bazarı boşalır:

Sığorta bazarı boşalır:


22-01-2018, 09:32
Sığorta bazarı boşalır:
Devalvasiyadan sonra bank sektoru ilə yanaşı, sığorta bazarı da ağır vəziyyətlə üz-üzə qaldı. Bəzi şirkətlər yaranan böhrana tab gətirməyib, bazarı tərk etdi. 2017-ci ilin hesabatlarında da bəzi sığorta şirkətlərinin fəaliyyətinin heç də olmadığı açıq şəkildə görünür. 2017-ci ili zərərlə başa vuran sığorta sirkətlərinin növbəti ildə hansı əsaslarla fəaliyyət göstərəcəyi isə sual altındadır.

Qeyd edək ki, bu günə qədər bir çox sığorta şirkəti fəaliyyətini dayandırdı ki, bunlardan bir neçəsi məhz bağlanan bankların tərkibində yaradılmış qurumlar idi.Məlumdur ki, bu gün bazarda sığorta şirkətlərinin əksəriyyətnin təsisçisi məhz bank rəhbərləridir.Bankların vəziyyətinin ağır olduğu bir durumda, sığorta şirkətlərinin böhrandan çıxması da çətin görünür.Ekspertlər də yaxın günlərdə bir neçə sığorta şirkətinin bağlanacağını və ya birləşəcəyini deyirlər. Qeyd edək ki, ili ən çox zərərlə başa vuran sığorta şirkəti də məhz eyniadlı bankın təsisçiliyi ilə yaradılan “Amrahsığorta”dır. Bu sığorta şirkətinin yığımları 2016-cı ilə nisbətən 65 faiz azalıb.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə şərhində bəzi sığorta şirkətlərində likvidiklik problemi olduğunu deyib:

“Maraqlı məqam odur ki, 2017-ci ilin statistikası nikbindir. Çünki bir neçə ildir ki, sığorta bazarının ümumi həcmi 500 milyon manat civarında idi. Ancaq bu il bu rəqəm 556 milyon olub. Sevindirici hal ondan ibarətdir ki, bu artım yalnız icbari sığortaların hesabına deyil.Könüllü sığorta növlərində də artımlar var. Yəni, sığorta bazarında gedən dinamika müsbətdir.Amma bəzi şirkətlərin, xüsusilə də son yerlərdə olan sığorta şirkətlərinin yığım və xərclərinə baxanda görünür ki, onlarda likvidiklik problemi var. Bir çoxunun kapital problemi var. Yəni, bir neçə sığorta şirkəti var ki, onların məcmu kapitalı çatışmır.Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ən qısa zamanda məcmu kapitalın artırılması ilə bağlı onların bir neçəsinin qarşısında tələb qoyub.Bəzilərində isə sığorta ödənişləri çoxdur.Problem ondadır ki, yığımlar azdır, ödənişlər isə yüksəkdir.Yəni, yığılan vəsait ödənişləri qarşılamağa imkan vermir.Ona görə də hamısında olmasa da, bir neçə sığorta şirkətində bu likvidiklik problemi yarada bilər və yaradacaq. Ancaq ümumilikdə baxanda sığorta bazarında inkişaf hiss olunur. Məsələn, kənd təsərrüfatında risklərin sığortalanmasında, heyvanların, bitkilərin sığortalanmasında tərpəniş var. Avtomobil sığortasında, xüsusilə, də kasko sığortada az da olsa, artım görünür. İcbari sığortada 10 milyona yaxın artım var. Əsas odur ki, sığorta bazarında geriləmə yoxdur”.

Xəyal Məmmədxanlı hesab edir ki, likvidiklik problemi olan sığorta şirkətlərinin bazarı tərk etmək ehtimalı yüksəkdir:

“Doğrudur, sığorta bazarında artıq sağlamlaşma gedib və şirkətlərin sayı 20-yə qədər azalıb. Ancaq daha 5 şirkətdə ciddi problemlər yarana bilər. Əgər həmin şirkətlər birləşsələr və ya təsisçi tərəfindən onlara əlavə vəsait verilməsə, yəqin ki, bu da onların bağlanmasına, lisenziyalarının dayandırılmasına səbəb ola bilər”.

Geri qayıt